adalet.az header logo
  • Bakı 21°C

TüKDƏN ASILI HƏYATIMIZ

12082 | 2007-08-30 00:32
Nə deyiləsidi, nə yazılasıdı, qalır dəsmal götürüb ağlamaq. Ağlamaqla da yara sağalmır. İndi nə qədər ağlasaq da o uçmuş binanın altında qalıb həlak olanlara zərrə qədər də xeyri yoxdu.
   
   Bina niyə uçub, hansı səbəbdən uçub - yazırlar, yazacaqlar, prokurorluq da araşdırır və araşdıracaq, iki-üç nəfər tapıb cəzalandıracaqlar, mən bu məsələdən danışmaq istəmirəm. Məni düşündürən məsələnin təmiz başqa tərəfidi. O tərəfi ki, Azərbaycanda gedən özəl tikintilərin 90 faizində bu belədi. İndi özəl şirkətlər fəhlə işlətmirlər, qul işlədirlər. Bəli, bəli, qul. Dünyanın ən sivil bir zamanında qullar. Heç bir hüququ olmayan, səsini çıxartsa, öz qul yoldaşlarına döyülüb qovulacaq qullar.
   
   Müvafiq icra strukturları da buna göz yumurlar, ya da bu şirkətlərin arxasında dayanan yüksək vəzifəli dövlət məmurlarından qorxub dillərini qoyublar dinməz yerlərinə.
   
   Nədi məsələ?
   
   Birinci, yoxlasalar görərlər ki, bu şirkətlərdə çalışanların 90 faizinin, 90 olmasın olsun 80, 80 olmasın olsun 70, əmək müqavilələri yoxdu. Heç əmək kitabçaları da yoxdur. Sabah təqaüdə də çıxa bilməyəcəklər, ya da alacaqları təqaüdlər qəpik-quruş olacaq. Və onlar da hökumətə söyəcəklər ki, niyə onlara belə az təqaüd verir. Çünki əgər şirkət rəhbəri insafa gəlib onlara maaş cədvəli tutursa, vergilərdən, sosial müdafiə fondundan qaçmaq üçün minimum əmək haqqı həcmində onlara maaş yazır.
   
   İndi uçan binanın altında qalanlarla hətta müqavilə bağlanmış olsa belə, iş başında həlak olduqlarına görə alacaqları müavinətə bazardan yaxşı halda altı kilo ət almaq olar.
   
   Bütün dünyada belə qəzalar nəticəsində həlak olanların ailələrinə yüksək miqdarda təzminat ödənilir. Ən kasıb ölkələrdən biri olan qonşumuz Rusiyada bütün yas xərcləri şirkətin üzərindədi, bundan əlavə də 10 min dollara qədər birdəfəlik təzminat ödənilir. Bəzən bu rəqəm daha böyük olur.
   
   Amma mən hələ heç bir qəzetdə oxumamışam ki, belə qəzalar və buna oxşar digər qəzalar nəticəsində həlak olanların ailələrinə təzminat ödənsin. Və o qədər savadsızlıqdır ki, heç kəs də hansısa məhkəmədə təzminat davası açmayıb. Ya hüquqlarını bilmirlər, ya da məhkəmələrə inanmırlar. İkisi də var.
   
   Sovet hökuməti vaxtı bir məcburi sığorta vardı. Məni də eləmişdilər, gərək ki, 2500 manata. Düzdür, bu mənim qiymətim deyildi, amma hər halda pul idi.
   
   İndi də məcburi sığortalar var. Evi edirlər, maşını edirlər, gərək ki, ticarət obyektlərini edirlər. Çox yaxşıdı, bunu alqışlayıram. Bundan başqa, ağıllı şirkət rəhbərləri, xüsusilə də xaricilər şirkətlərini, böyük obyektlərini də sığorta etdirirlər. Dəqiq bilmirəm, deyəsən, "Ramstore" yananda şirkət 2 milyon dollar sığorta pulu aldı.
   
   Bilmirəm o uçan bina sığorta olunmuşdu, ya yox, amma yüz faiz bilirəm ki, orda həlak olan insanların heç biri sığorta olunmamışdı. Bu da bir savadsızlıq. Həyatımızın qiymətini bilməmək. Di buyur, özün öldün getdin və balalarını da ac-yalavac buraxdın taleyin ixtiyarına. O tale ki, onun üçün çox maraqsızdı kim ac-yalavacdı, kim nə bilim nədi.
   
   Hələ gec deyil. Hələ nə qədər ki pul gözünü tutmuş insanlar heç bir tikinti qaydalarına riayət etmədən tikirlər, uçan binalarımız çox olacaq. Və bu uçan binaların altında qalan qullarımızın da sayı çox olacaq.
   
   Hökumət çox ciddi tədbirlər görməlidi. Ciddi araşdırmalar aparılıb əmək müqaviləsi bağlamayan şirkətlər və ya verdiyi əmək haqqını gizlədən şirkətlər çox ciddi cəzalandırılmalıdır.
   
   Hökumət ciddi tədbirlər görməlidi. Özəl və ya qeyri-özəl şirkətlərdə çalışanların hər biri şirkət tərəfindən məcburi qaydada sığortalanmalıdır. Əmək müqaviləsində də bədbəxt hadisə baş verən zaman, söhbət təkcə ölməkdən getmir, şil-şikəst olmaqdan, əmək qabiliyyətini itirməkdən gedir, birdəfəlik təzminat da ayrıca göstərilməlidir.
   
   Allah srağagün uçqun altında qalıb ölənlərə rəhmət eləsin! Allah hüquqlarımızı bilməyən bizlərə də rəhmət eləsin!

TƏQVİM / ARXİV