Uzaq Tokiodakı bizim adam

ETİBAR CƏBRAYILOĞLU
81510 | 2014-08-30 01:51
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin sözlərinə görə, dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan bu Gündoğan ölkə Azərbaycana artıq yardım olunan ölkə kimi yox, tərəfdaş dövlət kimi yanaşır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dövlət informasiya agentliyinin - AzərTAc-ın mühüm rolu var. Yeddi dildə xəbər bülletenləri hazırlayan AzərTAc-ın hazırda 22 ölkədə müxbir postu fəaliyyət göstərir. Həmsöhbətimiz Vüqar Ağayev isə AzərTAc-ın Yaponiyada xüsusi müxbiridir.
Vüqar Ağayev 1961-ci ildə Naxçıvanda anadan olub, Bakı Dövlət Universitetini və Dövlət İqtisad Universitetini bitirib. Keçmiş Sovet dövründə komsomol və partiya orqanlarında çalışıb, müstəqillik bərpa edildikdən sonra isə Azərbaycan Gənclər İttifaqı Naxçıvan təşkilatının sədri, Muxtar Respublika Gənclər və İdman nazirinin müavini olub. 2000-ci ildən mətbuatdadır, "Naxçıvan" və "Azad Azərbaycan" qəzetlərində baş redaktor müavini olub. 2007-ci ildən fəaliyyətini AzərTAc-da davam etdirir. Əvvəlcə iqtisadiyyat, sonra isə ictimai-siyasi xəbərlər redaksiyasında buraxılış redaktoru kimi çalışıb. 2011-ci ilin yanvarında AzərTA-cın Yaponiyadakı xüsusi müxbiri vəzifəsinə təyin edilib.
Növbəti məzuniyyətini keçirmək üçün uzaq Tokiodan Bakıya gələn Vüqar müəllimlə görüşüb Yaponiyadakı fəaliyyəti və digər məsələlər barədə söhbətləşdik.

- Vüqar müəllim, Gündoğan ölkədən Azərbaycan necə görünür?
- Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzu sürətlə artmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə qibtə olunacaq dərəcədə uğurlar əldə edilib. Dünya iqtisadiyyatında baş verən təlatümlərə baxmayaraq, ölkəmizin qətiyyətli addımlarla irəliləməsi bütün dünyada, o cümlədən Yaponiyada ölkəmizə marağı daha da artırıb. Azərbaycanda baş verən inkişaf, burada həyata keçirilən irimiqyaslı, beynəlxalq layihələr dünyanın ən qüdrətli dövlətlərindən biri sayılan Yaponiyada da diqqətlə izlənilir.
- Deməli AzərTAc-ın həmin ölkədəki müxbir postunun işi yetərincədir...
- Əvvəla onu deyim ki, Yaponiya paytaxtında Azərbaycanın dövlət informasiya agentliyinin müxbir postunun fəaliyyətə başlaması iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir. Müxbir postumuzun əsas işi Azərbaycan həqiqətlərini Yaponiya ictimaiyyətinə çatdırmaq, bu barədə materiallarla müntəzəm olaraq həmin ölkənin mətbuatında çıxış etmək, əlaqələrin inkişafı yönündə görülən işləri hər iki ölkədə təbliğ etmək, Yaponiyanı Azərbaycan oxucularına, ölkəmizi isə yapon oxucularına daha yaxından tanıtmaqdır. 2011-ci ildən başlayaraq bu sahədə mühüm və faydalı işlər görülür. Qeyd edim ki, hələ 2005-ci ildə AzərTAc-la Yaponiyanın ən nüfuzlu informasiya agentliyi olan "KYODO news" arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müxbir postunun fəaliyyətə başladığı ilk vaxtlarda informasiyaları əldə edərkən mən həmin müqavilənin verdiyi imkanlarından yararlandım. 2012-ci il noyabrın sonu, dekabrın əvvəlində isə Tokioda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin toplantısı keçirildi. AzərTAc-ın Baş direktoru hörmətli Aslan Aslanov da iclasın işində iştirak etdi. İcraiyyə Komitəsinin üzvləri təşkilatın gələcək fəaliyyəti üçün çox mühüm qərarlar qəbul etdilər. Yeri gəlmişkən, bizim AzərTAc həmin təşkilatın Büro üzvüdür. Baş direktorumuz Tokioda olarkən AzərTAc-ın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm görüşlər keçirdi, danışıqlar apardı. Vurğulamaq istərdim ki, bu səfər Yaponiya bürosunun fəaliyyətinə çox böyük təsir göstərdi. Bu görüşlərin nəticəsi olaraq, Yaponiyanın ən nüfuzlu agentliklərindən biri sayılan "JIJI PRESS"-lə AzərTAc arasında məlumat mübadiləsi haqqında müqavilənin imzalanması qərara alındı. İndi həmin sənəddə nəzərdə tutulacaq məsələlərlə bağlı son dəqiqləşdirmələr aparılır. Tezliklə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.
