adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2014 21:44
3016
MƏMLƏKƏT
A- A+

Qarabağda itkin düşənlərin sayı 4500-dən çoxdur

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb. Bu barədə Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bərdədə keçirilən anım mərasiminin açılışında Bərdə Sub-nümayəndəliyinin başçısı Nikola Lambert deyib: "BQXK hökumət orqanlarını itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbər gözləyən ailələrə kömək etməyə davam edir. 2014-cü ildə itkin düşmüş şəxslər barədə məlumat toplanılmasında yeni bir addım atılıb, yəni Azərbaycan hökuməti ilə birgə yeni layihənin pilot mərhələsinə başlanılıb.

 

Azərbaycan hökumət nümayəndələrinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər tərəfdaşların iştirak etdiyi Bakıdakı anım mərasimində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran deyib: "İtkin şəxslərin yaxın qohumlarından toplanılacaq bioloji nümunələr itkinlər barədə artıq toplanılmış ətraflı məlumatları tamamlayacaq".

 

Tədbir zamanı itkin düşmüş şəxslərin ailə üzvləri tədbir iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyük ehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunu vurğulayıblar.

BQXK Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir və humanitar, neytral və bitərəf təşkilat olaraq münaqişə qurbanlarının əzab-əziyyətini yüngülləşdirməyə çalışır.

 

BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününü qeyd etməklə, beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onların ailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa çağırır. Dünyanın hər bir hissəsində yüz minlərlə insan silahlı münaqişə, təbii fəlakət və ya miqrasiya nəticəsində itkin düşüb. İtkin düşən hər bir şəxs özündən sonra qeyri-müəyyənlik hissindən əziyyət çəkən çox sayda insanı - xüsusilə də ailəsini qoyub gedir.