adalet.az header logo
  • Bakı 17°C
02 Sentyabr 2014 12:04
9483
ƏDƏBİYYAT
A- A+

AYB rəhbərliyi ölümlə hədələndi

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar qurumun sədri, yazıçı Anarı, katibi şair Fikrət Qocanı güllələməklə hədələyib. Bu barədə Mənzil Komitəsinin sədri Rauf Aslanov 1937.az saytına bildirib. Onun sözlərinə görə adı çəkilən şəxs ev almaq məsələsi uzandığı üçün qurum rəhbərliyinə böhtan atıb. Belə ki, R. Muxtar iddia edir ki, mənzillərin ümumi dəyəri 800 min manat olduğu halda, R.Aslanov bir milyon manat pul götürüb, həmçinin həmin evləri satıb.

Məsələ ilə əlaqədar R. Aslanov iddiaçını məhkəməyə verib. O qeyd edib ki, R.Muxtarın apardığı şər-böhtan kampaniyasının qarşısını almaq üçün bu addımı atıb: "Ramiq Muxtar "Mizrab” adlı jurnal buraxıb və birinci sayını mənimlə Anar müəllimə həsr edib. Biz bu günə qədər dözürdük. Anar müəllim də səbirli adamdır. Deyirdi ki, gözləyək, özü səhvini başa düşər. Ancaq  jurnalı görəndən sonra məcbur olub, məhkəməyə müraciət etdim. Bununla yanaşı, Mətbuat Şurasına etirazımı bildirdim. Şuranın iclasında Ramiq Muxtara xəbərdarlıq etdilər. Qanuna görə, birinci dəfə xəbərdarlıq edilməlidir. Bir daha bu hal təkrarlansa, onda jurnal qara siyahıya salınacaq”.

R. Muxtar Prokurorluğa da, Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə də bu məsələ ilə bağlı müraciət edib. Prokurorluq orqanları Mənzil Komissiyasının və Yazıçılar Birliyinin işini araşdırıb, cinayət xarakterli heç nə tapmadıqları üçün bu işə xitam veriblər. Hazırda isə mənzil növbəsinin pozulduğu iddiası ilə İqtisad Məhkəməsinə müraciət edib.