adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Avqust 2014 18:11
3166
MƏMLƏKƏT
A- A+

FHN Lənkəranda xüsusi təlim keçirib

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) "Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib.

Apa-nın cənub bürosunun məlumatına görə, təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

Təlim Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında reallaşıb. Təlimə FHN qurumlarının struktur bölmələri və cənub bölgəsində yerləşən rayonların ərazi xilasetmə qüvvələri cəlb olunublar.

Məlumat verilib ki, şərti olaraq 29 avqust 2014-cü il tarixində saat 9.00-da episentri Xəzər dənizində olmaqla, Lənkəran şəhərindən 30 km cənub-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Lənkəran şəhərində 6,5 bal, Astarada, 6 bal, Masallıda 0 bal, Lerik rayonunda 5,2 bal, Yardımlıda isə 4,5 bal qeydə alınıb. Şərti olaraq köhnə tikililərin qismən dağıntılara məruz qaldığı, bina və sənaye obyektlərində yanğınlar baş verdiyi, kommunikasiya xətlərinin sıradan çıxdığı qeyd olunub.

İlk mərhələdə quruda və havada kəşfiyyat qrupları şərti hadisə yerinə baxış keçirilib, şərti zəlzələnin fəsadları müəyyənləşdirilib. Daha sonra şərti yanğından xilasetmə, suda xilasetmə və helikopterdən hadisə yerinə enmiş xüsusi təlim keçən itlə birgə desant qrupları yanğının söndürulməsi, hadisə zamanı xəsarət alan fəhlələrin təxliyə və xilas olunması ilə bağlı təlimlər nümayiş etdiriblər. Şərti qəza xilasetmə işləri aparılan zaman 15 nəfər xilas edilib, 60 nəfər təhlükəli ərazidən təxliyə olunub, baş verən yanğınlar lokallaşdırılıb, kombinatda kimyəvi qəza və nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb.

Təlimi Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də izləyib.

Təlimin sonunda E.Mirzəyev meşə yanğınlarının söndürülməsində fəallıq göstərən şəxslərə FHN-in rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.