"TƏRCüMEYi-HALINI YAZA BiLMƏYƏNLƏRiN iDDiASI ADAMI HAVALANDIRIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
30833 | 2007-09-04 07:15
Nurəddin Mehdixanlının aktyorluq məharəti, səhnə fəaliyyəti hər kəsə yetərincə bəllidir. Sevimli Xalq artistimiz yazın burnu çırtlayandan bu isti günlərə qədər mədəniyyətimiz üçün, tariximiz üçün önəmli olan "Cavad xan" filminin çəkilişində, özü də baş rolu ifa etməklə hər birimizi sevindirmişdi. Artıq gərgin günlər arxada qalmış, necə deyərlər, əsas iş görülmüşdür. Bu günlərdə Nurəddin müəllimlə görüşüb mədəniyyətimizin, həyatımızın, eləcə də "Cavad xan" filminin müəyyən məqamları ilə, problemlərlə bağlı həmsöhbət olduq.
   
   - Nurəddin müəllim, ilk öncə "Cavad xan" filminə və burada oynadığınız baş rola görə sizi təbrik edirik.
   
   - Çox sağ olun. Məncə çox möhtəşəm bir iş görülüb, bir tarixi həqiqət ekranlaşdırılıb və bu filmin çəkilişinə göstərilən qayğı, yaradılan şərait, ümumiyyətlə, filmin belə sevgi və maraqla qarşılanması mənim üçün çox sevindiricidir. Çəkiliş boyu hiss etdim ki, bizdə tariximizə, tarixi qəhrəmanlarımıza əvvəlki soyuq münasibət xeyli dəyişib.
   
   - Bir şeyi etiraf edək ki, bu gün tərif "yağışı" o qədər leysana çevrilib ki, az qala sənət adamlarının canına, iliyinə hopubdur. Hamısı təriflənmək, hamısı mükafatlandırılmaq davası edir. Amma sənət davası edən, sənət ortaya qoyan bunun müqabilində çox azdır...
   
   - Elə ona görə də Azərbaycanda bu gün böyük mənada sənət yoxdur...
   
   - Sizcə adlar sənəti, qabiliyyəti müəyyənləşdirir, yoxsa...
   
   - Əslində bir də görürsən ki, axmaq bir adama Alim adı veriblər. Alimdi, ancaq ifadəmə görə üzr istəyirəm, insan kimi dananın biridir və yaxud da əksinə, ağıllı bir adama gətirib Traktor, Kombayn adları veriblər. Belə şeylər olur və olacaq da. O cümlədən ədəbiyyatımızda da, mədəniyyətimizdə də. Azərbaycan teatrını, musiqisini, kinosunu,yəni bütün sənət sahələrinin içində yaranmış durğunluq qarışıqlıq, yiyəsizlik, anarxiyanın kökündə dayanan həqiqəti görən və deyənin kimliyidir. Bu mənada da böyük sənətin yaranması üçün vuruşan və hətta Sovet dövrünün müəyyən azadlıqları da yoxdur. Bu gün Azərbaycan teatr sənəti, lap elə götürək Akademik Milli Dram Teatrını, burada 70 nəfər aktyor var ki, onun 30 nəfəri heç kimə lazım deyil.Həmin o teatrda islahatları aparmadan, o artıq adamları oradan kənarlaşdırmadan, yerini göstərmədən o teatrı böyük mənada qaldırmaq mümkün deyil. Amma onların heç birinə toxuna bilmərik. Birinə toxunan kimi sabah hardansa bir zəng gələcək, ya sifariş ki, filankəs orda qalmalıdır. Amma bu filankəs faktiki heç kimə lazım deyil, hətta vətəndaş kimi də heç kimə lazım deyil. Mən sizə bir şey deyim, o imperiya dediyimiz dövrdə insanların içində bir az qürur hissi var idi. Nələrdənsə imtina edə bilirdilər. İndi isə öz tərcümeyi-halını yaza bilməyənlər elə iddialara düşürlər ki, adam havalanır. Və özü də həmin adam Xalq artistidir. Siz ondan bugünki, dünənki dramaturqlarımızın, ədəbiyyat adamlarımızın birinin adını soruşun, o bilsə mən əlimin arxasını yerə qoyaram. Düzdür, indi yeni sistemdəyik, təhsilimiz də yeniləşir, keçid dövründə yaşayırıq, amma mən bir savadsızlığın şahidi oluram və bunu da danmaq mümkün deyil. Əgər bugünki aktyorun mütaliəsi yoxdursa, ədəbi proseslərdən xəbəri yoxdursa onun intellekti necə formalaşa bilər, o, Şekspirin əsərlərini necə oynaya bilər? Etiraf edək ki, bu gün bəzi dövlət məmurları əsərlər yazırlar və gətirib teatrlara təqdim edirlər ki, buyurun, oynayın, göstərin bu millətə. Sonra da çıxıb orda-burda deyirlər ki, teatr inkişaf etmir. Başa düşmək istəmirlər ki, teatr Şekspirsiz, Cəfər Cabbarlısız, Cavidsiz inkişaf edə bilməz. Həmin tamaşaları da qoymaq üçün intellektual səviyyəli rejissorun, aktyorun olmalıdır, onlar da ki, yoxdur. Onu da deyim ki, Azərbaycanın bugünki iqtisadi inkişafı imkan verir ki, bizim həyatımızın digər sahələri də inkişaf etsin.
   
   - Bəs niyə etmirik?
   
   - Təbii ki, bizə heç kim gəlib deməyəcək ki, bunu et, kitab oxu, mütaliən olsun, baş verənləri, prosesləri internetdən, mətbuatdan izlə, öz üzərində çalış. Bunu biz özümüz etməliyik. Məgər bizə nazirmi, prezidentmi gəlib bunu deməlidir. Xeyr, hər kəs öz məsuliyyətini dərk etməlidir. İşin bu tərəfi də var. Biz "hazıra nazir" olmağın adamlarıyıq. Bu gün teatrımızda aktyorlar var ki, prezident onlara ev də verib, təqaüd də verib, imkanları da var, müxtəlif vasitələrdən istifadə edib yaşayırlar. Demirəm ki, Amerika aktyorları səviyyəsində yaşayır, amma bir şey var ki, Amerika aktyorunun çəkildiyi filmlərə də baxaq, bizimkilərə də. Onların filmləri dünya bazarında 2 milyon dollar gəlir gətirir, yəni məhsulu çıxarır, pul qazanır. Amma bizim bazara çıxardığımız məhsul və onun gətirdiyi dəyər nədir. İstəsək də, istəməsək də dünya bu gün bazardı. Bazarda nəyə, necə qiymət verilir bu başqa söhbətdir. Biz çalışıb yaxşı məhsul, yaxşı tamaşa təqdim etməliyik ki, o da yaxşı pul gətirsin. Bir sözlə, bütün bunları deməklə biz dərd-sərdən qurtaran deyilik və problemlərimiz də bir anda həll olunası deyil. Sadəcə biz birmənalı olaraq bir-birimizin haqqını tanıyıb bir-birimizin də layiq olduğu dəyərini verə bilsək, özü də çəkinmədən, təmənnasız, onda az-çox nəsə etmək olar.
   
   - Nurəddin müəllim, xeyli vaxtdır ki, Bakı-

TƏQVİM / ARXİV