ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
55300 | 2014-08-30 13:10
(Günel Anarqızının hekayələri)

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov məqalələrinin birində yazırdı: "Hekayəni damla ilə münayisə etmək olar, lakin bu damlalarsız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə, məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir.
Hekayə həmçinin qravüraya bənzəyir. Yazıçı əməyi də müəyyən mənada qravüraçı sənəti ilə səsləşir: ifadə vasitələrindəki zəriflik, maksimum yığcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir".
DAMLALARSIZ OKEAN OLA BİLMƏZgHekayəsiz də nəsr. Bu adi həqiqəti dönə-dönə vurğulamışıq. Dünyanın böyük yazıçılarının ədəbi təcrübəsi də sübut edir ki, əksərən böyük və möhtəşəm romanlardan öncə hekayələr yaranır. Doğrudur, Çexovun, Mirzə Cəlilin və Haqverdiyevin romanları olmamışdır, ancaq bu heç də ona dəlalət eləmir ki, onlar roman yaza bilməzdilər. Əslində, ən yaxşı hekayəni öz bədii tutumuna görə ən yaxşı roman və povestlərlə müqayisə edə bilərik. V.Q.Belinski iki əsr bundan əvvəl yazırdı ki: "Povest-hisslərə, minlərcə hisslərə parçalanmış romandır. Povest-romandan alınmış bir fəsildir". Dahi tənqidçi hekayə barədə heç nə demir. Amma biz hekayəni nə povestin, nə də romanın hissəciyi, fəsli və kiçik modeli saymaq fikrində deyilik.
Məncə, Azərbaycan ədəbiyyatşünaslığında hekayə janrı haqqında ən dəqiq tərifi Mir Cəlal müəllim verib: "Xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır". Bax, bu meyarla son əlli ildə Azərbaycan nəsrində yaranan ən yaxşı hekayələrimizi xatırlayıram: "Qırçı və qırmızı çmçək" (İlyas Əfəndiyev), "Qızıl ilan" (İsmayıl Şıxlı), "Şəppəli" (İsa Hüseynov), "Astana", "Bayatı-Şiraz" (Yusif Səmədoğlu), "Bir payız axşamı", "Arabaçı" (Sabir Əhmədli), "Narınc" (Altay Məmmədov), "Baladadaşın ilk məhəbbəti", "Qarabağ şikəstəsi" (Elçin), "Ürək yaman şeydir", "Güllü paltar mövsümü" (Əkrəm Əylisli), "Mən, sən, o və telefon", "Gürcü familyası" (Anar), "Duz" (İsi Məlikzadə), "Ad günü" (Rüstəm İbrahimbəyov), "İt intervüsü, "Cəhənnəmdə" (Seyran Səxavət), "Sərçələr" (A.Məsud) "Qar" (M.Süleymanlı)", "Omaroğlunun qayıtması" (Vaqif Nəsib), "Ad" (Məmməd Oruc), "Yaxın qohum" (Şahmar), "Qırxıncı otaq" (Saday Budaqlı) , "10 sentyabr" (Rəşad Məcid). gAdlarını çəkdiyim bu hekayələr çoxdan çap olunub və elə bilirəm, illər keçdikcə onlar Azərbaycan hekayə sənətinin ən maraqlı nümunələri kimi yaddaşlardan silinməyəcək, hər təzə oxucu nəsli üçün də bu nümunələr heç vaxt köhnəlməyəcək.
Beləliklə...
"Dünən nahardan sonra, saat 3-ə yaxın məni kəsib doğramasaydılar, bu gün 80 yaşım tamam olacaqdı. Doqquzuncu onilliyi "xırdalamaqçün" yalnız bir gün-bircə gün çatmadı. Heyf, səd heyf... Amma neyləməli, həyatdır da".
Günel Anarqızının "Ağac" hekayəsi bu abzasla başlayır. Yeni Azərbaycan hekayəsi özünün bir çox nümunələrində mətləbə məhz sondan-məlum nəticədən başlayır və sonra tədricən geriyə-başlanğıca doğru hərəkət edir.
"Məni ürək ağrısıyla doğrayıb kəsdilər. Bunu hiss edirdim. Vəziyyəti başa düşərək cınqırımı da çıxarmadım. Ancaq dərindən köksümü ötürdüm və köhnə həyətin beton döşəməsinə yıxıldım".
Hekayəni tamam oxuyub qurtarırsan və istər-istəməz 80 yaşlı ağacla insan ömrü arasında bir assosiasiya yaranır və düşünürsən ki, Günel xanım bu bağlılığı çox səliqəylə, akvarel zərifliyi ilə gözə çarpdırır. Bədii təxəyyüldə insanın quşa, heyvana, heyvanın insana və quşa (və s.) "çevrildiyi" yüzlərlə nümunələr var. O cümlədən, ağaca da. Amma ağac-insan çevrilməsi məncə, ən uyarlı assosiasiyadır. Bir ağac ömrü ilə insan ömrü arasında fəhmlə duyulan, lap elə birbaşa hiss olunan bənzəyişlər çoxdur.
"Aman Allah, necə də tez böyümək, boy-buxunlu, şümal olmaq istəyirdim. Əvvəl-əvvəl heç kəs mənə məhəl qoymurdu. Bir-iki dəfə hətta əzmək, qaba çəkmələriylə asfalta yapışdırmaq istəmişdilər məni. Elə bil, sübut etmək istəyirdilər ki, bu dünyada balaca və köməksiz pöhrə olmaq nə qədər çətinmiş".
O ağac böyüyür, "yaşa dolur" və ətrafında cərəyan edən heç bir hadisəyə biganə qalmır. Ağac müəllifin şərti-metaforik planda düşündüyü bədii vasitədir. O hadisələrin sadəcə seyrçisi deyil, həm də təhlilçi kimi çıxış edir. "Mənzillərdə çeşid-çeşid insanlar yaşayırdı-müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənsub olan adamlar. Onları doğma şəhər, köhnə evvə sakit həyət birləşdirirdi və bu həyətin ortasındamən bitmişdim, ətrafa kölgə salırdım". Göründüyü kimi, Ağac təhkiyədə aparıcı rol oynayır. O, bir həyət (əslində, həyat) dramının "müəllifi"nə çevrilir. "Hadisələr sanki dramın iştirakçılarından asılı olmayıb çox becid cərəyan edirdi". Oğlan və qızın nakam sevgi dastanı Ağacın bilavasitə iştirakçısı olduğu əvvəli romantik, sonu faciəli bir tamaşanı xatırladır. Oğlan və qız bir-birlərini dəlicəsinə sevirlər. "Pıçıltı sahibi olan oğlan hamıdan yaraşıqlı, hamıdan ağıllı, hamıdan xeyirxah idi. Həmin o oğlan ki, sevgilisi üçün dəli-divanətək gəzirdi". Qızın valideynləri onların qovuşmasına mane olur, oğlanın valideynlərinin də buna razılığı yoxdur, çünki qız ermənidir: "indiki vaxtda-oğlan qızın həmvətənləri tərəfindən doğma Vətəninin şərəfini qorumalı olduğu bir zamanda -bu, necə baş tuta bilər?". Və sonra elə bir hadisə baş verir ki... Məlum hadisələr zamanı oğlan qızı və nənəsini evlərində gizlədir. Hər an öldürüləcəyini hiss edən nənənin ürəyi partlayır və qız oğlana baxıb gözləmədən dəhşətli sözlər deyir: "Sənə nifrət edirəm". Sonra isə həmin o faciə baş verir:oğlan özünü ağacdan asır. "O mənhus gecədən bir həftə keçdi. Bu vaxt ərzində fəryadlara və ağılara alışmışam. Hər gecə, səhərə yaxın oğlanın anasının səsini eşidirəm. Qonşular deyirlər ki, arvadın başına hava gəlib. Ölüm ərəfəsində onun ağrılı harayını eşitdim: "Mən daha bu ağaca baxa bilmərəm!"
Beləliklə, səksən yaşına çataçatda Ağac qətl yerinə çevrilir.
Qatil isə o deyil.
Ağac insanlar, millətlər, dinlər arasında münasibətlərin canlı şahididir.
Romantik sevginin real, müdhiş bir faciəvi sonluğa gəlib çıxması Ağacın başında çartlayır. Ağacı doğrayıb kəsirlər.
Sevgilərin dini, milləti olmur. Ağacların da beləcə. Sevgi ağac timsalında metaforikləşir. Sevgililər qovuşa bilmirlər. Ağac da torpağa yıxılır, onun üçün cazibəli və gözəl görünən dünyasından ayrılır.
Bu hekayədə diqqəti cəlb edən iki mühüm məqamı qeyd etmək olar.
Birincisi: hekayənin dili ədəbi dil meyarları ilə tam səsləşir: emosional çalarlar, Ağacın insan kimi düşünüb-daşınmasını əks etdirən nitqi, sərrast seçilmiş cümlələr, tərkiblər... bunlar hekayədə qabarıq nəzərə çarpır.
İkincisi: mətləbin, təsvir olunan hadisələrin yığcamlığı, lakonikliyi də nəzərdən qaçmır. "Ağacın tarixi" bir həyət adamlarının bir neçə nəslinin tarixi ilə paralel verilir. Qısa, yığcam, amma yaddaqalan cizgilərlə.
Günel Anarqızının "Keçmişə sarı" və "Arzu" hekayələrində də eyni canlı, koloritli dilin cazibəsiylə rastlaşırıq, hadisələrin psixoloji aspektdə işıqlandırılması, yerində işlənən detalların mətndə xüsusilə nəzərə çarpması da diqqətdən yayınmır.
"Keçmişə sarı" hekayəsi bir atanın-Balaş dayının oğlu Məsim haqqında hüznlü xatirələrini əks etdirir. Müəllif əvvəlcə onun xarakteristikasını verir. Balaş dayı ifrat dərəcədə təmiz adamdır, bu adam o qədər təmizdir ki, arvadı Qönçə qonşu qızının nişanında ona pay kimi verilən şirniyyatı qaytarmağı tələb edir. O, cüzi pensiya dalınca SOBES-ə getməyi də şəninə sığışdırmır, qoy pensiyanı özləri gətirsindər deyir. Belə bir ruhda da övladı Məsimi tərbiyə edib. Bakıda, ali məktəbi bitirəndən sonra onu MDU-nun aspiranturasına daxil olmaq üçün Moskvaya göndərirlər, burada çətinlik çəkmədən minimumları verir və aspiranturaya daxil olur. Təbiətinə görə sakit, bir az da qapalıdır. Və elə bu zaman Qarabağ müşkülü ortaya çıxır və valideynləri elə düşünürdülər ki, Məsim bu qalmaqaldan uzaq olacaq. Məsim isə... Sən demə, onun içində böyük bir Azərbaycan sevgisi yaşayırmış. O, ölkəsi haqqında yazılan haqsız fikirlərə biganə qala bilmir, "qəzet səhifələrində, televiziya efirində baş alıb gedən ədalətsiz çıxışlar, problemə yad və yabançı adamların yaratdıqları xoşagəlməz fon, onu əhatə edən müxtəlif millətlərə və dinlərə mənsub olan insanların tam laqeydliyi Məsimi özündən çıxarırdı". Və Məsim "başkəsən Robikin" ağır təhqirlərinə və ona fiziki xəsarət yetirməsinə də dözür... sağalandan sonra isə valideynlərindən gizli orduya könüllü yazılır. "Bir ay sonra valideynlərinə xəbər çatdı ki, Laçın verilərkən oğulları mina partlayışının qurbanı olub".
Təbii ki, hekayəni buradaca sona yetirmək doğru olmazdı. Hərçənd ki, Məsimin xarakterinin yeni cizgilərini də görə bilərdik. Bunu müəllifə irad da tutmaq olar. Demirik ki, Məsimin vətənpərvərlik duyğusunu daha da bariz nəzərə çarpdırmaq üçün müəllif daha bir səhifə təsvirinə ehtiyac var idi. Sadəcə olaraq, "cəbhəyə getdi və mina partlayışının qurbanı oldu" ...kimi informasiya səciyyəli bu cümlə bizi təmin etmir.
Hekayədə üçüncü xətt Məsimin ölümündən sonra Balaş dayının keçirdiyi hissləri təsvir edir və deyək ki, əvvəlki Balaş dayı ilə müqayisədə obrazın daxilən təzələndiyini, keçirdiyi hüznün indi qürurla əvəz olunduğunu görürük. Balaş dayı sovet romanlarında təsvir olunan "qürurlu" ata obrazına bənzəmir, sadəcə olaraq hiss edir ki, oğlunun Qarabağ döyüşlərinə könüllü getməsi əbəs deyilmiş. Onun daxilində hələ uşaqlıqdan Vətən sevgisi yuva qurubmuş. Xatırlayır ki, uşaqlıqda oğlunu Şuşaya aparırmış. Məsim qatarda atasından tez-tez pəncərədən seyr etdiyi kəndləri soruşur və atası bu sualları cavabsız qoyur. Və birdən Məsimin dilindən bu sözlər qopur: "Ay ata, bizim nə gözəl Vətənimiz varmış!" Deməli, hekayənin ideyasını qabarıqlaşdırmaq üçün belə bir detala zərurət varmış.
Ümumiyyətlə, Qarabağ mövzusu Günel Anarqızının hekayə və esselərində xüsusi yer tutur və burada başlıca xətt maddi Qarabağsızlığın mənəvi Qarabağsızlığa əvəz olunmamasıdır. Torpaq itkisi ağır dərddir, amma gec-tez onu qaytaracayıq, amma Qarabağ yaddaşda, ruhda yaşamalıdır və Günel Anarqızı da elə bunu təlqin edir. "Arzu" hekayəsində "Şuşam" essesində bu fikrin bədii təcəssümü ilə qarşılaşırıq.
