adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Avqust 2014 13:11
12447
ƏDƏBİYYAT
A- A+

ONUN 85 YAŞI OLUR

Onu çoxdan tanıyıram, 80-ci illərdən. O vaxtlar "Kommunist" qəzetində Mədəniyyət və ədəbiyyat şöbəsinin rəhbəri idi. Yaşa, vəzifəyə, ada baxmazdı, bəyəndimi yazıları verərdi. Cavanlara daha çox yer ayırardı. O dövrdə "Kommunist" qəzetində çap olunmaq indi onlarla saytda çıxış etməkdən üstün idi, qonorarı da yüksək idi=. Özü də hörmətlə yanaşardı hər kəsə, təmkinli, sadə, yüksək mədəniyyətli, yaraşıqlı, özünəməxsus duruşu, hərəkətləri olan biridi. Bu il 85 yaşı olur.
O, 1929-cu ildə indiki Şirvan rayonunun Qarabağlı kəndində anadan olub. 1953-cü ildə ADU-ni bitirəndən sonra "Azərbaycan gəncləri"qəzetində, sonra C.Cabbarlı adına kinostudiyada redaktor işləyib. Onun ssenarisi əsasında bir sıra sənədli filmlər çəkilib. 1962-1990-cı illərdə "Kommunist" qəzetində Mədəniyyət və ədəbiyyat şöbəsinin rəhbəri olub, 1990-cı ildə "Sovet kəndi" qəzetinə baş redaktor təyin edilib. 1991-93-cü illərdə müstəqil dövlətimizin ilk qəzeti "Həyat" - indiki "Azərbaycan" qəzetinin, 1994-cü ildən "Bərəkət" qəzetinin baş redaktoru olub. 1996-cı ildə təqaüdə gedib. 1958-ci ildən AYB-nin üzvü, 1985-ci ildən Əməkdar incəsənət xadimidir. Bu onun haqqında indi əsərlərini kompüterlə yazıb ərsəyə gətirən Əziz bəyin köməyi ilə öyrəndiklərim və bildiklərimdi. AYB-nin "Azərbaycanın şair və yazıçıları" siyahisində onu tapmadım, heç özümü də tapmadım. Yəni ordan heç bir məlumat əldə edə bilmədim. Amma 56 ildi AYB-nin üzvüdü. Bu il 85 yaşı olur. Bacardığım qədər axtardım, ssenariləri əsasında bir neçə sənədli filmin çəkildiyini öyrənə bildim internetdən. Amma bilirdim ki, bir çox pyesləri: "Sarı əlcək", "Dağ seli", "Qız atası", "O mənim oğlumdur", "Gülməyən adam" və s. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şuşa, eləcə də respublikamızdan kənarda dram teatrların səhnəsində tamaşaya qoyulub. Sovet dönəmində "Gecikmisən", "Gözəllik sorağında", "Sən tək deyilsən", "Gülyanaq, "Qartal əfsanəsi", "Katib", "Dünya gözəlliyindir", "Bəy Ünal" və s. əsərləri 20000-50000 tirajla çap olunub. Müstəqillik illərində də durmadan işləyir, yazır, yaradır: "Şahlar şahı", "Cənnətməkan" kimi tarixi romanlar, "Cənnət alması", "Qeys və Leyla", "Türk oğlu türk" ,"Lənət şeytana" və s. əsərlər məhz bu illərdə yaranıb. "Oliqarx" Milli Dram teatrımızın səhnəsindədi, Hal hazırda "Molla Nəsrəddin" tamaşasının məşqləri gedir. Adam işdən təqaüdə çıxa bilər, amma yazıçı olmaqdan çıxa bilməz. O da çıxa bilmir. Amma bu il 85 yaşı olur. Və yazıçı olmaqdan yorulmur, hətta diqqətsizlikdən də, laqeydlikdən də yorulmur. Yeni əsərlər yaradır. Yəni bu gün və ya bir gün laqeydliklə hamımız üzləşirik. Yazılara görə ən azı yüksək qonarar aldığımız illər tarixdi artıq. İndi üzdə olmaq üçün üzün olmalıdı, üzlü olmalısan. Mədəni olmaq zamanı ötüb. İndi yazıçı, yaradıcı kimi gəzib-tozmaq da, AYB-nin, ya Mədəniyyət nazirliyinin hesabına çap, ya tərcümə olunmaq da, yzdə olmaq da üzdü olmaqdı bir az da. Onunsa 85 yaşı olur.
