adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2014 15:41
10555
MƏMLƏKƏT
A- A+

Gəlinlər toydan niyə qaçırlar?!

Son vaxtlar ölkənin sosial gündəmini toydan qaçan gəlinlər barədə xəbərlər "zəbt edib”. Bir-birinin ardınca belə xəbərlərin yer alması, ümumiyyətlə bu xoşagəlməz faktın mövcudluğu əlbəttə ki, cəmiyyətdə haqlı narahatlıqlar yaradır.

Son bir ayda 4 gəlinin toyqabağı və ya toy günü qaçması artıq həyəcan təbilini çalmağa vadar edir.  


Xatırladaq ki, bu gün Cəlilabadın Günəşli kəndində gəlinin toydan qaçması ilə bağlı yerli KİV-lər xəbər vermişdilər. Gəlin oğlan toyuna saatlar qalmasına baxmayaraq, başqa bir oğlana qoşularaq qaçıb. Sakinlərin sözlərinə görə, qız azyaşlı olmayıb. Onun kiminlə qaçması isə hələlik məlum deyil. Digər məqam isə toy günü bəyin də başqa bir qızı qaçırtması olub. Belə ki, gəlinin qaçdığını eşidən oğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçırdaraq toyunu edib.


Avqustun 26-da da Oğuzun Muxas kəndində gəlin toy günü başqa oğlanla qaçmışdı. Hətta xəbər yayılmışdı ki, qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib, lakin daha sonra valideynlər bu xəbəri təkzib etmişdilər.


Lənkəranda isə iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçmışdı. Onun da bu addımından sonra toy təxirə salınmamışdı. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak etmiş, lakin gənc oğlan bəy kürsüsünə tək oturmuşdu. 


Sumqayıtda da gəlinin toy günü bəyi qoyub qaçmasıyla bağlı video yayılmışdı. Həmin videoda da görünür ki, bəylə gəlin şadlıq sarayının qapısı ağzında avtomobildə mübahisə edirlər. Gəlin avtomobilin qapısını hirslə açıb qaçır, bəy də onun dalınca düşür. 


Məsələyə münasibət bildirən "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, qeyd edilən problem həqiqətən xoşagələn tendensiya deyil, lakin hər bir halın özündə müxtəlif səbəbləri mövcuddur . Dörd hadisəni eyniləşdirmək mumkun olmadığı kimi, problemin kökündəki oxşar cəhətləri də görmək mümkündür. "Ümumiyyətlə, evlənən şəxslər arasında şəffaflıq yoxdur. Bir-biriləri ilə fikirlərini, hisslərini açıq şəkildə bölüşə bilmirlər. Nəticədə, ortaya bu cür şeylər çıxır".


Bəs elə isə bu qızlar niyə məhz toy günü qaçırlar, daha əvvəldən bu addımı ata bilməzdilərmi?


Ekspert bildirir ki, qızlarda bir az özlərini qəhrəman kimi göstərmək istəyi yaranıb: "Sanki mən istədiyimi etdim, qaçdım, hamı gördü ki, mən bunu bacardım və s. göstərmək düşüncəsi var. Ailədə münasibətlərin düzgün tənzimlənməməsi, qız uşaqlarının həyata hazırlıqsız olması və bir sıra psixoloji amillər də gətirib bu cür şeylərə çıxara bilər. Qıza mal, əmlak kimi yiyələnən valideyn onu duyğu və istəklərini nəzərə almır, qərar qız tərəfindən deyil, valideyn tərəfindən verilir. Məsələnin kökündə həm aqressiya, həm də qisas hissi var. Bundan başqa azyaşlı qızların romantikaya meyilliliyinin də rolu az deyil. Həmçinin gəlinin qarşısındakına hörmətinin olmamasından da irəli gəlir”.


M.Zeynalova hesab edir ki, bu cür addımlar bir çox hallarda qız üçün ağır nəticələnir:  "Əlbəttə ki, ailənin ətraf mühitdə nüfuzu aşağı düşür. Qızın yeni ailəsi onun bu hərəkətini ömrü boyu başına qaxınc edəcək. "Sən yaxşı qız olsaydın” ifadəsi demokl qılıncı kimi başının üstünü kəsdirəcək. O isə geri dönə bilməyəcək. Çünki bütün körpüləri yandırmış olacaq. Nəticədə isə küçədə qalıb fahişəliyə və s. yönələcək".  


Problemin qarşısının alınmasına gəlincə isə ekspert hesab edir ki, əgər nikah məcburi baş verirsə, qız bu barədə polisə məlumat verə bilər: "Təssüf ki valideynlə bağlı polisə məlumat verməyə qızlar cəsarət edə bilmirlər. Lakin şikayətlər intensivləşsə, bəlkə bu cür halların qarşısı da alınar". 


Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, bu problem psixoloji cəhətdən çox sosioloji yönümlüdür. Ən əsas səbəb qadına olan təzyiqlərdir. Qızların bu kimi təzyiqlərdə qaçmaqdan başqa çarəsi qalmır: "Əlbəttə, bu kimi hadisələr böyük sensasiyalarla qarşılandığı üçün ağır travmalar qoyur. Belə hadisələrdən yan keçmək üçün ilk növbədə sağlam düşünməli, psixoloji təzyiqdən qaçınılmalıdır. Qərarlar başdansovdu, tez-tələsik olmasa, daha effektiv olar".