BOĞULURAM, NƏFƏS VER

ƏBÜLFƏT MƏDƏTOĞLU
153359 | 2014-08-30 03:02
Öyrəşdiyimiz bir terimn var, bu da təbiətlə bağlıdır. Hələ uşaq vaxtlarımıdan yaddaşıma yazılıb bu söz. Deyirlər ki, avqust "qora bişirən" aydır. Mən bunun bir daha şahidi oldum. Yəqin sizlər də şahidlik edə bilərsiniz. Doğrudur, indiki nəsil qoranın nə olduğunu bilmir, heç mən də izah etmək fikrində deyiləm. Amma etiraf edim ki, bu avqust təkcə qora bişirmədi, o yeri-göyü də bişirdi, adamları da bişirdi...g asfaltın püskürdüyü od avtomobillərin içindəki kondisionerləri əməlli-başlı sınağa çəkdi. Üstəlik, evdə, iş otağında kondisioneri olanlar quruyub qaxaca döndülər, kondisioneri olmayanlar isə əriyib muma çevrildilər...
Hə, bax belə bir avqustda, qoranın bişdiyi vaxtda nəfəs almanın nə qədər çətin olduğu, yazı yazmağın cəhənnəm əzabı kimi adamın içini soymağı, üstəlik bilgisayar arxasında əyləşənlərin istidən təngnəfəs olub tıncıxa-tıncıxa ürəyində nələri yuyub sərdiyini, üz-gözlərindən isə daha yazmağa həvəsləri, nə də gücləri qalmadığı oxunan bir zamanda hardansa yadıma gəlib düşən keçmiş bir xatirənin əhatə dairəsindən çıxa bilmədim. Mənə elə gəlir ki, məhz həmin o əhatə dairəsinin içərisində hava o qədər də isti deyil, yəni orda avqust qora bişirmir. Orda olsa-olsa may ayıdı. Mayın da qan coşduran, gül-çiçəyin bir-birinə sarmaşan bir yaz ayı olduğunu kimlərəsə xatırlatmaq yəqin ki, yersiz olar. Ona görə də birbaşa həmin o xatirəmin ipucuna əl uzadıram...
Böyük müsibətlə, amma dözümlə, mətanətlə böyütdü balalarını. Həm evin xanımı oldu, həm də kişisi. Heç kim hiss etmədi bu evdə qadın əlinin, qadın nəfəsinin olmadığını. Evdəki səliqə-səhman, biş-düş, hətta uşaqların əyin-başının çiçək kimi olması ilk baxışdan adamda belə bir təəssürat yaradırdı ki, bu evdə ən azı iki-üç qulluqçu işləyir. Amma əslində bu belə deyildi. O, rəhmətlik Şücaət demiş, uşaqlarını yatızdırıb gecələri ağlaya-ağlaya onların sabahlarını qururdu, gözdən keçirirdi... özünü isə unudurdu. Lakin unutduğunu da büruzə vermirdi. İstəmirdi sıxıntısını, ehtiyacını, ürək ağrısını bir kimsə, illah da ki, uşaqları bilsin. Ona görə də bütün gücünü toplayıb özünə bir şuxluq verməyə çalışırdı...
Təbii ki, həyat davam edirdi və bu gün də davam edir... Həmin həyat onun da üstündən ötüb keçirdi, onu da qoynunda çalxalayırdı. Yüyrümürdü, əməlli-başlı çalxalayırdı. Və o da bu həyatın, bu dünyanın dolanbaclarını, qayğılarını, ağrı-acılarını dəyirman kimi içində üyüdə-üyüdə özü də üyünürdü. Amma çox təəssüf ki, onun üyündüyü artıq əli çörəyə, səsi ətrafa çatan övladlara heç nə demirdi. Sanki elə belə də olmalı idi. Və sanki elə Allah onu məhz bu övladları ərsəyə çatdırmaq üçün, cəmiyyətə təqdim etmək üçün yaratmışdı və uşaqlar da gözlərinin qabağında əriyən bu insanın dünənini, bugününü göz önünə gətirmir, sabahını isə heç görmürdülər də...
Bəli, bax beləcə əriyən bir ömür həyatın verdiyi, daha doğrusu, çiyninə qoyduğu yükün altında səsini çıxarmadan övladların nə vaxtsa səsini çıxaracağına ümidlə, onların sabahını da nizamlamaq, sabahlarını da sinidə onlara təqdim etmək üçün canından keçməyi də qəbul etmişdi... Görünür bu boyda sevgi, bu boyda valideyn yanğısı, ailəyə bu boyda bağlılıq onun həyatını alt-üst edən səbəblərdən biri idi. Əgər belə olmasaydı, 24 saatlıq sutkanın 24 dəqiqəsini özünə ayırardı. O, bunu da etmədi. Nəticədə həmin o hər şeyə qovuşmuş, hər şeyə sahib olmuş övladların cəfakeşi avqustun qora bişirənində Qocalar evində əriyib getdi, şam əriyən kimi...
Mən bu xatirənin yazılmasını, hətta oxunmasını da öncə heç istəməmişdim. Düşünmüşdüm ki, bir ailənin, bir insanın ömürlüyü , bütövlükdə olub-olmamağı (təbii ki, necəliyindən asılı olmayaraq - Ə.M.) böyük anlamda, böyük dünyada heç nəyi dəyişmir. Amma ola bilsin ki, mənə də yaşım, həyatım artıq əməlli-başlı təsir edir və içimi ağrıdan, kipriklərimi isladan xatirələri, məqamları görməyə, duymaya, yazmaya bilmirəm. Bax, yazdıqca da həmin tanıdığım adamın özüylə birlikdə mən də o illərin, o anların, o yaşananların içindən keçirəm. Görürəm ki, "həyat beş gündü" deyənlər hardasa yanılıblar. Çünki həmin o, içindən keçdiyim anlar, məqamlar əslində hər zərrəsiylə beş min gündü, beş min ildi. Sadəcə onu yaşayan, ona məhkum olan bunu anlayır, bunu duyur. Axı hər bədənə öz köynəyi daha yaxındı. Yaxınlıq isə...
Yaxınlıq isə təkcə baxmaq, görmək, həmsöhbət olmaq deyil. O həm də bu, yaxın olduğun nədisə onun iç dünyasını görməkdi, onun iç dünyasını öz içinə köçürməkdi. Mən belə başa düşürəm, belə anlayıram. Ona görə də sığındığım dörd divar da məni öz yaxını kimi qəbul edir, mən də onu...

