hacklink Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünyanı Barışdıran

(əvvəli qəzetin 24 avqust tarixli sayında)

15865    |   2007-09-01 01:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayrı-ayrı vaxtlarda Barış Manço Türkiyədə və xaricdə fəaliyyət göstərən fərqli televiziya kanallarından müxtəlif təkliflər alardı. Hamısını diqqətlə araşdırar, bəzilərini dəyərləndirər, bəzilərindən imtina edərdi. Yaponlar onu Tokioya dəvət etmişdilər. Xüsusi olaraq iki müəllim tutmuşdular ki, az vaxtda dil öyrənsin. Barış ingilis, fransız dillərini mükəmməl bilirdi, ruslarla öz dillərində anlaşmağı bacarırdı. Amma türkcə danışanda bir dəfə də olsun yabançı söz işlətməzdi, bir neçə dil bilməyini nümayişkaranə büruzə verməzdi. Yapon dilini öyrənməyinə ciddi səbəb vardı. Uzunsaçlı Barış bəyin xarici görkəmi samurayları xatırladırdı. Gündoğan ölkənin milli televiziyasında aparacağı nəzərdə tutulan silsilə verilişlərdə yapon uşaqlarına türk musiqisi, mədəniyyəti haqda ətraflı məlumat verəcəkdi. Barışın bizdən fərqli olaraq Yaponiya səfəri konsertsiz ötüşmədi. Tokioda Barış bəyi olduqca səmimi və mehriban qarşılamışdılar. Nüfuzlu qəzetlər öz səhifələrində məşhur türk sənətçısınin səfərinə səxavətlə yer ayırırdılar.Bu konsertin videoyazısını "Sözlü, nəğməli İstanbul" proqramımda vaxtilə tamaşaçılara təqdim etmişdim.
   
   Coxlarından fərqli olaraq, Barış dostluqda möhkəm idi. Ürəyinə yol tapan adamları heç vaxt unutmazdı, onlarla əlaqəni qırmazdı. Bizim dostluğumuz da vardı, işgüzar yaradıcılıq əlaqələrimiz də. Məni öz proqramlarına dəfələrlə dəvət etmişdi. Mən də onunla bağlı bir neçə televiziya proqramı hazırlayıb AzTV-də, sonralar "Space"də yayımlanan müəllif proqramlarımda tamaşaçılara təqdim etmişdim. Bərabər hazırladığımız xeyli proqram vardı. Bu illər ərzində elə dostlaşmışdıq ki, çox vaxt ailə şənliklərində, bayramlarda da bərabər olardıq. Danışılası, yada salınası o qədər xatirələr var ki... Barış bəy məni ilk fürsətdə dostları ilə tanış edərdi, evində qonaq edərdi. Bərabər yeməyə çıxardıq, İstanbulun gəzməli, görməli yerlərini dolaşardıq. Qarşımıza cıxan hər kəs onu özünə doğma bilər, gülərüzlə yaxınlaşar, həyəcanla salamlar, israrla ondan bir imza istər, xatirə rəsmi çəkdirərdi. O, kimsəyə etinasiz yanaşmazdı. Heç vaxt yanında qoruması, cangüdəni olmazdı. Şoferi də yox idi, maşını özü sürərdi. Harda və nə zaman görüşməyimizdən asılı olmayaraq, söhbətimiz tükənməzdi, hər dəfə təkrar görüşmək ümidiylə, xoş təəssüratla ayrılardıq.
   
   
   
   Barışla ilk müsahibə
   
   
   
   Düz 17 il öncə İstanbulda Barışdan aldığım ilk müsahıbənin mətnini təqdim edirəm. Bu müsahibənin videoyazısının bir qismi vaxtilə AzTV- də yayınlanan "Tanış olun, Barış Manço" verilişində istifadə olunub.
   
   Etibar Babayev- Bu gün Barış Mançonu Türkiyədə tanımayan yox. Kiçik bir ailənin övladı müəyyən bir zaman içində böyük bir xalqın övladı oldu. Bu yol nə zaman və haradan başladı?
   
   Barış Manço - Bunu danışmağa qalxsam, çox vaxt aparar. Zamanınız yetərmi?
   
   E.B.- Çoxillik sənət təcrübənizdə siz uzun yolları qısaltmağın üsulunu öyrənmisiz. Bir jurnalist kimi, sizinlə görüşmək, söhbət etmək, müsahibə almaq mənim üçün şərəfdir. Mənim zaman limitim yox. Bu sizin istəyinizə və imkanınıza bağlı.
   
