adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Sentyabr 2014 11:02
6980
MƏMLƏKƏT
A- A+

Gəncə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə hazırlaşır

Gəncə Şəhər İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq ölkə başçısı cənab İlham Əliyevin Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələrdən danışıb, ötən müddət ərzində bu istiqamətdə görülən işləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Sonra şəhərdə keçiriləcək yubiley tədbirləri ilə əlaqədar yaradılmış təşkilat komissiyasının sədri, AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyevin görülən işlər barədə məlumatı dinlənilib.

Bildirilib ki, Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadan və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Elə bu baxımdan onun yaradıcılığı dünya miqyasında öyrənilərək tədqiq edilib. Lakin respublika Prezidentinin müvafiq sərəncamı ilə bu il keçiriləcək 220 illik yubiley tədbirləri ərəfəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılıb və bu sahədə uğurlu addımlar atılıb. Yubiley tədbirlərinə hazırlıq işləri çərçivəsində şairin Vətəni Gəncədə də xeyli iş görülüb. Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanan 256 ədəd əlyazmasının surəti, həmçinin Mirzə Şəfi Vazehin Avropanın müxtəlif şəhərlərində saxlanan nəğmələrinin notları gətirilib, 11-dən artıq monoqrafiyası çap edilib.

Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, şəhər təhsil idarəsinin müdiri Zakir Hüseynov, mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev, şəhər reklam və dizayn şöbəsinin müdiri, əməkdar rəssam Şərif Şərifov və başqaları çıxış edərək yubiley tədbirləri ilə bağlı görülən işləri diqqətə çatdıraraq, qarşıda duran vəzifələrdən danışıblar. Bildirilmişdir ki, artıq xeyli vaxtdır ki, tədbirlər planına uyğun olaraq ali və orta ixtisas məktəblərində müxtəlif tədbirlər, o cümlədən Mirzə Şəfi Vazehə həsr olunan ədəbi-bədii gecələr keçirilib,şairin adına təqaüd təsis olunub, şeir, musiqi yarışmaları, həmçinin şagirdlər arasında inşa yazı müsabiqələri təşkil olunubdur və bu işlər indi də davam etdirilir.

Yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş çıxış edərək görülən işləri təhlil edib və qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib.

Yığıncaqda son vaxtlar yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılmasına qarşı fikirlər də səsləndirildi.Buna münasibət bildirən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dedi ki, yas mərasimləri İslam dininin qaydalarına və o cümlədən, xalqın formalaşmış adətlərinə uyğun keçirilməlidir. İcra başçısı həmçinin dəfn xərclərinin də ciddi nəzarətə götürülməsi ilə bağlı tapşırıqlar verdi. Bunun üçün din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində dini qaydalara uyğun ehsan süfrələrinin açılmasını təmin etməlidirlər - deyə bildirdi. E.Vəliyev şəhər axunduna, eləcə də din xadimlərinə belə hallara qarşı mübarizə aparılması barədə tapşırıqlar verdi.