adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Sentyabr 2014 12:45
7422
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanın daha bir qədim məskəni UNESCO-ya düşə bilər

Tovuz bölgəsində tədqiqatlar aparan Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası zamanı kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni – Hacıələmxanlı yaşayış məskəninin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi üçün müraciət olunacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, Fərhad Quliyev yerli KİV-ə müsahibəsində bildirib.

 

F. Qululev qeyd edibdir ki, tədqiqatlar zamanı məskəndən aşkar edilmiş qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərmişdir. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

 

Qazıntı zamanı əldə edilmiş materiallar əsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılmış, daha sonralar isə, müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılmışdır. Sonunculara misal kimi, Hacıələmxanlı məskənindən təqribən 1 kilometr şərqdə yerləşmiş Göytəpə neolit məskənini göstərmək olar. Qeyd edək ki, Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaat tərübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilmiş parametrlər üzrə daha sadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninin tədqiqatları, geniş miqyaslı baxışda, bölgədə primitiv formadan təkmil səviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamül barədə nəticə çıxarmağa əsas verir.