AzərTAc-ın Tokiodakı müxbir postu Yaponiyanın müxtəlif informasiya agentlikləri, qəzetləri, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq edir, ölkəmiz haqqında məlumatların yayılmasına nail olur.
Yaponların mütaliə mədəniyyəti çox yüksəkdir. Onlar mətbuata böyük önəm verir, onu diqqətlə izləyirlər. Hər səhər Tokio metrosunun istənilən stansiyasında qatara daxil olarkən maraqlı mənzərə ilə rastlaşarsan-sərnişinlərin demək olar ki, hamısı ya qəzet oxuyur, ya da mobil telefon və ya planşetdə xəbərləri izləyir. Yaponiyada bəzi qəzetlər 12-13 milyon tirajla çap olunur. Məhz belə yüksək tirajlı qəzetlərdə, ən çox izlənən televiziya kanallarında, internet televiziyalarında və dinləyici auditoriyası geniş olan radiolarda Azərbaycanla bağlı xəbərlərin yayılması çox vacibdir. Bunu nəzərə alaraq, Yaponiya qəzetlərində, elektron KİV-lərində ölkəmiz haqqında materialların yayılmasına çalışırıq. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, bu gün Yaponiyada Azərbaycanı inkişaf etmiş, regionda böyük nüfuzu olan bir ölkə kimi tanımağa başlayıblar.
Bu ilin fevralında Tokioda keçirilən Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyasının növbəti iclasından sonra komissiyanın yaponiyalı həmsədri, "İtoçi" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi müsahibə zamanı çox maraqlı bir ifadə işlətdi. Cənab Y.Kobayaşi dedi ki, əvvəllər biz toplantılarımızda Azərbaycana hansısa bir yardımın ayrılmasını müzakirə edirdiksə, son illər artıq rəsmi Bakı ilə müştərək layihələr üzərində çalışırıq. Yəni artıq Yaponiya Azərbaycana yardım olunan ölkə kimi yox, tərəfdaş dövlət kimi yanaşır.
Bu ölkənin dünya miqyasında tanınan şirkətləri, nüfuzlu iş adamları Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Yaponiya ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi nümayəndə heyətinin, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun, Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümovun rəhbərliyi ilə bir qrup şəhər və rayon İcra Hakimiyyəti başçılarının Yaponiyaya səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Çünki hər iki dövlət müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib.
Yapon iş adamlarının, turizm sektorunda qabaqcıl mövqeyə malik şirkətlərin ölkəmizə marağı günü-gündən artmaqdadır. Turizm şirkətlərinin rəhbərlərilə söhbət edərkən onlar deyir ki, biz əvvəllər Cənubi Qafqaza qrupları Gürcüstan-Ermənistan Azərbaycan marşrutu üzrə göndərirdik. Amma son illər Azərbaycandakı dinamik inkişafı nəzərə alaraq qrupları göndərərkən Birləşmiş Ərəb Əmirliyi-Azərbaycan marşrutu seçilir. Bu o deməkdir ki, artıq Azərbaycana dünyanın inkişaf etmiş dövlətləri səviyyəsində yanaşılır. Yaponlar Azərbaycanın tarixinə, mədəniyyətinə böyük maraq göstərir və xalqımızın qonaqpərvərliyini çox yüksək qiymətləndirirlər.
- Yaponiyada çalışdığınız müddətdə Tokiodakı səfirliyimizin fəaliyyəti ilə də yaxından tanış olmaq imkanı qazanmısınız...
- Müxbir məntəqəmiz Azərbaycanın Yaponiyadakı səfirliyi ilə sıx əlaqədədir. Səfirlik ictimaiyyət üçün nəzərdə tutulan məlumatları əsasən AzərTAc-ın Tokio bürosu vasitəsi ilə yaymağa üstünlük verir. Əminliklə deyə bilərəm ki, Azərbaycan səfirliyi ölkəmizin Yaponiyada təbliği üçün təqdirəlayiq işlər görür. Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə gənc olmasına baxmayaraq, bu ölkədə tanınmış və nüfuzlu diplomatdır. Gürsel müəllim təhsilini də Yaponiyada alıb, səfirliyimizdə müxtəlif vəzifələrdə çalışıb. Fövqəladə və səlahiyyətli səfir kimi Yaponiyanın müxtəlif ali məktəblərində, elm mərkəzlərində tez-tez görüşlər keçirir, ölkəmizlə bağlı çox maraqlı təqdimatlar təşkil edir.