Kədərimin ortağı
Dörd divarda nəmləyib...
Məni fikir aparıb -
Məni sükut dəmləyib...

Ruhumun kökləndiyi
Hava ağır, üzücü...
Üstümə uçar divar -
Him elə sən gözucu...

Bir quyu dərinliyi
İynə ucu işıqsız...
Çəkirəm gərginliyi -
Özümlə danışıqsız...

Dörd divarın üzündən
Utanır daha gözüm...
Çəkər divar üzünə -
Bir gün qaralsa közüm...

***

İstənilən bir iş, istənilən bir hadisə, tədbir başlandığı kimi qurtara da bilir. Necə ki, doğumla ölüm arasında əbədi və silinməz bir qanun var. Elə bu mənada götürəndə istənilən başlanan iş mütləq hansı formada olur-olsun yekunlaşır. Lap elə müharibənin özü də. Yüz illik müharibə də tarixin yaddaşındadı. Amma yüz ildən sonra da olsa, bitdi. Şirəli baba da doğuldu və 167 il yaşadı, sonra o da köç etdi. Əgər ən müqəddəs insan Tanrının elçisi doğulur və əbədiyyətə qovuşursa, deməli, adi Allah bəndələrinin nəyisə əbədi əlində saxlaya biləcəyinə, nəyinsə əbədi sahibi olacağına inanması, güvənməsi heç cür mümkün deyil. Kimsə mübahisə edə bilər ki, Şeyx Nizami, Füzuli, daha kimlər, kimlər böyük sözün sahibidi, o böyük sözün sahibi olmaq haqqınıı özündə saxlayıb... Bəli, mən də bunu qəbul edirəm. Amma bir gerçək var ki, şeyx Nizaminin də, Füzulinin də, başqalarının da nail olduqlarını, qazandıqlarını onlardan sonra gələn bizlər və bizlərdən sonra gələnlər dəyərləndirir, qiymətləndirir, yerini bilir. Deməli, bu dünyaya güvənib, bu ömrə hakim olacağını qət edib qılıncını sivirib sağa-sola fırlatmağın yersizdi.
Bu məqamda yadıma bir hədis düşür. Bütün heyvanat aləminin dilini bilən və dünyanın padşahı olan Süleyman peyğəmbər hakimiyyət taxtında əyləşəndən sonra dünyanın ən gözəl qızlarını öz hərəmxanasına gətizdirir və düşünür ki, onların hərəsindən bir övladı olacaq və bu artımla dünyadakı bütün insanların da səcərəsi ondan başlayacaq. Amma bəndəsinin bu iddiası Yaradana xoş getmir. Hərəmxanası dünyanın gözəlləri ilə dolu olan və quş dili bilən Süleymanın cəmi bir övladı olur, o da şikəst...
Bu hədisi elə-belə xatırlatmadım, içimdən gəldi. Bilmirəm yerinə düşdü-düşmədi, amma insan mənim anlamımda rəhmətlik Xudu Məmmədov demiş, adamdısa, yaxşı olmalıdı. Əgər yaxşı deyilsə, ondan adamlıq ummaq həmin bu istəyə düşənin özünün qüsurudu. Yəni adamdan umarlar, özü də adam kimi umarlar...
Hə, bu avqustun qora bişirənində yükləndiyim qayğıların içərisində çabalayarkən telefonuma gələn zəng mənim diqqətimi çəkdi. Demək olar ki, bu söz adamı ilə tez-tez qarşılaşırıq, səmimiyyətimə heç bir şübhəm yoxdu, iddiası da elə sözü boydadı. Ona görə də onun hər bir zəngi bu insanın özündən gələn müsbət enerji ilə mən də yüklənə bilirəm və çalışıram ki, gücüm daxilində onun arzusunu, sifarişini yerinə yetirim, sözünə söykək verim. O da bunu həmişə özünəməxsus bir üslubda, çox utancaq bir jestlərlə "çox diqqətcilsən" deyib qiymətləndirir. Mən də həmin o diqqətin hər kəsə vacib olduğunu ona xatırlatmaqda müəyyən qədər açığını deyim ki, zövq alıram. Çünki diqqət qarşılıqlı olanda onun təmənnasızlığı da, onun səmimiyyəti də, qalan nə varsa hamısını kölgədə qoyur. Bax o "sim-sim" konturunu mənim üçün istifadə edib telefon açan söz adamı da salamdan sonra cəmi ikicə kəlmə söz soruşdu:
- Eşitdim məzuniyyətə çıxırsan. Harda dincələcəksən?
Elə mən də onun soruşduğu üslubda cavab verdim:
- Doğru eşitmisən, Biləcəri yaylasında dincələcəm, buyurub qonaq gələ bilərsən...
Hə, "məzuniyyət", "dincəlmək", "İstirahət" sözləri məni ötən illərə aparır - sovet dönəminə. Onda həmin o məzuniyyət vaxtını necə səbirsizliklə gözlədiyimi öncədən Həmkarlar İttifaqından istirahət yerinə vəsiqə aldığımı və sairəni yaddaşımda təzələdi. Acı bir təbəssümlə həmin o arxada qalan xatırladıqlarımın arxasınca böyük Mirzə Cəlil sayağı "Allah sizə rəhmət eləsin" - dedim və sonra bu misraları yazdım.

