adalet.az header logo
  • Bakı 19°C
02 Sentyabr 2014 11:27
5584
HADİSƏ
A- A+

Bu il əlil və şəhid ailələrinə 172 mənzil təqdim olunub

Bu ilin ötən dövrü ərzində əlil və şəhid ailələrinə 172 mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Adalet.az-a daxil olan məlumata görə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi planlaşdırılır.

 Qeyd edək ki, 2014-cü ilədək 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib.

Müvafiq qanunvericilik aktlarında ƏƏSMN-nin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Digər tərəfdən, əlil və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi ƏƏSMN tərəfindən deyil, aidiyyatı rayon (şəhər) İH-ləri tərəfindən həyata keçirilir.

Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında” Sərəncamına  əsasən, bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısına da ƏƏSMN tərəfindən inşa etdirilən yaşayış binalarında mənzillər təqdim olunur. Həmçinin Çernobıl AES əlilləri müharibə əlillərinə bərabər tutulan şəxslərdir və Çernobıl Əlilləri Cəmiyyətinin müraciəti əsasında bu kateqoriyadan olan bir sıra şəxslərin də mənzillə təminatı həyata keçirilib. Eyni zamanda, Gözdən Əlillər Cəmiyyətinin müraciəti əsasında istisna hal olaraq, ƏƏSMN-nin sifarişi ilə Bakının Nərimanov rayonunda  gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa olunur.