adalet.az header logo
  • Bakı 13°C

YAŞAM SEVGİSİ

FƏRİDƏ RƏHİMLİ
32117 | 2014-08-30 13:08
Onu heç belə görməmişdim. Sifətindəki xoşbəxt ifadə diqqətimi cəlb etdi. Hər gün qəmli-qəmli əlil arabasında oturub, ona xırda pul uzadan adamlara dodağının altında mızıldanaraq alqış edirdi: Allah razı olsun, Allah razı olsun...dediklərindən bu sözlərdən bundan başqa heç nə anlaşılmırdı.
Bu gün isə o başqa aləmdə idi. Dayanıb bir neçə dəqiqə onun bu xoşbəxt görünüşünü seyr etdim. O, burda deyildi - uzaqlarda, indi artıq xəyala dönmüş gəncliyində idimi, gözlərinin dünya işığını görən, rəngləri seçən, iynə ucu qədər belə xırdalıqları seçə bilən... və bu nemətin qədrini bilməyən vaxtlarındamı idi, ilk sevgisinin sehrindəydimi, ilk görüşün, ilk öpüşün şirinliyinin təsirindəydimi, yoxsa toy gününün, körpələrinin dünyaya gəlməsinin sevincinimi yaşayırdı, bilmirəm. Elə xoşbəxt idi ki...
Başını yelləyərək gülümsünürdü. Bu dünyanın əzablarına, çəkdiyi gündəlik zillətə, zəlil halıyla kimləri isə dolandırmaq qayğısına, ovcuna qoyulan hər qəpik üçün alqış etmək məcburiyyətinə, təkcə dünya işığına malik olduqları üçün hər gün şükr etməli insanların bu nemətə laqeydliyinə, - hər şeyə əlini yelləyib, xəyallarının qanadlarında uzaqlaşmışdı bu əzab dolu real dünyadan...
İllərdi onu yolumun üstündə əlil arabasında oturaraq dilənən görürdüm. Haqqında eşitdiklərim həqiqətdimi, şayiələrdimi, bilmirəm, amma bir doğru olan vardı - o, anadan kor doğulmamışdı və böyüdüb, boya-başa çatdırdığı uşaqları vardı. Qışda üşüyərək büzüşüb oturardı, yayın 30 dərəcədən artıq istisində kölgəliyə çəkilmədən günəşin şüalarında yanaraq oturardı. Bu, insanların mərhəmətini qazanmaq üçünmüydü, yoxsa onu kölgəyə, daldaya çəkən bir insaflı insanmı yoxdu, bunu da bilmirəm. Bəzən mürgülədiyinimı, düşündüyünümü ayırd etmək olmurdu, çünki gözləri daim qapalı vəziyyətdə idi.
Onun bu, bir neçə dəqiqəlik "xoşbəxtliyini" yanından keçən biri əlindən aldı. Əlinə toxunaraq qəpiyi onun ovcuna qoyanda diksinib, "bu dünyaya" qayıtdı. Qəpiyə sevinsə də, qayıtdığına sevinmədi sanki. Bu, sifətindəki təəssüf ifadəsindən məlum idi...
Avtobusun pəncərəsindən seyr etdiyim bu bir neçə dəqiqəlik müşahidəm məni alıb götürdü.
Bir təsirli klipə baxmışdım. Kor dilənçi gəlib-gedəndən mərhəmət umur, ona tək-tək pul verən olur. Bir gənc qadın geçərkən onun ovcuna xırda qoyub uzaqlaşır. Və geri dönür, bir parça kardon kağız üzərinə nəsə yazıb dilənçinin qarşısına qoyur. Bir azdan ordan keçənlər iri həflərlə yazılmış bu yazını oxuyaraq ona az bir zamanda çoxlu pullar verirlər. Geri dönərkən yenidən onun ovcuna pul qoyan qadını əlinin təmasıyla tanıyan dilənçi onun kardona nə yazdığını soruşur. Qadın yazdığını ona oxuyur: "Həyat gözəldir. Amma sizdən fərqli olaraq, mən o gözəlliyi görə bilmirəm".