Bu səhər
həmişəkindən fərqli
yuxudan
yarımçıq oyanmaq
bir az yataqda
bir az otaqda
hələ sonra da
dayanacaqda...
əsnəyə-əsnəyə
işə getməyə
özünü zorlamaq yox...
bu səhər
məzuniyyətin ilk günündə
çox yatacam, çox!..
amma
vərdiş imkan versə
və bir də
ilham pərim də
mənə
məzuniyyətdəyəm! -
desə...

***
Yazının əvvəlində söylədiyim fikirləri təkrar etmək istəmirəm. Amma birmənalı olaraq bəyan edirəm ki, deyəsən doğrudan da dünyada da, zamanda da, təbiətdə də çox köklü aşınmalar baş verir. Elə bil insan mənəviyyatı kimi təbiət də erroziyaya uğrayır ona görə də avqustun qora bişirən olması sübuta ehtiyacı olmayan bir gerçəkliyə çevrilir. Təbii ki, bu gerçəklik insana düşünməyi, dərk etməyi diktə edir. Təəssüf ki...
Təəssüf ki, biz bəzən düşünmək, dərk etmək əvəzinə hər şeyi zamanın, dünyanın boynuna atır, hər şeydə zamanı və dünyanı günahkar sayırıq. Ancaq bilmirik ki, zamanın anası hətta fahişə, atası hətta binamus olsa belə onu rəndələmək, onu müəyyən qədər çərçivəyə salmaq mümkündü. Sadəcə, bu istəklə, bu əqidəylə zamana yanaşmaq, onun yaxasından tutub silkələmək lazımdı. Və bir də bir-birimizin bu zamanda nələr çəkdiyimizi bilə-bilə bir-birimizə qənim kəsilmək, bir-birimizin haqqını yemək, bir-birimizin ocağına su calamaq yolverilməzdi, bağışlanmazdı. Orda zamanın günahı yoxdu. Üstəlik, əgər mən sənin üçün, əgər mən sizlər üçün iynənin ucu boyda dəyərə layiqəmsə, iynənin ucu boyda dəyərliyəmsə, nə olar, nəfəs ver... nə olar nəfəs verin, qoyun bir nəfəslik də yaşayım...
Bu da belə. Və bu istəklə də sizə pıçıldadığım misraların dəyərli olacağına, qiymətini alacağına ümid edirəm.

Heç kimə xoş gəlməyən
Sözüm, xoş günün olsun...
Öz gününə gülməyən -
Özüm, xoş günün olsun...

Dörd yanım düzənlikdi
Ürəyim üzərlikdi...
Baxdığım gözəllikdi -
Gözüm, xoş günün olsun...

Dolanırsan, gəzirsən,
Hərdən bəxtdən bezirsən...
Sən ki, mənə dözürsən -
Dözüm, xoş günün olsun!..

... Hə, bu da belə...

TƏQVİM / ARXİV