adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Borcunu qaytarmalı olduğumuz insanlar

SAMİRƏ ƏŞRƏF
35395 | 2014-08-30 02:59
Çox da döşünüzə döyməyin həyatda elə insanlar var ki, onların borcunu verə bilmək müşkül məsələdir. Əlbəttə həyat təkcə pislərdən ibarət deyil axı, həm də yaxşılar var. Yaxşılar olmasaydı məhv olardıq zatən. Onlar bizim qarşımıza gözlədiyimiz və gözləmədiyimiz anlarda çıxırlar. Bir filmdə, musiqidə, kitabda və nəhayət həyatda. Həyat, bu söz məndə həmişə təsvirə gəlməz qorxu oyadıb. "Ordan bir stəkan su ver" kimi desəm də həmişə bu beş hərfli söz ürəyimdə dəhşətli təlatümlər yaradıb.
Özü kimi həyatın qaydaları da sərtdi. Bəzən iyirmi beş yaşlı bir gəncin başına elə oyunlar gətirib ki, dəhşətə gəlmişəm. Olmaz axı belə həyat demişəm öz-özümə... Olmaz! Axı bu gəncin nə günahı var ki, onu indidən belə yükə çiyindaş etmisən?!
Qayıdaq borc məsələsinə. Lap keçmişə gedib çıxsam, mənim borclu olduğum insanlar çox olub, lap çox. Atam, anam, Mürseyib adlı kor müəllimim, ilk məhəbbətim, həyat yoldaşım, dostlarım, həkimlərim, özümü ifadə etməyimə köməklik edən, yayımlanmağımda, sınmamağımda mənə dəstək olan insanlar. Və o, möhtəşəm qadın... İradə Tuncay.
Yadıma gəlir iki əvvəl İradə xanımla görüşəndə demişdi ki, "sən yazılarını göndər, xoşuma gələnləri çap edəcəm". O gündən bu günə göndərdiyim yazıların hamısı çap olunub. Əminəm ki, həmin yazıların içərisində İradə xanımın xoşuna gəlməyənlər də olub. Amma o, hamısını çap edib. Üstəlik də zəhmət haqqımı da son qəpiyinə kimi ödəyib. Mənə həm mənəvi, həm maddi cəhətdən dəstək olub.
Bunu ona görə deyirəm ki, ürəyimdə bu böyük qadına qarşı həmişə hədsiz minnətdarlıq hissi olub. Amma bu iki ildə bu sözləri heç vaxt onun özünə deyə bilməmişəm. Düşünmüşəm ki, hansısa xoş bir gündə pıçıldayaram.
Amma indi düşünürəm ki, həyat çox amansızdı. Nə vaxtsa bu sözləri nə deyə, nə də yaza bilərəm. Amansız qaydalar birdən otuz üç yaşa da baxmaz. Qoy, ürəyimdə qalmasın...
İndi iki il əvvəlki yazılarıma baxıram. Görürəm bugünkü yazılarımla onların arasında nə qədər fərq var. Bugünkü yazılarım daha cəsarətli, daha anlamlı və ifadəlidi.
Əlbəttə ömrümdən keçən hər an məni bir az da dəyişdirir. Amma əsas olan odur ki, özümü ifadə etməyi öyrənirəm. İnsanların gözlərini, simalarını oxumaq, əzbərləmək bacarığına sahiblənirəm. Ağrılıdı, sözsüz... Amma nə etməli, bu yolu seçənlərin aqibəti, sonluğu çox vaxt məlum, çox vaxt isə qeyri-məlum olur.
Çox istərdim tanıdığım, haqqında heç vaxt yanılmaram dediyim insanlar borclu olduqları insanları unutmasınlar. Eybi yox, borclarını qaytara bilməsələr də olar. Amma unutmasınlar.
Sevdiyiniz, hörmət etdiyiniz, borclu olduğunuz insanlara qarşı səmimi olub, ürək sözlərinizi onlara vaxtında deyin.
Bu yaxınlarda qırx yaşlı canlara dəyən bir insanı itirdik. Mən onu bir ilə yaxın idi ki, sosial şəbəkələrin birindən tanımışdım. Arabir yazışmalarımız olurdu. Lazım olan mətnlərdə mənə öz köməyini əsirgəməmişdi. Amma min təəssüf ki, itirdik onu... Sağ olan vaxtı ona nələrsə demək istədiyimi ağlımdan keçirməzdim. Amma ölümündən sonra fikirləşirəm ki, ona nə qədər xoş sözlər deyə bilərdim, nə qədər mövzu ətrafında oturub saatlarla müzakirə edə bilərdik. İnnən belə istəsəm də mümkün deyil.
Həyatda cüzi də olsa, borclu olduğunuz insanlara olan borcunuzu bir kəlmə sözlə, bir gülüşlə qaytarmağa çalışın. Mən də söz verirəm ki, çalışacam.
Bu yazını da həmin borcların başlanğıcı kimi qəbul edin.



TƏQVİM / ARXİV