Hal-hazırda da işləyir, necə deyərlər yazır-yaradır. Yeni tamaşalar, pyeslər, hekayələr, tarixi romanlar. Mən son illərin "Rəvayət"ini oxudum. Əslində rəvayətlər maraqlıdı, öyrədicidi, yəni çox mənalar var rəvayətlərdə. O, rəvayətləri öz yazıçı süzgəcindən keçirib, onları özünəməxsus şəkildə ərsəyə gətirib. Oxuduqca düşünürsən, müəyyən həqiqətləri görürsən, anlayırsan, öyrənirsən:
-Ədalət Dövlətin şahıdır.
- Öldürüb peşiman olmaqdansa, bağışla peşiman ol.
- Bina təkcə künc daşlarla tikilmir. Üz daşları da, ara daşları da var. Hələ kişik boşluqları doldurmaq üçün əyri-üyrü xırda daşlar da olmalıdı. yəni tikilən bina onda möhkəm olar.Uçub dağılmaz.
-Tanrı heç kəsi qocalanda kötüyə çevirib üstündə çırpı doğratmasın. Kaş mən odun olaydım ocaqlarda yanaydım.
-"Padşahın on min cəlladı ola ölkə qorunmaz. On igid ər oğlu ola ölkə də qorunar, padşah da"nə gözəl deyimdi, nə gözəl həqiqətdi. Və bu rəvayətlərdə o qədər maraqlı fikirlərə rast gəlmək olur ki:
Deyir bir dəli meydanda mayallaq aşıb pul qazanırmış. Qəfil ayağı qazinin ətəyinə toxunur. Qazi ətəyini çırparaq dəlini danlayır: Dünyanı yaman günə qoyan sənin kimi dəlilərdi. Dəli-Dəlinin dərdi özünə bəsdi. Sən dünyanı ağıllılardan qoru qazi.
Deyir Süleyman peyğəmbər müəllimini çox sevərmiş, atası Davud öldükdən sonra müəllimini başda oturarmış. Səbəbini soruşanlara - Allah insanı göydən yerə endirib, müəllimyerdən göyə qaldırır.
DEYİR-Şər allahı Əhrimandan soruşurlar: Divlər, cinlər, əcinnələr üçün niyə ev tikmirsən?
- Bədxah, yolunu azanların ürəyi ola-ola evi neynirlər?
Deyirlər bir gün Bəhram Gur Təlxəyindən soruşur - Mən kiməm?
-Sən əyan-əşrəfin üçün yumşaq yastıqsan. Deyirlər bu sözə görə Bəhram Gur xalq arasında adı bədxahlığa çəkilən məclisi qovur.
Deyir-Şər allahı Əhrimandan soruşurlar: Divlər, əcinnələr üçün niyə ev tikmirsən? Cavab verir ki, bədxah, yolunu azanların ürəyi ola-ola evi neynirlər? Düşünmək üçündü. Hamımız üçündü. Ürəyimizi qorumaq üçündü. Bədxah olmaqdan asan və qorxulu heç nə yoxdu.Ürəyimizi xeyirxahlığa, sevgiyə açaq ki, sonra da "Şeytan yoldan çıxardı", ya "Şeytana uydum" kimi anlamsız bəraət yapmayaq. Yəni Şeytana uymayaq. Elə "Lənət şeytana"pyesində də bundan bəhs edir yazıçı. Pyesin əvvəlində Şeytan bağban Tapdığın qurduğu tələyə düşür. Ahıl bir kişi simasında yaratdığı Şeytan kömək istəyir insandan. Tapdıq "Lənət şeytana"deyib,Şeytanı yamanlaya-yamanlaya Ahılı-əslində Şeytanı zəncirdən qurtarır. Yəni insan istəsə şeytanı da tələyə salar,istəsə azadlıq da verər. Azadlığımız da, zəncirimiz də öz əlimizdədi deyir yazıçımız. Mən onun aydın dilindən, həqiqəti rahatca çatdırmasından,əsərlərini oxuyarkən oxucuda özünü qəhrəmanlardan biri kimi hiss etmək duyğusu yaratmağından, yazıçı məharətindən danışmaq istəmirəm. Bunu istənilən oxucu, söz adamı bilir. Axı, 85 yaşı olur. Və bu ömrü o, sözə həsr edib, oxucuları üçün yaşayıb. Bir vaxtlar əsərləri 30, 40, 50000 tirajla çap olunan yazıçımızın son illərdə cap olan kitabları azdı. Amma yazıçı kimi, vətəndaş kimi, insan kimi bizə demək istədikləri çoxdu. Bizimsə onun sözünə-yazıçı sözünə ehtiyacımız var. Çünki O həmiişə bizim yazıçımızdı. O - ƏFQAN ƏSGƏROV. Və sentyabrın 23-ündə ƏFQAN müəllimin 85 yaşı olur. Onu onu sevənlər, unutmayanlar adından təbrik etmək istədim. Çox istədim, lap çox.