Səfirliyimiz Azərbaycanın bu ölkədəki dostları ilə də sıx əlaqələr saxlayır. Belə insanlardan söhbət düşərkən bir nəfərin adını qeyd etməmək mümkün deyil. Bu şəxs 10 il UNESCO kimi bir beynəlxalq təşkilatın Baş direktoru vəzifəsində çalışmış Koiçiro Matsuuradır. Cənab Matsuura Azərbaycana böyük hörməti və sevgisi olan bir insandır. Yəqin ki, xatırlayırsınız, ölkəmizin birinci xanımı Mehriban Əliyeva məhz Koiçiro Matsuuranın Baş direktor olduğu zaman UNESCO-nun xoşməramlı səfiri seçilib. Bu gün UNESCO-nun Yaponiyadakı məsləhətçisi kimi çalışan K.Matsuura ölkəmizlə bağlı tədbirlərdə müntəzəm iştirak edir, çıxışlarında xoş sözlər söyləyir. Vaxtilə Bakıda çalışmış yapon səfirlər, bu ölkənin siyasətində mühüm söz sahibi olan ictimai xadimlər də Tokiodakı səfirliyimizlə sıx əməkdaşlıq edirlər. Onların sırasında iqtisadi bərpa naziri, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amarinin, Baş nazirin xüsusi müşaviri Takeo Hiratanın, NHK televiziya kanalının beynəlxalq şərhçisi İçiyo İşikavanın da adlarını xüsusi vurğulamaq istərdim.
- Belə nüfuzlu insanların ölkəmizə xoş münasibəti Qarabağ problemi ilə bağlı Yaponiya ictimaiyyətində obyektiv fikrin formalaşmasına öz müsbət təsirini göstərə bilər...
- Sözsüz. Məlum olduğu kimi, rəsmi Tokio Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, problemin sülh yolu ilə və ədalətli həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Təkcə rəsmi şəxslər deyil, sıravi yaponlar da Azərbaycan ərazilərinin erməni silahlıları tərəfindən işğal edilməsi barədə yetərincə məlumatlıdırlar. Bu məsələdə səfirliyimizin göstərdiyi səyləri qeyd etməliyəm. Səfirliyimiz Xocalı soyqırımının ildönümlərində tədbirlər keçirir, ən nüfuzlu mətbuat orqanları, telekanallar vasitəsilə Dağlıq Qarabağın işğalı, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər barədə yapon ictimaiyyətini məlumatlandırır. Tarixdən məlum olduğu kimi, Yaponiya özü də ərazi işğalına məruz qalıb, müharibələrdən əziyyət çəkib, böyük itkilər verib, ona görə də xalqımızın keçirdiyi bu ağrı-acı sıravi yaponlara yaxşı tanışdır.
- Xidməti işinizlə bağlı yəqin ki, Yaponiyanın müxtəlif şəhərlərinə səfərlər edirsiniz. Uzaq Yaponiyada sizə Azərbaycanı xatırladan məkanlar varmı?
- AzərTAc-ın xüsusi müxbiri olaraq bu günə kimi Yaponiyanın 20-yə yaxın şəhərində olmuşam. Paytaxtın Azabujuban rayonunun adı mənə doğma ölkəmizi xatırladır. Tokio Sakit Okeanın sahilində yerləşdiyindən bizim Dənizkənarı Milli Parkı xatırladan məkanlara rast gəlmək olur. 13 milyondan çox əhalinin yaşadığı Tokionun yaşıllıqları, şəhərdəki infrastruktur, insanlardakı mədəniyyət və ayrı-ayrı rayonlarda keçirilən müxtəlif festivallar məni heyran edir. Təəssüf ki, ötən 3 il ərzində Tokionu tam gəzib qurtara bilməmişəm. Tokioda metro və dəmir yol nəqliyyatı sıx əlaqələndirilib. Qatardan-qatara keçməklə çox rahat şəkildə Yaponiya kimi böyük bir ölkəni başdan-başa gəzmək olar.
- Növbəti məzuniyyətinizi keçirmək üçün Azərbaycandasınız, Yaponiyaya qayıtdıqdan sonra yəqin ki, ölkəmiz haqqında yeni yazılarla çıxış edəcəksiniz...
- Təbii ki, yeni yazılar olacaq. Əslində məzuniyyətdə olmağıma baxmayaraq elə bu gün də xəbərlər, yazılar hazırlayıram. AzərTAc-da mexanizm elə qurulub ki, xəbər istehsalı prosesi daim, fasiləsiz olaraq davam edir.


TƏQVİM / ARXİV