adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İTİRDİYİM DOST

SEYFƏDDİN ALTAYLI
52542 | 2014-08-30 01:05


Yəhya Kamal Bayatlı

Hər bir insanın ömründə maraqlı günləri, illəri vardır. Şagirdliyimdən ve orta məktəbdə oxuduğum illərdən tutmuş universiteti qurtarandan da o yana kimi həyatın hər üzünü gördüm. Orta hesabla bir dəfə sevinsəm mütləq on dəfə narahatçılıq içində bir o yana, bir bu yana vurnuxdum. Bu da mənim taleyimə yazılan imiş, yazılanı kim poza bilib ki, mən də pozaydım. Xüsusilə İstanbulda keçirdiyim dörd ildə başıma gələnləri danışsam, sanballı bir roman yaranardı.
Məndən 8-9 yaş daha böyük olan Fazil İnanc adlı bir kəndçimiz vardı, bizim ev kəndin bir başında, onlarınkı isə o biri başındaydı, bu səbəblə uşaqlıq illərimdə onunla o qədər də ünsiyyətim olmamışdı.
Kəndimizdə çayxana yoxdu, ağsaqqallarımız, "gənclər çayxanada kart oynayıb pis şeylər öyrənər deyə" çayxanaların açılmağına icazə vermirdi, ancaq idmanla məşğul olmağımızı alqışlayırdılar. Kimin ağzı vardı ki, bu qərara qarşı gəlsin və ya onları saymayıb çayxana açsın!..
Fazilə, mən və yaşıdlarım böyük qardaş mənasına gələn "ağabey" deyə müraciət edirdik. Atası eynilə mənim atam kimi kəndin ən kasıblarındandı, çünki torpağı əkib-biçəcək, yer şumlayıb toxum əkəcək və əkinə qulluq edəcək fiziki qüdrəti yoxdu. Atam kimi o da artıq qocalmışdı, qısa bir müddət sonra da dünyasını əbədilik dəyişdi. Ailənin dolanışıq ümidi qaldı bircə Fazilə, o da sahəsi az olan bir neçə parça torpaqla neyləyə bilərdi? Əsgərliyini çəkib gələndən sonra bir bərbərxana açdı, gündüz əkin-biçin işləri qurtaran kimi gedib dükanında işləməyə, ailəsinin güzəranını yaxşılaşdırmağa başladı.
Qışda kəndin gənclərinin əksəriyyəti onun başına yığışırdı. İlk gənclik illərimdən tutmuş orta məktəbi bitirənə kimi xüsusilə hər qış onun bərbərxanası biz gənclərin yığıncaq yeri idi. Fazil ağabey həm gözəl saz çalıb-oxuyur, həm də sözü-söhbəti maraqlı bir insandı, bərbərlik sənətinə isə söz yoxdu. Familiyası kimi Tanrısına, özünə inamı tam olan bir şəxsiyyətdi. Toylarda bir neçə dəfə qara zurnanın çaldığı cəngi havasında tay-tuşları ilə güləşdiyini görmüşdüm, hamısında qalib gəlmişdi. Qohum-əqrəbası olmasa da heç kəsin qarşısında əyilməzdi, bir sözlə şəxsiyyətli, igid bir insandı.
Bir gün mənimlə söhbət edərkən "Seyfəddincan başımı götürüb buralardan gedəcəyəm, İstanbulda iş sahəsi çoxdur, gedib qalan ömrümü orda yaşamaq istəyirəm, kənd bizə heç nə vermir, illik qazancımız borcumuzu ödəməyə kifayət etmir". O vaxt İgdirdən o yana çıxmamış bir insan olaraq ona nə deyə bilər, hansı fikri irəli sürə bilər, nəyi məsləhət verə bilərdim ki!.. Bir gün hamımızla vidalaşdı və köçüb İstanbula getdi. Mən öncə liseyi, sonra da müəllim məktəbini bitirdim, altı il müəllim işlədikdən sonra universitet imtahanlarına girib İstanbul Universiteti ədəbiyyat Fakültəsini qazandım və müəllimlikdən istefa verib ali təhsilə başladım.
Təbii ki, İstanbula ayaq qoyar-qoymaz Fazil ağabeyimizi tapdım, salam-əleykdən sonra universiteti qazandığımı, bu səbəblə İstanbula gəldiyimi söylədikdə ayağa durub məni bağrına basıb üzümdən-gözümdən öpüb təbrik etdi, sevincindən kövrəlmişdi. O, dostunu beləsinə sevən, onun sevinciylə sevinib kədəriylə kədərlənən bir insandı. İstanbulun Bahçəlievlər səmtində özünə ev tikmişdi, o vaxt oralar çöllük idi, indi hardasa şəhərin ortasına dönüb. Orda-burda təzə-təzə binalar tikilirdi, şəhərdə yaşayan əhali sayı isə cəmisi üç milyon yarımdı, indi 16 milyondu. Dərsxanada imtahanlara hazırlaşmaq məqsədiylə İstanbula gələn biri qaynım digəri işçi üç