   B.M.- Mən 1958-ci ildən səhnədəyəm. 32 il olar ki, fasiləsiz bu sahədə çalışıram. Bunun əlbət ki, türk təbiriylə desək, çıraqlıq, kalfalıq, bir də ustalıq dövrü var. Biz iki mərhələni aşdıq. Ustalıq hələ irəlidədir. O istiqamətdə yolumuza davam edirik. Bəlkə nə vaxtsa mənzil başına yetişdik.
   
   Haşiyə: Bunu otuz iki il türk mədəniyyətinə sədaqətlə xidmət edən, bir çox müsabiqələrdə, beynəlxalq yarışmalarda yüksək mükafatlar alan, milyon tirajla musiqi albomlarının sahibi, efirdə hər göründüyündə milyonlarla televiziya tamaşaçısını mavi ekrana pərçimləyən 48 yaşlı Barış Manço deyirdi. Əlavə şərhə ehtiyac varmı? Ulduz adını ucuzlaşdıranlardan bu məqama xüsusı diqqət yetirmələri xahiş olunur.
   
   B.M.- Sənət dünyasına ilk atılarkən, bir şeyi fərq etdim: ölkəmizdə çeşidlı musiqi formaları vardı. Yeni bir üslub tapmağı, o yolla getməyi düşünürdüm. Əslində, buna tamaşaçıların da, dinləyicilərin də ehtiyacı vardı. İndi sizin Barış Manço dünyası dediyiniz ayrıca adlandırılmayan, sinifləndirilməyən musiqini mən 32 ildə yaratdım.
   
   E.B.- Mən belə dedim, çünki sizin oxuduqlarınıza türk xəfif musiqisi, pop musiqi, arabesko, rok demək olmaz. Sizin bəstələr tükr xalq musiqisi də daxil olmaqla, bütün sadaladıqlarımın sintezidir. Sizin nadir istedadınızın, zəngin dünyagörüşünüzün, illərcə çəkdiyiniz ağır zəhmətin birgə ərsəyə gələn mənəvi dəyəri var. Mən onu Barış Manço dünyası adlandırdım.
   
   B.M.- İzin versəniz, bir kərə hamının önündə sizə öz təşəkkürümü bildirərdim. 32 illik səhnə həyatım boyu mən çox televiziyonlara qonaq oldum, mətbuata müsahibələr verdim. Fəqət, keçdiyim sənət yolunu sizin qədər açıq, aydın, qısa və orijinal şəkildə anladan olmadı. Türkiyədə bir yanlışlıq var. Oxumağa başlayan hər kəsə ilk gündən bir damğa vururlar: klassik, xalq, pop, arabesko, türkü söyləyən deyə, bir növ çeşidləyib ictimaiyyətə təqdim edirlər. Məncə, bu yanlış bir iş. Sizə səmimi söyləyirəm ki, mənim barəmdə dedikləriniz həyatımda ilk dəfə eşitdiyim çox dəqiq ve gerçək yanaşma oldu. Məni olduğum kimi duyduğunuza sevindim.
   
   E.B.-Barış bəy, sizin konsertlər hər zaman izdihamlı keçir. Çox adam sizi görməyə, dinləməyə can atır. Mən biləni səhnəyə ilk dəfə 16 yaşında çıxmısız. O vaxtdan xeyli zaman ötdü. Siz də dəyişdiniz. İllər Barışın alnına qırış, taleyinə yarış yazdı. Şöhrət qapınızı döyüb başınızın üstünü aldı, günün birində uğur yol yoldaşınız oldu. Mahnılarınızın dillərdə əzbər olduğunu duyunca qəlbinizi fərəh hissi bürüdü. İndi Türkiyənin ən məşhur adamlarından birisiniz. 7- dən 77-yə qədər hər kəsin tanıdığı, rəğbət bəslədiyi bir sənətçi olaraq hədəfiniz kimdir, nədir?
   
   B.M.- Hədəfim yalnız Türkiyədə yaşayan 55 milyon insan kütləsi deyil, bütün dünyaya səpələnən 130 milyon türkdür ki, bunun da bir qismi Azərbaycanda yaşayır. Onlar türk musiqisindən zövq alır, həyəcanlanır, coşur,sevincini, öz sevgisini, hisslərini əzizləriylə paylaşır. Mənim amacım dünya üzərindəki sayı təxminən 130-150 milyon olan türk insanına xitab etməkdir. Bu istəklə, bu diləklə sənət yoluma davam edirəm.
   
   E.B.- Şarkıçı kimi çox məşhur idiniz. Televiziya fəaliyyətiniz sizin yeni keyfiyyətlərinizi üzə çıxardı. Daha başarılı oldunuz. Televiziyonçuluq məncə, təkcə qədəm basdığıniz yerlərin coğrafiyasını genişləndirmədi, auditoriyanızı böyütdü, ona uluslararası miqyas qazandırdı. Nə baş verdi ki, belə bir layihəni açmaq qərarına gəldiniz? Əvvəlcədən uğur qazanacağınıza əmin idiniz?
   
