adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2014 18:18
4145
MƏMLƏKƏT
A- A+

İtaliya saytı Zakir Həsənovun Rumıniya səfərindən yazdı

İtaliyanın "Notizie Geopolitiche” xəbər portalında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Rumıniya səfəri ilə bağlı yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, səfər çərçivəsində Zakir Həsənov ilə Rumıniyanın müdafiə naziri Mirçea Duşa arasında keçirilən görüşdə hər iki ölkənin hərbi qüvvələrinin hazırlıq səviyyəsini yüksəltmək məqsədilə birgə hərbi təlimlərin keçirilməsinə dair razılıq əldə olunub. Eyni zamanda, görüş çərçivəsində regional təhlükəsizlik məsələləri, Şərqi Avropada və Cənubi Qafqazda cərəyan edən hadisələr müzakirə edilib, hər iki ölkənin ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb.

Müəllif avqustun 19-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında Naxçıvanda keçirilən üçtərəfli görüş barədə də oxuculara məlumat verib.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunulur. Bildirilir ki, 20 ildən artıqdır davam edən münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal olunub. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin buna baxmayaraq Ermənistan hələ də hərbi qüvvələrini həmin ərazilərdən çıxarmayıb.