Prezident İlham Əliyev Füzulidəki muzeyin açılışını edib
Azərbaycan
prezidenti İlham Əliyev bu gün Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin
açılışında iştirak edib. İlham
Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət
başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu
muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid
bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya
xətləri və müvafiq avadanlıqla təchiz olunub.
Bildirilib
ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin
gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı
"İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış
çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun
Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb.
Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik
ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var.
Muzeydə Azıx mağarasının maketi və
ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu
eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji
qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən
eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın
döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının
qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini
artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik
xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif
dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən
eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının,
evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və
məşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ
müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında
məlumatların toplandığı muzeydə "Qələbə qığılcımı” başlığı altında xüsusi bölmə
də yaradılıb.
Burada Füzuli rayonundan olan Milli
qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi
xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz
şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə
məlumatlar verilir.