   B.M.- Açıq söyləyim ki, bu mənim dünyagörüşümlə, həyata baxışımla bağlı məsələdir. Mən türk müsiqisindən, mədəniyyətindən zövq alan insanlarla görüşmək niyyətiylə yola çıxdığım zaman bu işin tək musiqiylə bitəcəyini zənn etmirdim. Bir az da söhbətləşmək, fikir alış-verişi yapmaq, ölkələr gəzərək, görərək dərk etdiyim həqiqətləri, bəşəri dəyərləri anlatmaq lazım gəldiyini düşündüm. Təəssüf ki, bu günə qədər Azərbaycana gələ bilmədim. Sizlər mənim şarkılarımı eşitsəz də konsertimi görməmisiz. O üzdən bizim konsertlərdə nəyin necə olduğunu da yəqin ki, tam bilmirsiniz. Bizim konsertlər ənənəvi şəkildə olmur. İki saat, iki saat yarım sürür. Konsert boyunca 10-12 şarkı söyləyirik. Hər biri dörd-beş dəqiqə olsa, cəmi bir saat tutar. Yerdə qalan saat yarımı söhbət edərik. Hər kəsi narahat edən məsələlərdən danışarıq, millətin suallarını cavablarıq. Bir qədər şəkil dəyişib TRT üçün yeni televiziya layihəsi hazırladıq. Bunu mən təkbaşına etmədim. Çox bacarıqlı ortağım Erkmən Sağlamla sağlam ekib qurduq. Araşdırmaçılar cəlb etdik. Qərara geldik ki, dünyanı dolaşaq. "Qurtalan ekspres" qrupu da səfər zamanı məni müşayiət etdi. Madəm ki, bizim köydəki Mehmet ağa qalxıb bir yerə gedə bilmir, biz dünyanı onun ayağına gətirək. Xəritəyə baxdıq. Gördük ki dünya kiçik, qonşu qapısı kimi. Dedik ki, bir gün Yaponiyaya gedək, bir gün Rusiyaya, bir gün Argentinaya gedək, bir gün Seneqala.
   
   Bizim xalqın kültürünü o yerlərə aparıb dünyanın mədəni-mənəvi sərvətini də vətəndaşımızla paylaşmaqda fayda gördük. Hər bazar saat 12-də TRT ilə 45-50 dəqiqə proqramlarımız yayınlanır. Üç ildir ki, davam edir özü də böyük reytinq toplayır.
   
   Haşiyə: Barış Manço çəkiliş qrupuyla bütün qitələrdə, o cümlədən iki dəfə Şimal qütbündə olmuş, ABŞ-ın aerokosmik tədqiqatlar mərkəzi NASA - ya qədər gedib çıxmışdı. Teleproqramlar hazırlaya-hazırlaya 500 000 kilometrdən çox məsafə qət etmişdi. Müqayisə üçün deyim ki, bu, ekvatorun uzunluğundan 12 dəfə çoxdur.
   
   E.B. -Barış bəy, gəlin birlikdə kiçik hesablama aparaq. Üç ildir efirdə yayındasız. Türk televiziyasinda 39 həftə aktiv, 13 həftə bir qədər passiv olur. Yəni yay tətili dövründə təkrar verilişlər nümayiş etdirilir, adətən yeni proqramlar yeni yayın mövsümünə saxlanılır. Yanılmıram ki?
   
   B.M.-Xeyr, maşallah, bizim televiziyonların işini yaxşı bilirsiz.
   
   E.B.- 39- u 3-ə çarpsaq edər 108, doğrumu?
   
   B.M.- Tamam, doğru.
   
   E.B. - Elə isə dünyanın uzaq-yaxın ölkələrindən indiyə kimi 108 proqram hazırlayan əzizimiz Barış Manço nədən qardaş Azərbaycana bir dəfə də olsun gəlməyib, onun taleyində baş verən ən önəmli hadisələrdən danışmayıb? Vaxtilə SSRİ-nin tərkibində olan və artıq özgürlük qazanan digər türk dövlətlərini də heç ziyarət etməyib. Səbəb nə?
   
   B.M.- Sualınız kəskin və son dərəcə haqlıdı. Bu barədə biz nədənsə bir qədər fərqli düşünürdük. İstəyirdik uzaqlardan başlayaq. Amma siz belə deyincə, bir az utandıq. Haqlısız. Biz borclu qaldıq azərbaycanlı qardaşlarımıza. Türkiyədə deyərlər ki, borc igidin qamçısıdır.
   
