adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2014 21:53
5645
MƏMLƏKƏT
A- A+

QHT Şurası qrant müqaviləsi imzaladı

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İtaliyanın "Classis-Project” və "Epoke” qeyri-hökumət təşkilatları ilə qrant müqaviləsi imzalayıb.

Şura Katibliyindən verilən məlumata görə, qurumun sədri Azay Quliyev "Classis-Project” və "Epoke” təşkilatları ilə əməkdaşlığın ilk növbədə Azərbaycan-İtaliya dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Şura sədri Prezident İlham Əliyevin hər zaman mühüm dövlət proqramlarına, o cümlədən xarici ölkə QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ideyasına dəstək verdiyini söyləyib. 

A.Quliyev layihə çərçivəsində İtaliyanın qeyri-hökumət təşkilatlarının Azərbaycana aid informasiya portalı yaratmasının, həmçinin tarixi, iqtisadi, kulturoloji tədqiqatlar aparmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynayacağını deyib.

"Classis Project” təşkilatının təsisçisi Paola Kasaqranda çıxış edərək layihəni dəstəklədiyinə görə Şura rəhbərliyinə təşəkkür edib və onun reallaşdırılmasını Azərbaycan-İtaliya əməkdaşlığının möhkəmləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxışında Azərbaycan və İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində vətəndaş cəmiyyəti qurumlarının oynadığı rolu yüksək qiymətləndirib.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Azər Kərimov hər iki ölkənin qeyri-hökumət təşkilatlarının əməkdaşlığına Milli Məclisin daim dəstək verdiyini və bu əməkdaşlığın xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini bildirib.

"Classis-Project” dünyanın ayrı-ayrı bölgələrini təbliğ edən və tanıdan qurum kimi fəaliyyət göstərir. Şuranın dəstəyi ilə 12 ay ərzində həyata keçirəcəyi layihədə təşkilat ölkəmizin tarixini, maddi-mədəni irsini, müstəqil dövlət olaraq əldə etdiyi ictimai-siyasi, iqtisadi, sosial-mədəni nailiyyətlərini, təbiətini və turizm potensialını italyan dilində təbliğ etməyi nəzərdə tutur. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizə vurduğu ziyan, münaqişənin region üçün təhlükə olması portalda işıqlandırılacaq əsas mövzulardandır. "Classis-Project” Azərbaycanla bağlı ixtisaslaşmış qurum kimi konfranslar, "dəyirmi masa”lar və digər mədəni tədbirlər keçirməklə il ərzində öz maarifçilik fəaliyyətini davam etdirəcək.

"Epoke” isə ictimai rəyin öyrənilməsi, iqtisadi bazarın təhlili və elmi araşdırmaların həyata keçirilməsi sahəsində ixtisaslaşmış elmi-tədqiqat institutudur. Şuranın dəstəyi ilə həyata keçirəcəyi layihədə "Epoke” təşkilatı Azərbaycana aid xüsusi tədqiqatların aparılmasını nəzərdə tutur. Layihə çərçivəsində İtaliyanın nüfuzlu 25 universitetində bakalavr dərəcəsinin sonuncu kurs, eləcə də magistr və doktorantura tələbələri arasında müsabiqə keçiriləcək. Tələbə və gənc alimləri Azərbaycanla bağlı daha ətraflı araşdırmalara cəlb etmək məqsədilə müsabiqə qalibləri Azərbaycana dəvət ediləcək və onlardan elmi-tədqiqat işlərini davam etdirmək istəyənlərə bir illik təqaüd veriləcək.