Orda məni xatırlayan varsa...

ETİBAR CƏBRAYILOĞLU
63213 | 2014-09-02 03:48
Həftənin ilk iş günü Tofiq Abdinin ad günü ilə başladı. Tofiq abi hələ orta məktəbdə oxuyanda hamını inandırmışdı ki, sentyabrın 1-də anadan olub. Elə o vaxtdan yaxınları, dostları sentyabrın ilk günündə Tofiq Abdini təbrik etməyə tələsirdilər.
Yenə təqvimdə sentyabrın 1-di, amma ilk dəfədir ki, bu günü abisiz qeyd edirik. Nə əlimiz çatır ona, nə ünümüz yetir. İstanbulda deyil ki, zəng edəsən, telefonda səsini eşidəsən, Bakıda deyil ki, "Praqa"nın bir addımlığındakı tanış məkana özünü yetirib üzbəüz oturasan. Tofiq Abdinin pulu ilə Tofiq Abdinin növbəti ad gününü qeyd edəsən...
Həmişə qeyri-adiliyi ilə seçilən abinin ölümü də başqa ölümlərə bənzəmədi. Belə yalnız Tofiq Abdin ayrılıb gedə bilərdi.

İtmək istərdim, səssiz-səmirsiz
günlərin birində.
Qorxuram ki, heç kəsin
xəbəri olmaya
Bu itkidən
Əziz bir adamım olaydı,
Düşəydi yollara payi-piyada,
Axtaraydı mən,
Gözləri yaşlı bu dünyada.

Bu dəfə sentyabrın 1-i. Tofiq Abdin uzaqlardadı, çox uzaqlarda. Yoxsa səhər tezdən dostları toplamışdı başına. Sözarası Mətinin, Günelin işlərindən, qayğılarından danışmışdı.

Əllərim göynəyir saçınız üçün,
mənə deyən yoxdur, bunu al, ata!
Düzünü deyim ki, baxıram bu gün
sizin gözünüzlə mən bu həyata.

Ad günü ilə bağlı qurduğu məclisin şirin yerində nəvələrindən, xüsusi ilə İbrahimin hərəkətlərindən söz-söhbət açmışdı.
Bir nağıl danışacağam
nəvələrimə.
Əgər ölməsəm,
Nəvəm olsa.
Deyəcəyəm:
qırx yaşına kimi
kirayəçi oldum...
...Ömrümün ən gözəl çağlarını
Dolandım küçə-küçə...

Yenə sentyabrın 1-di. Birinci dəfədir ki, doğum gününü abisiz keçiririk. İllər öncə İstanbulda yaşayanda onu xatırlayanlara salam göndərmişdi şeirində:

Orda məni xatırlayan varsa
salam olsun...

Uydurduğun doğum gününü təkcə ailə üzvlərin, doğmaların deyil, dostlar da qeyd edir, səni xatırlayırlar.
Əleykum salam, Tofiq Abdin, ad günün mübarək olsun!


TƏQVİM / ARXİV