adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Sentyabr 2014 15:57
7245
SİYASƏT
A- A+

“Müstəqil mətbuata mütləq şəkildə nəzarət olunmalıdır”

Aydın Quliyev: "Bu məruzəyə ehtiyac var idi”

Bir sıra KİV-lər öz səlahiyyətlərini aşaraq, özləri də bilmədən düşmən dəyirmanına su tökürlər. Atəşkəs rejiminin pozulması, erməni KİV-nə istinadən yayılan təxribat xarakterli informasiyalar aidiyyatı qurumları bu istiqamətdə ciddi addım atmağa vadar edib. Məhz bu məqsədlə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə müşavirə keçirildi. Müşavirədə bu istiqamətdə yaşanan problemlər müzakirə olunub, bir sıra tapşırıqlar verilib.

Ölkənin aparıcı KİV rəhbərləri keçirilən müşavirənin əhəmiyyəti barəsində danışıb. 

Yeni Azərbaycan”qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunması milli maraqlar baxımından prioritet istiqamətlərdən biridir: "Xüsusilə də müharibə şəraitində olan Azərbaycanın informasiya məkanın idarə olunması və milli maraqların təmin olunması üçün yönləndirilməsi aktual məsələdir. Bir müddət əvvəl ön cəbhədə atəşkəsin pozulmasına paralel olaraq Azərbaycanın informasiya məkanında sanki lokal bir müharibə başlandı. Bu informasiya müharibəsi bir çox hallarda ölkə mediasında milli maraqlarımıza uyğun olmayan şəkildə özünü büruzə verdi. Belə ki, ayrı-ayrı media orqanlarında, xüsusilə də sosial mediada hərbi sirr sayılacaq məlumatların yayımlanması, ordumuzun müəyyən hissəsinin dislokasiyası, ordu rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərin yeri ilə bağlı müxtəlif məlumatların mətbuata sızdırılması düşmən tərəfindən kəşfiyyat məlumatı kimi qəbul olunurdu. Ona görə də müşavirədə bir daha xatırladıldı ki, bu cür hallar yolverilməzdir. Çünki, belə informasiyaları yaymaqla düşmən tərəfə düzgün hərbi kəşfiyyat məlumatları ötürmüş oluruq”.

H.Babaoğlu onu da qeyd edib ki, gələcək də belə hallar təkrar olunsa, Azərbaycanda hərbi sirlərin yayılmasına görə müvafiq cəza tədbirləri görüləcək: "Müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev diqqəti çox vacib bir məsələyə yönəldərək vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, insan hüquqları təşkilatları və transmilli medianın Azərbaycan xidmətləri də bəzi hallarda ictimai rəyə dezinformasiya ötürməklə məhz ictimai rəylə manipulyasiya edir. Eyni zamanda bu fikirlər Azərbaycanın sosial mediasına da şamil olundu. Çünki bəzi hallarda Azərbaycanın sosial mediası, ayrı-ayrı informasiya portalları, saytlar, həqiqi olmayan manipulyativ informasiyanı yaydılar. Bu informasiyalar zərərli idi. Azərbaycanda hərbi-psixoloji vəziyyətin pisləşməsinə, bəzi hallarda ictimai rəyin eyforiya vəziyyətinə çatdırılmasına xidmət edirdi. Müşavirədə bir daha qeyd edildi ki, belə hallar yolverilməzdir

Onun sözlərinə görə, müharibə şəraitində olan Azərbaycanda müstəqil mətbuata mütləq şəkildə nəzarət olunmalıdır: "Əks təqdirdə Azərbayacanın informasiya məkanın təhlükəsizliyini qoruya bilmərik. Hesab edirəm ki, bu faydalı fikirlər gələcəkdə Azərbaycan mediasının fəaliyyət istiqamətinin paradiqmalarını təşkil edəcək. Ramiz Mehdiyevin müşavirədə səsləndirdiyi fikirlər Azərbaycan mediasının bundan sonrakı fəaliyyətində istiqamətverici tezis kimi çıxış edəcək".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, dövlət əhəmiyyətli məsələlərlə bağlı müşavirənin keçirilməsi mətbuat tarixində yeni mərhələdir. Onun sözlərinə görə, bu da Prezident Administrasiyasının bütün məsələlərlə bağlı media kapitanları ilə ətraflı şəkildə müzakirə aparması məqsədi daşıyırdı. Bu, həm də mediaya olan etimadın bariz göstəricisi oldu: "Bir müddət əvvəl cəbhə bölgəsində yaranan gərginlik vaxtı ciddi nöqsanlar baş verdi. Lakin iddialı media qurumları həmin vaxtlar bir sıra səhvlərə yol verdilər. Bu kimi ciddi nöqsanlar görüşdə geniş müzakirə mövzusu oldu. Halbuki ölkə mətbuatının peşəkarlıq səviyyəsi bütün çağırışlara cavab vermək əzmində olmalı idi. Müşavirədə media nümayəndələrinə hüquqi vəzifə borcları bir daha xatırladıldı və birgə fəaliyyət göstərəcəyimiz istiqamət vurğulandı. Eyni zamanda Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı vacib məsələlər qeyd olundu. Ramiz Mehdiyevlə yanaşı, digər rəsmi şəxslərin çıxışı bir daha göstərdi ki, dövlət mətbuatda yer alan xəbərləri ən kiçik detallarına kimi təhlil edir və nəticələr çıxarır. Bu da təbii ki, önəmli faktorlardan biridir. Düşünürəm ki, bu günə qədər fəaliyyətlərində səhvlərə yol verən mətbuat işçiləri bu tövsiyyələrdən nəticə çıxaracaq, bundan sonrakı fəailiyyətlərini də milli maraqlara uyğun şəkildə quraraq işlərini daha da təkmilləşdirəcəklər"- deyə, baş redaktor məsələ ilə bağlı fikirlərinə əlavə edib.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, müşavirədə çoxdan vaxtı çatmış məsələlər müzakirə olundu.

Onun sözlərinə görə, görüşdə bir çox istiqamətlər açılıb: "Həmin istiqamətlərdə həm mövcud vəziyyət təhlil olundu, həm də medianın qarşısında duran vəzifələr konkret olaraq göstərildi. İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin yüksək səviyyədə həyata keçirilməsində medianın vəzifələri dəqiq müəyyən olundu. Fikrimcə, bu cür məruzəyə, açıq söhbətə çoxdan ehtiyac var idi. R. Mehdiyev məruzəsi ilə Azərbaycan mediasının bundan sonra müharibə qanunları və şərtləri ilə fəaliyyət göstərmə mərhələsinə keçidini təmin etdi”.

Baş redaktor qeyd edib ki, cəbhədəki son hadisələr mediada informasiya və milli təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı çox böyük boşluqların olmasını ortaya çıxarıb: "Ona görə də bu məruzəyə ehtiyac var idi. Bu mərhələdə medianın üzərinə çox böyük vəzifələr düşəcək. Çoxsaylı media orqanlarımızın müəyyən bir qismi bu mərhələnin vəzifələrini lazımı qədər dərk edərək, növbəti mərhələyə keçid edə biləcək. İstisna deyil ki, onların müəyyən bir hissəsi bu mərhələdə mövcudluğunu itirsin. Burada söhbət milli dövlət təhlükəsizliyi ilə bağlı medianın daha məsuliyyətli olmasından gedir. Məsuliyyətli olan media orqanları yaşayacaq, olmayanlar isə qanun qarşısında cavab verməli olacaq. Bu görüşü tarixi əhəmiyyətli hadisə hesab edirəm”.