   E.B. -Bizdə də deyərlər ki, borclu borclunun sağlığını istər. Siz sağ-salamat olun, işlərinizi səhmana salın, vaxt ayarlayıb Bakını da ziyarət edin.
   
   B.M.- Nədən olmasın ki? Həm televiziya proqramları çəkərik, həm də xalq konserti verərik. Siz çayları dəmləyib bizi bəkləyin.
   
   Bu söhbətin üstündən nə az, nə cox bir il keçdi. Barış Bakıya gəlib çıxmadı. Çaylar soyudu, atıldı, yenisi dəmləndi, Barış bəydən səs-səmir çıxmadı. 1991-ci ildə İstanbulda Barışın yeni televiziya proqramının qonağı idim. Canlı yayında məndən soruşdu ki, Bakıda nə var, nə yox? Dedim, Bakıda vəziyyət bir az da ağırlaşıb. Siz demişdiz, çayları dəmləyin, gəlirəm. Çaylar dəmləndi, soyudu və içilmədən atıldı. Türkiyəyə gedəcəyimi bilincə dostlar mənə dedilər ki, Barış bəyə söylə, durumumuzu qoy o da bilsin: bizim dükanlarda nə çay var, nə qənd. Piştaxtalar boşdur. Ərzaq çətinliklə tapılır. Əgər gəlməyəcəksə, boş yerə çayları bizə dəmlətməsin. Barış sual verərkən məndən belə cavabı gözləmirdi. Yarı zarafat, yarı gerçək dediklərimə o da eyni ruhda cavab verərək dedi: "Mən bilmədim ki, Azərbaycanda hər kəs çay süfrəsi açıb məni səbrsizliklə gözləyir. Bu dəfə kəsinliklə kamera önündə söz verirəm ki, yaxın vaxtlarda mütləq gələcəm".
   
   1992-ci ildə Barış bəy ilk dəfə Azərbaycana gəldi. Həmin səfərdən sonra müstəqilliyinə qovuşmuş digər türk respublikalarını da ziyarət etdi. zbəkistanda, Qazaxıstanda, Türkmənistanda və Qırğızıstanda oldu. Tatarıstandan hazırladığı verilişlər böyük marağa səbəb oldu.
   
   Səhv etmirəmsə, 12 qızıl , 1 platin valı buraxılan Barış Manço 300 müxtəlif mükafat qazanmışdı. Türkiyə Respublikasının "Dövlət sənətçisi", Hacıtəpə və Pamukqala universitetlərinin fəxri doktoru, Belçika krallığının "İkinci Leopold cəngavər ordeni", Fransanın "Ədəbiyyat və sənət cəngavəri ordeni", Yaponiyanın Min - On fondunun "Ali şərəf medalı" , Tokionun Soka universitetinin "Beynəlxalq mədəniyyət və sülh mükafatı" nalayiq görülmüş, Türkmənistanın fəxri vətəndaşı seçilmişdi.
   
   Barış Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə tanış idi. Rəsm əsərlərinə, xalı sənətinə böyük maraq göstərərdi. Hər dəfə Bakıya gələndə muzeylərə gedərdik. Saatlarla İçəri Şəhəri dolaşar, tarixi abidələri sanki gözüylə çəkib hafızəsinə həkk edər, İncəsənət, Xalça muzeylərinin eksponatlarına dönə-dönə tamaşa edərdi. Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin,Tahir Salahovun sənətinə valeh idi. İlk fürsətdə musiqimizi dinləməyi xoşlardı. Bakıdan kasetlər, disklər alıb özüylə aparardı. Azərbaycan türk dünyasının incisidir, deyərdi. Burada hər evdə kitabxana, musiqi aləti görəndə təəccübünü gizlətməzdi. Əhalinin təhsil səviyyəsinin yüksək olduğuna qibtə edərdi. Deyərdi ki, Türkiyədə nə yazıq ki, hələ də oxuyub yazmağı bilməyən minlərlə soydaşımız var. Bu, millətə, dövlətə üz qarasıdır. Bəzi məsələlərdə Azərbaycan Türkiyədən irəlidədir. Biz sizdən çox şey öyrənməliyik. Siz adət-ənənələrinizi daha yaxşı qoruyub saxlaya bilmisiz.
   
   Bir dəfə mənə dedi ki, Novruz bayramında Bakıda olmaq arzusundayam.TRT-də yayınlanacaq bir proqramı bütünlüklə Bakıdakı Novruz şənliklərinə həsr etmək istəyirəm. Sən bayramdan çox bəhs etdin. Qoy bir mən də görüm, Türkiyədəki tamaşaçılarıma da anladım Bakıda nələr olduğunu.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK