adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Heç necə...

14531 | 2007-09-01 01:49
İnsan həyatının 5 mərhələsinin yalnız ikisində ciddi fiziki inkişaf prosesini keçir. Uşaqlıq və yeniyetməlik. Bu dövrlər xarakterin və cinsi formalaşmanın inkişaf prosesidir. Uşaqlarda qəribə davranışlara, hərəkətlərə rast gəlinir. 5 yaşından 10-12 yaşlarına qədər insanın uşaqlıq mərhələsi davam edir.Və bu mərhələdə xarakterin formalaşma prosesi başlayır.
   
    Çox vaxt valideynlərin bu proses barədə lazımi bilgisi olmadığı üçün uşaqlarının keçid dövründə hiss etmədən onlara böyük anlamda zərər yetirirlər. Məsələn, Oşo yazır ki, biz valideynlər uşaq aləminə o qədər əhəmiyyətsiz yanaşırıq ki, hər hansısa bir filmə, proqrama baxdığımız zaman öz aləmində əylənən balacanın səs-küy salmasından qıcıqlanırıq. Üstünə qışqırıb ay uşaq, səs salma, ya da keç digər otağa deyərək ona qarşı kobudluq edirik. Halbuki uşaq həmin anda öz sevincini ifadə edir, oynamaq-əylənmək arzusunu gerçəkləşdirir və ona bizi həmin anda daha çox düşündürən məsələ tamamilə yaddır. Biz əlimizdəki işimizi bir tərəfə qoyub körpəmizin sevincinə qoşulmuruq. Uşaq xəstələnirsə, səhhətində problem varsa bütün ailə üzvləri başına toplanır, narahatlıq keçirərək onunla əlləşir. Və uşaq təfəkküründə belə bir qeyri-şərti refleks formalaşır. Yalnız ağrımaq, xəstə olmaq lazımdır ki, sənə diqqət ayırsınlar. Yaşa dolduqca bu refleks inkişaf edərək xüsusiyyətə çevrilir. Bu səbəbdən bəlkə insanların əksəriyyəti ətrafın onlara acımasını xoşlayırlar. Kədərli görünməyə çalışırlar. Nəhayətdə insan kədərli varlığa çevrilərək bütün aurasını ağır enerji ilə doldurur.
   
   Zənnimcə, valideynlər bizi umacaqsız sevən şəxslərdir. Yalnız övladları olduğumuz üçün sevgilərinə sahibik onların. Əlbəttə, hər birinin üzərimizdə xüsusi tələbi, arzusu hətta deyərdim iddiası var. Bu iddialar tətbiq oluna bilinmədikdə də sevgiyə xələl dəymir. Bəzən münasibətlərdə inikas edilir. O da ki, həllsiz məsələ deyil. Buna baxmayaraq, çox vaxt valideynlər övladları ilə münasibətdə dostluq strategiyası qura bilmirlər. Hələ mən valideynin siyasətsizliyindən danışıram. Qərəzsiz dostluqdan söz açmaq lap müşküldür. İnsan elədir ki, onun həmişə özəl, fərdi aləmində dəstəyə ehtiyacı var. O həmişə özünə həmfikir axtarır. Valideynsə mütləq yaş və sahiblik mövqeyilə övladının doğru-yanlış addımına inkar müdaxilə edir.

TƏQVİM / ARXİV