kəndçimizlə birlikdə o tərəflərdə təzə tikilən bir evi kirayə götürüb yaşamağa, dərslərimizlə məşğul olmağa başladıq. Bölgədə solçularla biz sağçılar arasında dəhşətli bir mübarizə gedirdi. Türkiyədə o illər hər gün orta hesabla üç nəfər terrora qurban gedirdi, ancaq İstanbul tək başına Türkiyədəki statistikanın çoxunu həmişə öz əlində saxlayırdı. Haçan başım bəlaya girsə və bir neçə gün ortalıqda görünməməyim vacib olsa qaçıb Fazil ağabeyimi tapır, o da məsələni həll edirdi. Evi isə öz evimiz olmuşdu, nədən çətinliyimiz olsa ona müraciət etməli olurduk və problem yerli-köklü qurtarırdı. Həyat yoldaşı Pakizər xanım bizə ana qayğısı ilə yanaşırdı, onların bizim üstümüzdəki haqqı ödəyə bilməyimiz çox çətindi.
Universitetdə oxuduğum illərdə İstanbulda deyil, İstanbulu yaşamış, onunla bütövləşmiş, şəhərin əsil mədəni-tarixi havasını ruhuma hopdurmuşdum. Dünyanın ən önəmli və görkəmli məkanlarından biri olan bu maraqlı şəhərdə neçə-neçə simalar tanımışdım. İnsanların dondan-dona nə cür asanlıqla keçdiyinin dəfələrlə şahidi olmuşdum. Sözün düzü ruhuma yad olan bu hallar məni dəhşətə salsa da insan deyilən məxluqu yaxşı tanımaqda xeyli təcrübə qazanmışdım.
Üç ildir çox sevdiyim İstanbula gedə bilməmişdim. Yoldaşımın xəstələnməyi və daimi müalicəsi, başımın qarışıqlığı, sonra da ürəkdən keçirdiyim operasiya buna mane olmuşdu. Keçən həftə cümə günü axşam çağı evdə idim və hazırladığım ensiklopedik lüğətin axırıncı düzəlişlərini edərkən telefonumun zəngi çaldı, dəstəyi götürdüm gördüm Fazil ağabəyimin ikinci həyat yoldaşı Məryəm xanımdı. O anda sanki bəd bir xəbər eşidəcəyim fikri ürəyimə damdı. İki həftə qabaq zəng etmiş və Fazilin "motornöron" deyilən xəstəliyə düçar olduğunu və sosial sığorta ilə bağlı müəyyən problemlərlə üzləşdiklərini onların həll edilməsinin müalicə prosesi üçün labüd olduğunu söyləyib, bu barədə məndən kömək istəmişdi. Özümü hara vursam da qanun qabağımı kəsmiş və heç nə edə bilməmişdim. (Fazil bəyin bir vaxtlar işlədiyi şirkət onun adına sığortaya ödənəsi pulu köçürməyərək indi bu problemin yaranmasına səbəb olmuşdu. Nədənsə dünya malına aludə olan insanların əksəriyyəti şərqdəndir və İslam dininə mənsubdur. Axı nə İslam dini bunu buyurur, nə də bəşər hüququ. Nə deyə bilərik ki, Allah belələrini düz yola vadar etsin, çünki onlar bu cür hərəkətləriylə həm İslam dininə, həm də bəşəriyyətə pislik edirlər.). "Alo" deyən kimi Məryəm Xanım hönkürüb ağladı, "Seyfəddin ağabəy Fazili itirdik, sabah günortaçağı dəfn edəcəyik" dedi, sözünün arxasını gətirə bilmədi. O da xərçəngə düçar olmuş, bir yığın əziyyət çəkmişdi, hələ də çəkirdi. Kədər məni bir anda çulğamışdı, bu səbəblə də özümü yığışdırıb danışa bilmədim, dəstəyi qoyar-qoymaz zəng edib avtobusdan bilet götürdüm, gecə yola düşüb səhər-səhər İstanbula çatdım. Evlərinə getdim Məryəm xanım məni görər-görməz ağı deyib ağlamağa başladı. Qızı Melda, böyük oğlu Əkrəm, Ərdoğan və İlkayla görüşüb başsağlığı verdim.
Fazil ağabəylə bir-birimizi nə qədər sevdiyimizi, onu xətrini hər şeydən çox istədiyimi həyat yoldaşı da, uşaqları da bilirdi. Onun da mənə olan sevgisi hədsiz-hüdudsuzdu, ancaq neyləyə bilərdik ki, qarı fələk hər ikimizə də ömrümüzün ən gözəl çağlarında divan tutmuşdu. Artıq onun vaxtı-vədəsi qurtarmış, mələkülmövt Tanrının əmriylə gəlib Fazil ağabəyimin canını almış, ruhu Tanrıya sarı qanadlanıb uçub getmişdi.
Aşıqlarımız yalan yerə demirlər, "Bu dünya bir karvansaradır, hər gələn gedər, əylənməz..."

"Yaman qurğu yığılaydın
Tufanlarda boğulaydın
Nolaydı bir dağılaydın
Bizi dərdə salan dünya"

(Şəhriyar )


TƏQVİM / ARXİV