adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Avqust 2014 16:46
5055
MƏMLƏKƏT
A- A+

Süfrəmizin duzu, yoxsa ayağımızın tozu?!

Toz deyəndə, əslində anladığınız kimi bunu qafiyə xatirinə yazdım. Amma iş təkcə tozla bitsəydi nə vardı ki! Yediyimiz duzun tərkibinə tozdan başqa daha nələr çökür?!

Bəli söhbət Masazırdakı duz gölündən gedir. Bakıdan 21 km aralıda yerləşən Masazır gölündən 1813-cü ildən başlayaraq duz çıxarılır. Gölün nəinki duzu, hətta palçığı da bir sıra xəstəlikləri (sinir sistemi, oynaq, ginekoloji, dəri) sağalda bilir.

Bildiyiniz kimi Masazır gölünün yanında Duz Zavodunun tikilməsi ilə əlaqədar 2010-cu ildən bəri göl hasarlanmışdı. Amma təzəlikcə dəmir torlardan ibarət hasarların sökülməsi ilə əvvəllər olduğu kimi indi də xəlqimizin səhhət aşiqi olan nümayəndələri özünümüalicə məqsədilə gölə axışıblar. Lap "Bəxt üzüyü” filmindəki Söylünün uşaqlarına dediyi sözləri yadıma düşdü: "Ayə gül kimi Xəzər dənizini qoyub krantın altında niyə çimirsiz?” İndi Söylünün sözü olmasın, o boyda dəniz qalıb kasıblı, zənginli millət tökülüşüb duz gölündə çimir. Hər gün, xüsusilə də axşam saatlarında gölün sahili ən "xod gedən” çimərlikləri kölgədə qoyur. Stul qoyub ayaqlarını sallayan kim, üzgüçülük məharətini göstərən kim, iri çətirlərin altında yeyib-içən kim…

Nəzərə alsaq ki, bura gələnlərin əksəriyyəti dərisində, sümüyündə problem olan adamlardı, gölün duzuna çökən müxtəlif mikrobları (göbələk virusları, dəri-zöhrəvi xəstəliklər və.s) təsəvvür etmək çətin olmur. Acınacaqlısı da odur ki, axı bu insanlar da murdarladıqları duzu süfrələrinə gətirirlər. Düzdür, buradan hasil olunan duz zavodda istehsal prosesi keçərək təmizləndikdən sonra qablaşdırılır. Amma nə məlum yediyimiz duz məhz sözügedən zavodun istehsal etdiyi duzdur? Hasar yoxdusa, yenidən kustar üsulla duz əldə etmək istəyənlər də tapıla bilər və son nəticədə süfrəmizin "bəzəyi”nin dadı-duzu qaçar. Bir tərəfimiz sağalsın deyə, başqa yerdən də xəstəlik qazanmayaq.

Gələk hasarların götürülməsinə… Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun məlumatına görə hasarların sökülməsi yolun genişləndirilməsi ilə bağlıdır. Elə isə gölü daraltmadan yolu genişlənirmək olmazdımı – sualına isə E. Hüseynov belə cavab verdi ki, gölün daraldılmasının duz ehtiyatına heç bir təhlükəsi yoxdur: "Təbii ki, yol əks istiqamətdə də genişləndirilə bilərdi. Amma güman ki paralel tərəfdə müxtəlif tikililərin çoxluğu buna imkan verməyib”.

Hasarların yığışdırılması ilə insanların yenidən gölə axışmasına gəlincə isə E.Hüseynov bildirdi ki, həqiqətən də bu vəziyyət antisanitariya şəraiti yaradır. Ora üz tutan insanların və ərazidəki tikililərdə çalışan işçilərin ətrafa səpələdikləri qida qalıqları və tullantıları da nəzərə alsaq, mənzərə "tamamlanır”.

"Amma sevindirici haldır ki, gölə əvvəlki kimi kanalizasiya suları axıdılmır. Vaxtilə bununla əlaqədar monitorinqlər keçirmişdik. Və bunun nəticəsi olaraq çirkab sularının gölə axıdılmasının qarşısı alınmışdı. Hazırda belə xoşagəlməzliklərin təkrarlanmaması üçün ərazi nəzarət altında saxlanılır”- deyə ekspert bildirdi.    

Qeyd edək ki, bir neçə il bundan qabaq gölün qoruğa çevriləcəyi, sahilində yaşıllıq zolağı yaranacağı xəbəri dolaşsa da, sonra bu fikir "sandığa atılmışdı”.