Doğrudan da, malik olduğumuz şeylərin qədrini onu itirənədək bilmirik. Həmişə olacaqmış kimi davranırıq, unuduruq ki, bu bunları bizə verənin nə vaxt alacağını bilə bilmərik. Bu həm yaxınlarımız, sevdiklərimizə aiddir, həm də yaradanın bizə nəsib etdiyi sağlamlığıa, gözəlliyə, hərəkətə, görmə, duyma, eşitmə, hiss etmə qabiliyyətimizə. Üç gün əvvəl qonşuda rəhmətə gedən qarının qızı təəssüflə ağlayaraq söylədiyi sözlər: "Elə bilirdim həmişə mənimlə olacaq. Onu yuyundurmağa götürəndə ağırlığına tab gətirə bilməyib üstünə qışrırırdım. Kaş ki, eləməsəydim... Bəli, sonradan "Kaş ki..." deməmək üçün malik olduğumuza qane olmalıyıq. Sevdiklərimizə hər gün "Səni sevirəm!" etirafından çəkinməməliyik. Onları sevindirmək üçün ad günü, yaxud hansısa özəl günü gözləmək lazım deyil. O gün gəlməyə bilər! Sevgini etiraf etdiyin gün elə onların bayramı olur. Övladlarımıza sevgimizi daim büruzə verməliyik. İşlədiyimiz kollektivdə, ətrafımızda hörmət, sayqı bəslədiyimiz insanlara bunu hiss etdirməliyik. Paxıllığı, həsədi, kin-küdurəti sevgiylə, sevinclə, mərhəmətlə, qayğıyla əvəz etməliyik. Çünki hər bir insan bir diqqətin, bir kəlmə xoş sözün, bir sevgi dolu baxışın, bir mərhəmətli əlin... acıdır. Ən insan da bir təbəssümün qarşısında mülayimləşə bilir. Çünki bu, hər kəsin umduğu insani ehtiyacdır. İslam Peyğəmbərimiz isə təbəssümü sədəqə hesab edir. Sınamaq olar, elə də böyük zəhmət tələb edən sədəqə deyil...
Avtobusun pəncərəsindən hər gün seyr etdiyim, ömürlük qaranlığa məhkum olmuş o dilənçi bəlkə də ömrünün yarısını bir saatlıq dünya işığı ilə dəyişməyə razı olar. Gözlərinizin qədrini bilmək üçün kor adamı, əllərinizin, ayaqlarınızın nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün mütləq əlil insanları gömək məcburiyyətində deyilsiniz. Hər yuxudan oyandığınızda bütün bunlara malik olduğunuz üçün şükr edin! Və bu qiymətli nemətdən məhrum olanlara mərhəmətdən çox məhəbbətlə yanaşın. Çünki mərhəmət insanları yazıq, fağır, müti hala salan bir hissdir. Insan insandan əvvəl məhəbbəti duymalıdır ki, mərhəmətini qəbul edə bilsin. Bu yaxınlarda "İstedadlı Əlillər" İctimai Birliyi adlı bir cəmiyyətin varlığından xəbər tutdum. Bu cəmiyyəti təşkil edən və müxtəlif qabiliyyətli insanları bu cəmiyyətə dəvət edərək həyatdan küskün yaşamamaları üçün böyük savab iş görən Qubad Qasımovla tanış oldum. Çox nikbin əhval-ruhiyədə olan, intellektual səviyyəli bu insanın, onun rəhbəri olduğu birliyin üzvlərinin aurası o qədər müsbət, o qədər xoşdu ki, belə insanları tanıdığıma çox məmnun oldum. Pessimizmə qapılan, həyatdan küskün düşən, özünü cəmiyyətdən təcrid edən çox insanları həyata qaytarmaqla Qubad qardaşımız fiziki sağlamlığı olan çox insanlardan daha böyük işlər görür. Onun əlil arabasında qadir olduğu işlər yüzlərlə sağlamların edə bilmədiyi, etmədiyi səviyyədədir. O, özünü çox şeylərə qadir hesab edir və buna həqiqətən də haqqı var. Çünki cəmiyyətin üzvlərinin fəaliyyətinə, əl işlərinə heyran olmaya bilmirsən. İnsanın qurub-yaratması üçün yalnız fiziki sağlamlıq azdır. Ürək lazımdı, istək lazımdı, qabiliyyət lazımdı insanın insan kimi formalaşması, özünü sübut etməsi üçün. Təəssüf ki, bizim insanlarda bu təfəkkür az formalaşıb. Qubad Qasımovun incikliyi sağlam insanların əlil insanlara qarşı ögey münasibətindəndir: Biz cəmiyyətdən təcrid olmaq istəmirik. Bəzən olub ki, gözümüz görə-görə bizə baxıb, "Uzaq olsun!" deyə, qulaqlarını çəkənlər olub. Bunları söyləyə bilmək üçün insan bütün insani hisslərdən uzaq olmalıdır".
