SUSMAQ QIZIL DEYİL

FAİQ QİSMƏTOĞLU
72136 | 2014-08-30 13:00
Bilmirəm, kimsə və nə vaxtsa deyib: "Danışmaq gümüşdürsə, susmaq qızıldır". Bunu nə üçün deyiblər, niyə deyiblər, bir o qədər də aydınlaşdırmaq asan deyil. Amma reallıq budur ki, vaxtilə bu kəlamı atalarımız işlədib. Görünür, kimlərsə danışanda "quş buraxıblar" ona görə də belələrinə bu cür məsləhət bilmib.
Nəsrəddin Tusinin gözəl kəlamı var: "O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o alimdir; ona ehtiram edin. O adam ki, bilir və biliyinə güvənmir, o özündən xəbərsizdir; onu tənqid edin. O adam ki, bilmir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir; ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır; ondan uzaq olun".
Elə insan var ki, danışanda sözlərindən bal damır və onun hər bir sözü sənin qəlbinə, ürəyinə sarı yağ kimi yayılır. Hiss edirsən ki, həmin adam təpədən dırnağa qədər ziyalıdır, nurdur və işıqdır. Və bu nur, işıq söhbət zamanı sənin bütün varlığını bələyir və içində xoş bir aura yaradır. Təbii ki, belə adamlar heç də adi insanlar deyillər. Ən azından ona görə ki, onlar çox kitab oxuyublar, çox görüblər və çox da gəziblər. Üstəlik də Allah-Təala belələrinə qeyri-adi bir istedad verib. Məclisə girən kimi şirin söhbətləri ilə, bal kimi sözləri ilə hamını ələ alır və onlara müsbət enerji ötürürlər.
Vaxtilə bizim rayonda Maarif Şöbəsinin müdiri var idi: Hüseyn Hüseynov. Allah rəhmətinə gedib, amma Hüseyn müəllimin duzlu, şirin, səmimi söhbətləri bu gün də çoxlarının yaddaşında əbədi həkk olunub. Yaşlı insanlar deyirlər ki, Hüseyn müəllim danışanda onun sözlərindən və söhbətlərindən doymaq olmurdu. Sanki o şirin söhbətlərdən bal damırdı. Nə qədər ağayana, nə qədər ağır oturub batman gələn ziyalı idisə, bir o qədər də səmimi, şirindil və insanların qəlbini fəth edən bir insan idi.
Mənim bir dostum da vardı - Əhliman Pənahoğlu. Tibbi İnstitutunu bitirmişdi və uzun müddət Almaniyada işləmişdi. Vətənə qayıdandan sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalında cərrah işləmiş, sonralar isə Ələtdəki hospitala rəis təyin edilmişdi. Nitşeni, Fredi, Feyerbaxı çox gözəl bilirdi. O da danışanda söhbətindən saatlarla adam doymurdu. Allah kömək olmuş hamıya şəfa versə də, amma öz səhhəti haqqında qətiyyən fikirləşmirdi. Bir dəfə də təlimdən qayıdandan sonra ürəyi ağrıyır və heç kimə bir söz demir. Səhərə qədər o ağrı ilə çırpınır. Səhərə yaxın həyat yoldaşı baxıb görür ki, Əhliman həkimin çöhrəsi ağappaq olub. Tez hay-küy qaldırıb həkimləri köməyə çağırır. Onu Mərkəzi Klinik Xəstəxanaya çatdırırlar. Ürəyinə stend qoyulsa da, axşamüstü dünyasını dəyişir və Allahın dərgahına qovuşur. Bu gün də hamı Əhliman həkimin qeyri-adi təfəkküründən, yüksək mədəniyyətindən, ziyalılığından və elmi biliklərə dərindən sahib olmasından danışır. Və bu gün də eldə-obada onun yeri görünür. Həm şirin söhbəti ilə, həm də ağsaqqal məsləhəti ilə. 50 yaşında haqq dünyasına qovuşub, amma sanki o, 100 il yaşayıb və kimlərinsə 100 ildə gördüyü işi o, 50 ildə görüb.
