adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SüNi BAHALAŞMA, YOXSA SABOTAJ?

289071 | 2007-08-31 01:28
Axşam yatıb səhər yuxudan oyananda görürsən ki, çox şeyin qiyməti qalxıb. Məsələn, qəndin qiyməti qalxıb, çayın qiyməti qalxıb, yumurtanın qiyməti qalxıb. Bir sözlə, hər şey kəllə-çarxa çıxıb. Bircə insanın qiyməti qalxmayıb. Çünki bizdə hər şeyin qiyməti qalxsa da insanın qiyməti zaman-zaman ucuzlaşır. Allah bundan betərindən saxlasın.
   
   Yaxşı, hər şeyin qiyməti qalxırsa, bəs onda hökumət hara baxır? Hökumətin nazirlikləri hansı işlə məşğuldurlar. Necə olur ki, bir günün, bir həftənin içində ərzaq və yeyinti mallarının qiyməti bahalaşır, bundansa hökumətin xəbəri olmur? Deyilənlərə görə, İqtisadi İnkişaf Nazirliyində bir Antiinhisar Departamenti var və o da qiymətlərə nəzarət eləməlidir. Amma belə nəzarət eləməkdən heç eləməmək sərfəlidir. Çünki ölkəni bu gün başdan-ayağa bahalıq öz ağzına götürüb.
   
   Əgər bahalaşma hər gün və hər həftə davam edirsə və bu bahalaşmanın qarşısı hökumət tərəfindən alınmırsa, demək burda nəsə müəmmalı bir şey var. O müəmma da bundan ibarətdir ki, ya hökumətin bu bahalaşmadan xəbəri yoxdur, ya da süni bahalaşmanın qarşısını almaqda acizdir. Təbii ki, bu cür hadisələr cərəyan eləyəndə ölkədə özbaşınalıq və hərc-mərclik yaranır. Yəni məmləkətimizin aztəminatlı ailələri və eləcə də cüzi əmək haqqı ilə dolananlar hər gün, hər həftə bahalaşan ərzaq və yeyinti məhsullarını ala bilmirlər. Axı, 50 manat təqaüd alan, yaxud da 100 manat aylıq maaşı olan adam bu bahalıq şəraitində mağazaya gedib evinə necə bazarlıq eləsin? Hər şeyin qiyməti qalxıb, amma əmək haqları və maaşlarsa elə yerindəcə sayır. Adam var ki, heç aldığı əmək haqqı nəinki kommunal xərclərə, aylıq çörək puluna belə çatmır. Bəs görəsən, bundan dövlətin və hökumətin xəbəri yoxdur? Xəbəri olmamış olmaz. Bəziləri deyirlər ki, bu xalqın əksər hissəsi hər axşam restoranlarda, şadlıq saraylarında, qonaqlıqlarda, ziyafətlərdə olur. Vallah, mən adam tanıyıram ki, iki ildir nəinki toya getmir, heç onu hər hansı bir xeyir-şərdə də görmək olmur. Çünki bu adamın ailəsini dolandırmağa çörəkpulu belə çatmır.
   
   Təsəvvür edin ki, əgər "Ankor" yağının 1 kiloqramının qiyməti 1 manat bahalaşıbsa, xamanın qiyməti 40 qəpik bahalaşıbsa, eləcə də ətin, unun, çayın, südün və digər ərzaq məhsullarının qiyməti qalxıbsa, bu süni bahalaşma və sabotaj deyilmi? Hökumət deyir ki bizim bu qiymət qalxımından xəbərimiz yoxdur. Kim onu qaldırırsa, süni surətdə buna nail olur. Əgər qiymətlərin qalxımı süni surətdədirsə və kimlərsə ölkədə sabotaj yaradıb camaatı dövlətə və prezidentə qarşı qaldırmaq istəyirsə, bunun qarşısını almaq o qədər çətindir. Elə bil kimlərsə xalq arasında narazılıq yaratmaq istəyir ki, onlar küçələrə çıxıb etirazlarını bildirsinlər. Axı süni surətdə qiymət qaldıranlar və iqtisadi sabotaj yaradanlar nə vaxta qədər bu əməllərini davam etdirəcəklər? Onlar o vaxta qədər bu əməllərini davam etdirəcəklər ki, cəzalanmayıblar.

TƏQVİM / ARXİV