"İstedadlı Əlillər" İctimai Birliyinin işlərini saymaqla qurtaran deyil. Ən böyük işi mənəvi yardım olsa da, bu birliyin yaranmasının çox fiziki məhdudiyyətləri olan insanların maddi durumuna da az təsiri olmayıb. Ramazan bayramı ərəfəsində "AAAF Park" ticarət mərkəzində ilk dəfə tanış oldum bu birliyin rəhbərləri, üzvləri ilə. Qubad Qasımov sanki o insanları yenidən həyata qaytarıb. Müxtəlif çeşiddə maraqlı əl işlərindən ibarət sərgiyə tamaşa etdikcə bunun insan əliylə yaradıldığına təəccüb edirsən. Bu cür qabiliyyətləri üzə çıxardığı üçün Qubad qardaşımıza minnətdarlıq etmək üçün yaxınlaşanda fiziki qüsurlu gənc bir qızın əl işlərindən satılanların pulunu verdiyinin şahidi oldum. Birliyin maliyyə fondu üçün bu pullardan saxlamırsınızmı? - soruşanda o, gülümsünərək, yox, dedi, bizim məqsədimiz maddiyyat deyil, o insanların özünə inamını qaytarmaqdır, özünə qapanmaqdan, cəmiyyətdən təcrid olunmaqdan xilas etməkdir - dedi. Həqiqətən də qız çox məmnundu... Birliyin üzvlərinin çoxu o tədbirdə iştirak edirdilər. Qarabaşaqdan, buğdadan, kibrit çöpündən, müxtəlif saplardan, balıqqulağından v.s düzəldilmiş müxtəlif əl işlərinə heyran olmaya bilmirsən. "İstedadlı Əllər" İctimai Birliyi tez-tez ictimaiyyət arasına çıxaraq üzvlərinin insanlarla təmasını təşkil edərək, onların komplekslərindən uzaqlaşmaları və öz istedadlarını nümayiş etdirmələri üçün əlindən gələni edir. İstedadlı əlillər arasında idman yarışlarında respublikamızı layiqincə təmsil edənlər də çoxdur. Şəhərin müxtəlif yerlərində, xüsusən də "28 Moll" ticarət mərkəzində, Park Bulvarda, AAAF Parkda, bu yaxınlarda isə "N" saylı hərbi hissələrimizdən birində oldular. Bu, həqiqətən düşündürücü bir jestdi. Çünki maddi, fiziki məhdudiyyətləri olmayan çox insanların nə Vətən, nə əsgərlərimiz, cəbhə zonası, nə də adi ehtiyaclı insanlar yadına da düşmür.
Demək ki, insanın şikəstliyi beynində, qüsuru adamlığında, məhdudiyyəti ağlında olur.



TƏQVİM / ARXİV