adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2014 17:50
3623
MƏMLƏKƏT
A- A+

Hadı Rəcəbli Türkiyədə müalicə olunan əsgərimizin ailəsini ziyarət edib

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu gün Lənkəranın Balaşur kəndində yerli hökumət nümayəndələri ilə birlikdə Ankarada müalicə alan 3 yaralı əsgərimizdən biri - Sərxan Tahirzadənin ailəsini ziyarət edib. Ailənin qayğıları ilə maraqlanan deputat Adalet.az-a ailə ilə görüşü haqda məlumat verib:

"Bildiyiniz kimi, 3 əsgərimiz prezidentimizin xüsusi qayğısı nəticəsində Ankaraya müalicəyə göndərilib. Orada onların müalicəsi ilə yüksək səviyyədə məşğul olurlar. Bu, prezidentimizin qayğısının, hörmətinin nəticəsidir. Hətta indiki baş nazir Əhməd Davudoğlu da həmin əsgərləri ziyarət edib və onların vəziyyəti ilə maraqlanıb. Döyüş zamanı iki ayağını itirən Sərxan atası Kamil kişiyə deyib ki, lap protezlə də olsa, dostlarının qisasını almağa hazırdı. Onların qanını yerdə qoymayacaq”.

Deputatın sözlərinə görə, Sərxan Tahirzadə məzuniyyətə gələndə valideynlərinə vətənə olan sevgisindən danışıb: "Onu da vurğulayım ki, Sərxanın atası da ikinci qrup əlildir. Bizim hamımızın borcu isə belə uşaqların ailəsini tanımaq və  onların evlərinə gedib baş çəkməkdir”.

Hadi Rəcəbli yaralı əsgərin valideynlərinə söz verib ki, Sərxanın elçiliyinə özü gedəcək və toyunda da ağsaqqal kimi iştirak edəcək. Ailənin qayğıları ilə maraqlanan deputat maddi cəhətdən də öz köməkliyini əsirgəməyib.

Məlumat üçün bildirək ki, Sərxan Tahirzadənin ailədə özündən başqa bacısı da var. Bacısı nişanlıdır. Sərxan ailənin tək oğlan uşağı olsa da, valideynləri onu vətənpərvər ruhda böyüdüb. İdmançı olan Sərxana hətta hərbi komissarlıqdan 6 ay gec hərbi xidmətə gedə bilməsi üçün möhlət də verilibmiş. Ancaq günlərin birində ailəsi xəbər tutub ki, artıq  Sərxan hərbi xidmətə getməsi üçün adını yazdırıb.

Bu gün Sərxan Tahirzadənin 19 yaşı tamam olur. Sərxanın anası Maisə xanım da övladının doğum günündə onlara maddi və mənəvi cəhətdən köməklik edən insanlara, eləcə də  deputat Hadi Rəcəbliyə ailəsi ilə yaxından maraqlandığına və əlindən gələn köməyi əsirgəmədiyinə görə xüsusi təşəkkürünü bildirib.