iNSTiNKT

ƏBÜLFƏT MƏDƏTOĞLU
30677 | 2007-09-01 01:49
Bir söz deyəcəm, daha doğrusu, yazacam, eşidəndə gülüb-eləməyin, ciddi qəbul edin. Birdən elə bilərsiniz ki, havalanıb-eləmişəm və yaxud da mənə vergi-zad verilib. Xeyr, belə bir şey yoxdur və mən də son vaxtlar şəhərin və məmləkətin müəyyən yerlərində falçılıqla, caduyla, daha nə bilim-nələrlə məşğul olub millətin, daha çox da vəzifəyə, ərə gedə bilməyənlərin "düyününü" və yaxud da "tilsimini" açanlardan deyiləm. Əlinizi ürəyinizin üstünə qoyub arxayın ola bilərsiniz ki, heç kimin də dilini-ağzını bağlamaq və yaxud da paslı kilidi hardasa basdırmaq barəsində heç düşünməmişəm, nəinki bacarmağı...
   
   Hə, əvvəldə dediyim kimi, son vaxtlar məndə qəribə bir dəyişikliklər baş verib. Bu qabaqdangörmə də deyil, yəni öncəgörmə. Sadəcə hiss edirəm ki, sabah başıma nə gələcək, kiminlə qarşılaşacam, kiminlə sözüm çəp gələcək. Kim boynuma "obed" qoyacaq və bütün bunları da öz-özümə düşünəndə həm vahimələnirəm, həm də gülməyim gəlir. Çox götür-qoy etdim və çox düşündüm və nəhayət, yanlışdı və yaxud da oxşarıdı bilmirəm, bir nəticəyə gəldim. Bildim ki, bütün bu baş verənlər instinktdi, özü də təkcə məndə deyil, hamının başına gələn, hamını məşğul edən, sadəcə çoxlarının deməyə ya utandığı, ya da çəkindiyi bir haldır. Odur ki, mən özümdə bir balaca təpər, cəsarət tapıb düşdüm qabağa ki, heç olmasa, bu məsələdə birincilik mənə aid olsun...
   
   Paytaxtımızı gözünüzün qarşısına gətirin... Qarış-qarış tikilməyə başlayandan ağlı kəsən də, kəsməyən də, əli qələm tutan da, tutmayan da bir ağızdan dedilər ki, "Bakını fəlakət gözləyir", "Bakı batacaq", "Bakı uçuruma yuvarlanır", "Belə davam etsə Bakıda hava qurtaracaq", "Bakı infeksiya mənbəyinə çevrilir" və sair və ilaxır. Hamı dedi-dedi, axırda bir az yer tərpəndi, onda xəbərdarlıq aldıq, sonra da ki bu müdhiş hadisə.

TƏQVİM / ARXİV