adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Avqust 2014 16:22
3807
GÜNDƏM
A- A+

“ABŞ Azərbaycanın daxili işlərinə qarışır”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar verdiyi son açıqlamalara reaksiya verib. 

E.Abdullayev həmin açıqlamaları əsassız və qəbuledilməz hesab edib: "Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır”. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmışdı. O, son vaxtlarda Azərbaycanda sivil cəmiyyətə, söz azadlığına qoyulan məhdudiyyətlərin artdığını müşahidə etdiyini qeyd etmiş, Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə, onlara öz fikirlərini sərbəst ifadə etməyə imkan verməyə çağırmışdı.