adalet.az header logo
  • Bakı 19°C
29 Avqust 2014 11:55
3457
SİYASƏT
A- A+

Rusiyaya qarşı güc tətbiq oluna bilər

NATO-nun sentyabrın 4-5-də keçiriləcək Kardif sammitində Rusiya ilə bağlı ciddi qərarlar qəbul ediləcək. Bu barədə politoloq Qabil Hüseynli yerli KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə sammitdə Rusiyaya güc tətbiqinin də gündəmdə olacağı istisna olunmur: "Rusiyaya güc tətbiqi barədə qərarlar qəbul edilə bilər. Belə olan halda Rusiyanın imkanlarını şişirtməyə dəyməz. İqtisadi böhran Rusiyanı daxildən parçalamağa başlayıb. Üstəlik, Rusiya öz potensialına görə elə də güclü dövlət deyil. Rusiya Ukrayna sərhədinə maksimum 30-40 minlik qoşun yığa bilər. Bunu dəf etmək üçün Ukraynanın özünün hərbi imkanları var. Hesab edirəm ki, NATO da bundan sonra Ukraynaya ən müasir hərbi texnikalarla kömək edəcək”.

Politoloq qeyd edib ki, Ukrayna məsələsi Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ilə paralel şəkildə həll olunacaq. Q.Hüseynli hesab edir ki, Rusiya hakimiyyətinin və dövlət siyasətinin dəyişilməsi üçün Qərb planlar hazırlayır. Artıq dünyada 70-ə yaxın ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulacağı gözlənilir: "Putin bütün bu həmlələr qarşısında davam gətirə bilməyəcək. Ukrayna əhalisi özü də ciddi surətdə partizan müharibəsinə hazırlaşır. Partizan müharibəsinin planını isə ABŞ hazırlayır”.

Qeyd edək ki, Rusiya hərbi texnikalarını Ukraynanın şərq regionlarına yeridib. Ukrayna prezidenti Pyotr Poroşenko isə bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi dəyərləndirib.