adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

VƏSİLƏ USUBOVA
26529 | 2014-08-30 13:06
Yaşamaq istəyirəm. Bilirəm, mümkün deyil. Deyirlər, öz əlindədi: rejimlə yaşa, idman elə, təmiz havada gəz. Məsləhətləri qəbul eləyirəm. Amma istəyirəm, bir nəfər də gözümün içinə baxıb inadla desin: fikir eləmə! Pavlov bütün xəstəliklərin kökünü sinir sistemində axtarırdı. Üsyankarcasına "mən sinir sistemindən başqa heç nə tanımıram" deyirdi. Nənələrimiz ondan da irəli getmişdilər, "fikir yıxan evi fələk də dikəldə bilməz" deyirdilər...
İnsanın qəddini fikir əyir...
Qəddin əyildisə, evin də yıxılır...
Müşkül, cavabsız sualların yığnağı olan fikirlər səbəb olur buna...
Bütün düşündüklərimiz qəlbimizə zövq vermir. Ən böyük səhvimiz də ondadı ki, bizə zövq verən işlərin ardınca getmirik, həyatımızı ürəyimizin deyil, ağlımızın diktəsiynən qururuq. Təbii ki, mən ötəri könül əyləncələrindən danışmıram. Zəngin duyğular bağışlayan, könlümüzü, ruhumuzu doyduran yaşantılardan bəhs edirəm. Əslində, biz ağlın da nədən ibarət olduğunu dərindən anlaya bilmirik. Oxuduqlarımız, öyrəndiklərimizlə beynimizi doldurur, bunu ağıl hesab edib çiyinlərimizin üstündə xəzinə gəzdirdiyimizi güman edirik. Soyuq mühakimələrlə qəlbimizin isti döyüntülərini dondururuq. İçimizdə açılmaq, üzə çıxmaq istəyən bütün gözəllikləri ağlımızın buz nəfəsiynən soldururuq. Təki bizə ağıllı desinlər, abırlı, ismətli saysınlar... Son anda bütün bunların puçluğa, heçliyə apardığını görüb peşimançılıqlar içində qıvrılırıq.
Artıq gecdi...
Nə zamansa oxumuşdum ki, ağılla qəlbin mübahisəsində ağıl həmişə maymaq yerində qalır. İndi bunu fikirləşəndə, nə qədər dərin, sərt bir həyat həqiqətini əks etdirdiyini anlayanda damarlarımda qanım donur...
Peşimançılıq qədər qorxduğum heç nə yoxdu...
Bir də... yorğan-döşəkdən qorxuram. Qəribə burasıdı ki (bəlkə də ən məntiqlisi) peşimançılıq hissi adamı məhz xəstələnib yorğan-döşəyə düşəndə yaxalayır... Həm də elə acımasız bir şəkildə yaxalayır ki, adam düşüncələrindən də dəhşətə gəlir...
Nədən belədi?! Bəlkə ona görə ki, yorğan-döşəkdə düşünməyə, özünə hesabat verməyə kifayət qədər vaxtın olur.
Və bu hesabatlar da sənə alovdan don biçir...
Ayaq üstə olanda heç olmasa, iş-güclə başını qatırsan. Kant deyirdi ki, ağıl qaranlıqda daha yaxşı işləyir. Biz də yorğanı başımıza çəkib süni qaranlıq yaratmaqla istənilən qədər ağlımızı işlədə bilirik.
Ancaq peşiman olandan sonra iti işləyən ağlımızı...
Başqalarının "ağlı"nı o qədər başımıza yığırıq ki, onlarsız keçinmək daha mümkün olmur. Bir nəfərin ağlının məhsulu adamın lap qanını dondurur. Sara Bernar. Onun "insan üçün ən qorxulu yer yorğan-döşəkdir, çünki əksər insanlar yataq otağında canını tapşırır" sözlərindən sonra adam elə ayaqüstə yatmaq istəyir...
Xəstələnmək sabaha yönəlik bütün xəyal və istəklərin üstündən xətt çəkmək deməkdir. Yorğan-döşəyə düşmək-gəzdiyin yerləri bir də gəzməmək, gördüklərini bir də görə bilməmək, dördbir yanına meydan oxumaq, naz satmaq, şıltaqlıq etmək istəklərindən biryolluq əl götürmək deməkdir...
Deməli, bir də ayağa qalxmasam, sevə-sevə gördüyüm işlərə, zövq aldığım musiqilərə, bitib-tükənməyən maraqlara, gözümə-könlümə yığmaqdan doymadığım gözəlliklərə əlvida...
Allahım! Xoşbəxtlikçin insana nə qədər az şey lazımmış...
Bizsə aşırı istəklərimizlə beynimizi, qəlbimizi yükləyib işıq gələn deşikləri tıxamaqla məşğuluq...
Bir də tale deyilən dəyişməzlik var, axı... Alqışımızın da, qarğışımızın da yönləndiyi alın yazımız. Ağlın gücündən çox danışırıq. Şəninə təriflər (ancaq öz ağlımızın) deyir, uğurlarımızı adına yazırıq. Unuduruq ki, taleyin əlində girinc-giriftar qalanlar elə ən ağıllılardı. Bəzən düşünürəm ki, taleyin də qərəzlisi var; qəsdən adamın istəklərinə qarşı çıxır, ən xırda zərbələrdən belə qorumur.
Bəziləri ağılla olmasa da, iradə, ruhun cəsurluğu, inadkarlıqla taleyi dəyişdirməyin mümkünlüyündən danışırlar. Əksinə, deyəsən, heç tale də cəsurları və məğrurları sevmir...
Daha uğursuzluqlarımızın səbəbini niyə başqa şeylərdə axtarırıq ki?!.
Bəlkə elə peşimançılıq da gərəksiz hissdi? Əlimizdə olmayanlardan ötrü niyə özümüzü üzürük ki...
...Afinanın tanınmışlarından biri oğlu öləndə ağlayır. Onu bu halda görən dostlarından biri təskinlik üçün deyir:
- Axıtdığınız göz yaşlarının heç bir faydası yoxdur.
Adam cavab verir:
-Mən də elə göz yaşlarının faydasızlığına görə ağlayıram...
Gör, insan kədərinin və çarəsizliyinin neçə qatı var...
Əzizlərimizin ölümündə biz günahkar deyilik, ona görə də bu yerdə peşimançılıqdan danışmağa belə dəyməz. Sadəcə, bizə elə gəlir ki, sağlığında onları lazımınca qiymətləndirə bilməmişik...
***
Ən yaxşısı yaşamaqdı. Özünü dərdə vermədən, uğursuzluqları saymadan yaşamağı bacarmaqdı. Xəstələnib yorğan-döşəyə düşməməkçin bütün məhrumiyyətlərə gülmək, bütün ehtiyaclardan ucada durmaq gərəkdi...
Bakı haqqında yazılmış nəğmələrdən birini uşaqlıqdan çox sevirəm. Sözləri Rəsul Rzanındı. "Qucağında Xəzərin yatıb-dincələn, əyri-köndələn" şəhəri sonsuz sevgiynən tərənnüm edən şairin bir yanıqlı istəyi də var bu nəğmədə: "Yüz il ömür sürəydim, bir gün xəstələnməyib..."
Mən xəstələnməkdən, yorğan-döşəyə düşməkdən həmişə qorxmuşam. Çünki bu, insanın bütün gözəlliklərə açılan gözlərini bir gün qapaya bilər...
Uzaq olsun!...



TƏQVİM / ARXİV