Adam da var çox savadlıdı, nadir kitablar oxuyub, ancaq oxuduqlarını, öyrəndiklərini ya xəbislikdən, ya da tənbəllikdən başqalarına danışmır. Əgər bir şeyi gözəl bilirsənsə, elmin varsa, amma bunu başqalarına ötürmürənsə o elm heç bir qara qəpiyə dəyməz. Mən akademik görmüşəm ki, dərin savadı olsa da məclisdə ağzını açıb bir kəlmə danışmayıb. Ətrafında əyləşən insanlar da səbirsizliklə onun söhbət edəcəyini gözləyiblər. Məclis başa çatıb həmin akademik isə "susmaq qızıldır" prinsipinə əməl edib və ayağa qalxaraq oranı tərk edib. Və heç kimin yaddaşında bir ziyalı, bir akademik olaraq qala bilməyib.
Bizim kənddə bir kişi də vardı. Çox pullu, imkanlı və ağıllı adam idi. Hamıya əl tutardı. Bir gün əmisi oğlu onun yanına gəlib deyir ki, əmioğlu, maşın almaq istəyirəm, ancaq pulum çatışmır. O ağsaqqal da qayıdıb ondan soruşur ki, özünün nə qədər pulun var.
O da bildirir ki, cəmi 100 manat. Deməli, mən sənə 9999 manat verməliyəm ki, gedib təzə bir "Jiquli" alasan. Pulu da verir, heç onun qaytarılmasını da istəmir. Bir dəfə də o ziyalı, ağsaqqal pulu kişi qatarda "Esve" kupedə gedirmiş. Yanındakı qonşusu professor imiş. Ağsaqqal cibində nə az, nə çox dörd "paçka" yüzlük varmış. Professor qayıdıb həmin pulu kişidən soruşur:
- Siz yəqin qazax yazıçısı Abay Kunanbayevin "Mən Manasın oğluyam" romanını oxumusunuz?
Nurlu və ağsaqqal kişi səmimi etiraf edir:
- Xeyr, oxumamışam!
Ağsaqqal görür ki, professor onu sorğu-suala tutacaq, zəif nöqtəsini tapacaq başlayır şirin söhbətə. Necə şirin söhbət eləyirsə bir də görürlər ki, artıq qatar pofessorun düşmək istədiyi stansiyaya çatıb. Professor onunla xudahafizləşir və deyir:
- Mən sizin kimi savadlı, ziyalı adam görməmişəm. Danışığınızdan bal damırdı. Bizim akademiklərdən siz daha savadlı və daha dünyagörüşlüsünüz. Belə mənə ləzzət elədi...
Hansı ki həmin ağsaqqal kişinin nə elmi dərəcəsi vardı, nə də professor vəzifəsi. Amma Allah-Təala ona qeyri-adi istedad və bilik vermişdi. Heç həmin kişi institut da bitirməmişdi. Ancaq o, həyat universitetini, həyat akademiyasını qurtarmışdı. Ağsaqqal evə qayıdandan sonra gedib çətinliklə də olsa Abay Kunanbayevin "Mən Manasın oğluyam" kitabını tapdırır və oğluna bərkdən oxutdurur.
... Bax, belə. İndi görün susmaq qızıldır, yoxsa danışmaq? Danışanlar yaxşı bilir ki, hər adamın söhbətinə qulaq asmırlar. Gərək elə danışmalısan ki, toydakı tamadalar kimi sənin söhbətindən camaat bezməsin. Amma elə ziyalılar, elə insanlar və elə adamlar var ki, onlar səhərdən axşama qədər danışsa yenə söhbətlərindən doymaq istəmirsən. Ən azından ona görə ki, eşitmədiyin, oxumadığın hadisələri və fikirləri ondan öyrənirsən. Yəni kişinin oğlanları qızıl kimi söz danışır, bal kimi ifadələr işlədir. Belə şirin söhbətlərdənsə heç vaxt doymaq olmur...



TƏQVİM / ARXİV