adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ONU VƏTƏN ÇAĞIRDI

7393 | 2014-08-30 13:09
1983-cü ilin yayı bərk isti keçirdi. Gün çıxar-çıxmaz nəfəsi alova çevirirdi. Göy çəmənlər saralmış, dərələrin suyu azalmışdı. Ağsaqqallaın dediyinə görə, belə yay hər otuz ildən bir olur. Bağların gilası, əriyi, alçası tez yetişmişdi. Biçinçilər məhsul yığımına erkən çıxmışdılar ki, taxıl vağam olmasın
Yayın bu cırhacırında Köhnə Lerik kəndində Əlizahid müəllimin uşaqları bir gün belə bekar oturmurdular. Qışın ehtiyatını görürdülər. Odun tədarükü edir, yetişdirdikləri meyvə-tərəvəzi yığır, ot-ələf toplayır, təzə tikilmiş evin divarlarına suvaq çəkir, həyətə gələn yola daş döşəyirdilər.
Həmin il ailənin on uşağından ikincisi Valeh səkkizinci sinifi tərifnamə ilə bitirmişdi. Qəhrəman ana Nənəgül xanımla, Əlizahid müəllimlə peşə seçimi barədə danışmışdı. Onlara dülgər olmaq istəyini demişdi. Ata-anası "niyyətin hara, mənzilin də ora" xeyir-dua vermişdilər...
Əlizahid müəllim Valehlə avtobus dayanacağına birinci gəlmişdilər. Görüşüb ayrıldılar. Maşın gözdən itənəcən Əlizahid arxasınca baxdı. Gözləri yaşarmışdı. Qırx il əvvəl atası Sənan bu yolla cəbhəyə getmişdi, həlak olması barədə qara kağızı gəlmişdi. Iki qardaş, bir bacı atasız böyümüşdü. Anası Reyhan onlara həm də ata olmuşdu.
Valeh peşə təhsilini Sumqayıt şəhərindəki 17 saylı texniki-peşə məktəbində aldı. Əmək fəaliyyətinə bu şəhərdəki 2 saylı trestin səyyar-mexanikləşdirilmiş dəstəsində başladı. Onu trestin 20-ci idarəsinə dülgər göndərdilər. Burada iki il işlədi, kollektivdə işgüzar fəhlə, səmimi gənc kimi tanındı.
1988-ci ilin yayında Valeh Müslümov hərbi xidmətə çağırıldı. Rusiyanın Primorsk diyarında iki aylıq kurs keçib serjant rütbəsi aldı. Ordu həyatı onu istedadlı idmançı kimi mətinləşdirdi. Xidmət etdiyi hissədə karate yarışlarında birinci yeri tutdu. Bu qələbə alaydakı erməni zabitləri tərəfindən qısqanclıqla qarşılandı. Axı, Valeh finalda ermənini məğlub edib birinci pilləyə qalxmışdı.
Xidməti başa çatdırdıqdan sonra Valehə hissədə idman məşqçisi təklif olundu. Ali hərbi məktəbə də göndərmək istəyirdilər. O, rədd cavabı verib demişdi:
- Məni Vətənim çağırır. Doğma Azərbaycanıma xidmət etməyə dönürəm.
Vətənə qayıtdıqdan sonra ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edib Xüsusi Təyinatlı Milis Dəstəsində xidmət eləmək arzusunda olduğunu bildirdi. Komissiya üzvləri onu qeyd-şərtsiz qəbul edib dedilər:
- Bizə sənin kimi idmançılar lazımdır.
1991-ci ildən Valehin həyatında həm şərəfli, həm də çətin günlər başlandı. Düşmənin burnunu əzməyə, gücünü göstərməyə məqamın çatdığına sevinirdi. Orduda xidmət etdiyi illərdə silahları mükəmməl öyrənmişdi, mahir pulemyotçu idi.
Onu ilk ezamiyyətə 20 nəfərlə Qubadlıya göndərdilər. Davudlu kəndini ermənilərdən azad etmək tapşırığını almışdılar. Kəşfiyyat xəbər gətirdi ki, saqqallılar məktəbin binasında məskən salıblar. Yerli milis şöbəsindən köməyə gələnlər də oldu. Hücum planı hazırlandı. Nəzərdə tutulan saatda əmr verildi. Ermənilər itki verə-verə geri çəkildilər. Xüsusi təyinatlı döyüşçülər xeyli sursat ələ keçirdilər. Bu döyüşdə Valehin dostlarından ikisi yaralanıb hospitala düşdü.
Döyüşçü Valeh Həmidovun söhbətindən: Biz Şuşaya növbəti ezamiyyətə gedirdik. Füzulinin Yuxarı Veysəlli kəndini düşmənin mühasirəyə aldığını yolda eşitdik. Komandir qəti qərar qəbul elədi: "Biz gecəni gözləməliyik. Düşmən evləri yandırıb əhalini gülləbaran edə bilər". Rayonun polis şöbəsindən üç UAZ maşını götürdük. Hücuma keçəndə Valehlə bir maşındaydım. Atışma saat yarım çəkdi. Valehin pulemyotu səsləndikcə ermənilər qaçmağa üz qoydular. Kənd azad edildi. Qocalar, cavanlar bizi xilaskar kimi qarşıladılar. Ilk təşəkkürü adaşım Valeh komandirdən Yuxarı Veysəllidə aldı.
Növbəti ezamiyyət ərəfəsində Valeh icazə alıb valideynləri ilə görüşə gəlmişdi. Oğlunun boynuna sarılan Nənəgül ana: "Ay bala, mən səni doyunca görmədim. Üç ildir gedibsən, telefonla da danışmırsan səsini eşidim" demişdi.
-Ana, mənim getdiyim yerlər danışıq məntəqələrindən uzaqdadır. Nigaran qalma, uzağı bir ilə qayıdaram, sən toy tədarükündə ol, - deyə onun dən düşən saçlarını oxşamışdı.
...Xocavənd rayonunun Çartaz kəndi. Düşmən buranı çox asan ələ keçirmişdi. İndi azad etmək vaxtıydı. Şərab zavodu istiqamətində hücum təşkil olunmalıydı. Bölük komandiri bu dəfə də Valehi yanına çağırıb məsləhətləşdi.
-Səhər açılar-açılmaz özümüzü zavoda çatdırıb çənlər olan tərəfdən atəş açmalıyıq, - Valeh fikrini bildirdi.
-Fikrimiz üst-üstə düşür, - komandir dedi.
İri çənlərin birinin üstünə qalxan Valeh Müslümov ermənilərin ağlına gəlməyən tərəfdən atəşə tutdu. Düşmən meyitləri götürməyə macal tapmamış geri çəkildi, bir BTR-i sıradan çıxdı.

***
Qarşıdan Novruz bayramı gəlirdi. İlaxır çərşənbəyə 3-4 gün qalmış bölük komandiri döyüşçülərlə söhbət elədi, aprelin əvvəllərində Ağdərə-Tərtər bölgəsinə gedəcəklərini bildirdi. Həm də hər kəsin ailəsində bayramı keçirməyə icazə verdi.
-Mən Lerikdən təzəcə qayıtmışam. Bayramı Sumqayıtda bibimlə keçirəcəyəm, - Valeh dostları ilə görüşüb ayrıldı. Mayın 19-da cəbhə dostu Ənvərlə bibisinin qonağı oldu. Həyətdə tonqal yandırdılar. Ancaq Valehin üzü nədənsə gülmürdü. Bibisi onun xasiyyətinə bələd olduğundan üstünü vurmurdu.
Adəti üzrə Valeh yuxudan tez oyanmışdı. Pəncərədən çölə boylandı. Göyün üzü tərtəmiz idi. Üz-gözünə çərşənbə suyu vurub yola hazırlaşdı. Bibisi axşamdan hazır qoyduğu bağlamanı ona uzatdı:
-Dostlarının payıdır. Gözü olanı, imkan tapıb evə gedə bilməyəni var. Allah onları da saxlasın, səni də.
Maşın dayanacağında Sumqayıta gələn döyüşçü dostları onu gözləyirdilər. Yerlərini tutdular, "Ural" gurultu ilə yola çıxdı. Uşaqlar deyib-gülür, zarafatlarından qalmırdılar. Arif şinelinin cibindən boyanmış yumurtanı çıxarıb Valehə uzatdı:
-Bayramın mübarək!
-Sizin də bayramınız mübarək! - deyə Valehin dodağı qaçdı.
Mənzilə, Bərdədəki pioner düşərgəsinə gün batanda çatdılar. Ratsiya ilə məlumat alındı: martın axırlarında, aprelin əvvəllərində ermənilərin Ağdərəyə hücumu gözlənilir. Milli Ordudan, özünümüdafiə dəstələrindən əlavə qüvvələr, döyüş texnikası göndərildi.
Aprelin 10-da səhər tezdən Marquşavan kəndinə hücum əmri alındı. Valeh təpənin üstündə mövqe tutmuşdu. BTR-in sürücüsü Vüqar Mürsəlov maşını hərəkətə gətirdi. Valeh snayperlə, Vüqar BTR-lə erməniləri biçməyə başladı.
Polis mayoru Sabir Ağayevin söhbətindən: Mən BTR-in komandiri idim. Bir saat idi Marquşavanı almaqdan ötrü vuruşuduq. Döyüşün qızğın çağında maşının qabağında polis nəfəri göründü. O, əlini sola tərəf uzadıb deyirdi:
-Yaralılar var, kömək eləyin!
Maşının sürücüsü sol tərəfdəki qapını açdı. Yerə atılıb çökəkliyə tərəf sürünməyə başladım. Üç nəfər yaralı uzanmışdı. Valehi tez tanıdım. Bir gün əvvəl başını ülgüclə qırxdırmışdı. Özümü çatdırıb arxası üstə çevirdim. Alt köynəyini cırıb yarasına basdım. Güllə ürəyinə dəyib kürəyindən çıxmışdı. Üzünə ehmalca vurdum, gözlərini güclə açdı. "Sabir, məni tez götürün, düşmənin əlinə keçməyim", - dedi. Maşın tərəfə qışqırdım:
-Vüqar, özünü yetir, Valeh gedir!
Biz onu maşına salanda nəfəsi kəsilmişdi. Vüqar onun gözlərini yumdu, dodaqlarını bir-birinə yapışdırdı. Valeh on nəfər yaralını döyüş meydanından çıxarmışdı. On birincini çiyninə alanda düşmən gülləsinə tuş gəlmişdi. Döyüş dayandı, araya sükut çökdü. Biz dostumuzun cənazəsini Bərdə polis şöbəsinə gətirib mərkəzə məlumat verdik. Aradan iki saat keçmişdi ki, telefon zəng çaldı. Dəstəyi qaldırdım. Səs aydınca eşidilirdi:
-Atasının xahişi ilə Lerikdə, doğulduğu torpaqda dəfn eləyin. Qəhrəmanlığı heç vaxt unudulmayacaq, qanı yerdə qalmayacaq.
Şəhidi gətirən maşın Lerikə çatanda şəhərin sakinləri dəfn mərasiminə yığışmışdılar. İcra hakimiyyətinin, hərbi komissarlığın, sərhəd qoşunlarının nümayəndələri Valeh Müslümovu son mənzilə yola saldılar. Açılan yaylım atəşləri Vətən oğlunun xatirəsinə and kimi səsləndi.
***
Valehin şəhid olmasının qırx günü çıxmışdı. Ancaq evdəki televizorun qara örtüyü götürülməmişdi. Ailə üzvlərinin kədəri hələ soyumamışdı. Əlizahid müəllim ölkədə baş verən hadisələr barədə xəbərləri peşə yoldaşlarından eşidirdi. 1992-ci il iyunun 5-də Bakıdan ona zəng elədilər. Valeh Müslümova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsini dedilər. Xəbər bütün ailə üzvlərini yenidən kövrəltdi. Qəhrəman ana Nənəgül xanım Valehin şəklini bağrına basıb: "Mənim qəhrəman balam, bu ad sənə südüm kimi halaldır", - dedi.
On bir ilk Milli Qəhrəmandan biri eloğlumuz idi. Yerli təşkilatlarda qəhrəmanın adını əbədiləşdirmək barədə qərarlar imzalandı. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Valeh Müslümovun oxuduğu şəhər 2 saylı orta məktəbinə onun adı verildi, foyedə büstü qoyuldu. Şəhər sakinlərinin xahişi ilə yaşadığı küçə indi Valehin adını daşıyır. Məktəbdə xatirə muzeyi açıldı. Muzeyin eksponatları arasında ulu öndər Heydər Əliyevin imzaladığı "Qızıl Ulduz" medalının vəsiqəsi də nümayiş etdirilir. Qəhrəmanın ad günü ərəfəsində məktəblilər muzeyə gəlir, onun həyatı və döyüş yolu barədə söhbətləri dinləyirlər.
Yazıçı-publisist H.Ruhullaoğlunun yenicə çapdan çıxmış "Onu Vətən çağırdı" sənədli povesti Valeh Müslümovun şərəfli ömür yoluna həsr olunmuşdur.

***
1995-ci il oktyabrın 28-də Müslümovlar ailəsinə daha bir ağır xəbər gəldi. Bakıda, metroda baş verən faciədə ailənin üçüncü övladı Hümmət bir körpəni xilas etsə də, özü xəstəxanada dünyasını dəyişdi. Lerikdə məzarlar qoşalaşdı, xilaskar qardaşların ruhuna dualar oxundu, Ulu Tanrıdan rəhmət diləndi.
Valeh yaşasaydı sentyabrın 2-də 45 yaşını qeyd edərdi. Bəlkə də 3-4 övlad atası olardı. Uşaqları orta məktəbdə, universitetlərdə təhsil alardı. Bunların heç biri ona nəsib olmadı. Ürəklərdə 23 yaşlı cavan kimi qaldı. Adı dünyaya göz açan körpələrə qoyuldu. Doğulduğu diyarı şərəfləndirdi. Şair Balayar Sadiqin qəhrəmana həsr etdiyi poemada deyildiyi kimi:

Bir gün Ağdərədə şəhid adını,
Ömrün zirvəsinə asdı Valehim.
Yurdun qəhrəmanlıq salnaməsinə
Lerikin adını yazdı Valehim.






TƏQVİM / ARXİV