adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Avqust 2014 14:53
31296
HÜQUQ
A- A+

Övladlığa uşaq verirsiz? – Hüquqşünas rəyi

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 1 yaşadək övladlığa götürülənlərin sayı 204 nəfər olub. 1-5 yaşda olan övladlığa götürülmüşlər isə 429 nəfər təşkil edib. 60 uşaqla bağlı övladlığa götürülmə qərarı isə ləğv olunub. Bundan başqa, 1 yaşadək övladlığa götürülmüş 1 uşaq barəsində övladlığa götürülmə qərarı ləğv edilib. 1-5 yaşda olanlarla bağlı 6, 11-17 yaşda övladlığa götürülən uşaqlarla bağlı isə 46 qərar ləğv olunub. Məlumat üçün qeyd edək ki, Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı qanunvericilk bazasının olmasına baxmayaraq bu proses elə də asan başa gəlmir. Bəs, uşaqların övladlığa verilməsi hansa qaydada həyata keçirilir? Məlumat üçün qeyd edək ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir. Övladlığa uşaq götürməyi arzu edən Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarına əsasən, müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür.Hüquqşünas Habil İsgəndərov bildirir ki, həmin orqan tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə göndərilir."Beynəlxalq övladlığa verilmə isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Övladlığa 3-18 yaş arası olan uşaq götürmək tələbi olduqda vətəndaş Təhsil Nazirliyində övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların siyahısına alınaraq Təhsil Nazirliyinin övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş siyahısı ilə tanış olmaq üçün Təhsil Nazirliyinə dəvət olunur. Siyahı ilə tanış olub seçim etdikdən sonra vətəndaş uşağın yaşadığı müəssisəyə səfər edərək uşaqla əyani tanış ola bilər. Uşaq seçildiyi təqdirdə vətəndaş ona məxsus sənədlərin əsli və ərizə ilə birlikdə rayon məhkəməsinə müraciət edir. Uşağın sənədləri isə Təhsil Nazirliyi tərəfindən hazırlanaraq məhkəməyə təqdim olunur. Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-nin Qəyyumluq və Himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin və övladlığa götürülən uşağın yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat) nümayəndəsinin iştirakı vacibdir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə təsdiq edilmiş "Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”na əsasən, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyi olan Azərbaycan vətəndaşları övladlığa uşaq götürmək arzu edən şəxs kimi qeydiyyata götürülə bilməzlər.” 
Ailə Məcəlləsinin tələbinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları övladlığa götürmədikdə icazə verilir. Bu halda, övladlığa götürməyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər.

10 yaşına çatmış uşağın razılığı lazımdırmı?
Hüquqşünasın söylədiyinə görə, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. "Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Valideynləri olan uşaq yalnız onların razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin notariat qaydasında yazılı razılığı tələb olunur. Valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.”
Qeyd edək ki, valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Həmçinin, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir.

Analitik.az