Yazıçı Səid Saqi kifayət qədər məşhur adamdır və bu məşhurluq quru söz deyil, o, kitablarının tirajları hesabına özünə əməlli-başlı gün-güzəran düzəldib, tez-tez əsərlərinə görə ölkədə və xaricdə mükafatlara layiq görülür. Ancaq həyat getdikcə onun üçün mənasızlaşmağa başlayıb. "Kədərlidir ki, 42 yaşındadır və artıq bu həyatda ona heç nə gərək deyil-nə şöhrət, nə pul, nə sevgi, heç nə... Arzulamağa da bir şey qalmayıb. Əlbəttə, həyatda arzulamalı, istəməli, can atmalı çox şeylər var. Amma bütün bunlar Səidin nail ola bildiyi ən əsas niyyətin insanı bezikdirən təkrarlarıdır".
Deməli, həyatın bu maddi maraqları, şöhrət pillələri onu bezdirib və bu mənada Səid maraqsız adam deyil. Və maraqsız, bir kimsəyə bənzəməyən adam olduğu üçün də fikirləşir ki: "mənə elə gəlir ki, səksən yaşındayam və uzun, yorucu bir ömür sürmüşəm. Axı, nə üçün hər şey bu sayaq mənasızlaşmalıydı? Maraqlı peşəm var, kitabların bütün dünyada satılır, adım-sanım, pulum, normal ailəm var, heç nəyə görə vicdan əzabı çəkməli deyiləm... Səid yaxşı başa düşürdü ki, həyatı uğurlu alınıb, nəyəsə təəssüflənmək, illah da nəyisə dəyişmək istəyi mənasızdır".
Amma müəllif Səidin mənəvi dünyasının heç də bu fikirlərlə uzlaşmadığını əks etdirməyə çalışır. Moskvadan bu məşhur yazıçıdan müsahibə götürmək üçün bir jurnalist qadın gəlir və qəflətən ona belə təklif edir ki, onlarla birlikdə Ağdama, sonra da Şuşaya getsin. Axı, Səid əslən şuşalıdır, "Şuşadakı evlərində yay axşamı, bağda qoyulmuş və üstünə ala-bəzək süfrə salınmış, sarı və mavi rənglərə boyanmış taxta skamyaları, cırcıramaların səsini, kəklikotu qoxusunu, qızılgül mürəbbəsini" xəyalında yaşadır. Belə bir təklif onu sevindirir və Səid Şuşadakı evlərini görmək istəyir. "Səid yalnız öz duyğularını araşdırmaq istəyirdi, 13 ildən sonra vətəninə dönməyin qorxusunu anlamağa çalışırdı. Qəribədir, özüyçün qətiyyən qorxmurdu. Yalnız bir şey haqqında düşünürdü: görəcəyi mənzərələr onun qəlbində necə əks olunacaq və bütün bu yaddaşa həkk olunacaq səhnələrlə nə sayaq yaşaya biləcək?" Budur, Şuşa: "Şuşanı tanımaq olmurdu. Binaların çoxu yoxdu, evlərin xeylisi taxta parçalarla mismarlanmışdı, bəziləri xaraba qalmışdı. Elə bil, ağaclar da azalmışdı... tikililərin çoxunun üstündə yad dildə yazılar görünürdü". Bu acı təəssüratlarla Səid öz evlərinə gedir, bir vaxtlar Şuşadakı evində ona bağbanlıq eləmiş Rantiki görür.
"Səid sanki yerindəcə quruyub qalmışdı Gözləməyə səbri çatmayan Rantik xozeyinini fikirdən ayırmamaq üçün evdən qayçı götürüb gülləri kəsməyə başladı, Səidin səsini eşidib dayandı.
-Niyə bizim evdə olursan?
Sanki bu sualı çoxdan gözləyirmiş kimi Rantik udqundu və yavaşdan cavab verdi:
-Çünki bu evi özünüz qoyub getdiz".
Vəssalam. Hekayə buradaca tamamlanır və təbii ki, oxucu üçün Səidin bundan sonra nə düşünəcəyi maraqlı deyil. Həyatı hansı axarda davam edəcək. Ancaq fəhmlə duyursan ki, Şuşanı, öz evlərini görəndən sonra həyatda heç nəyə marağı olmayan Səid tamam başqa bir adam olacaq...
Tənqidçi xanım Gülrux Əlibəyli yazır: "Günelin əsərlərinin əsas özəlliyi insanı düşünməyə sövq etməsidir". Elədir ki, var. Günel Anarqızı oxucunu düşünməyə sövq edən yazıçıdır və arzulayardıq ki, bu proses davam etsin, Günel xanım nəsr yaradıcılığında bu hekayələrlə kifayətlənməsin. Yazıçının istedadı beş-altı hekayə ilə məhdudlaşmamalıdır...
Uğurlar!


TƏQVİM / ARXİV