adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Avqust 2014 14:17
19288
MARAQLI
A- A+

Yer Planetini UNO-larla nə bağlayır?!

Azərbaycan niyə UNO-ların "xoşuna gəlir”?!


Tarixin bütün zamanlarında insan oğlunu düşündürən və narahat edən yadplanetlilər mövzusu həmişə öz aktuallığı ilə diqqət mərkəzində olub. Azərbaycan da yadplanetlilərin "diqqət”indən kənarda qalmayıb. Ölkənin müxtəlif bölgələrində dəfələrlə Uçan Naməlum Obyektlərin (UNO) görünməsinə dair şahid ifadələri və ya faktlar qeydə alınıb. Elə bu yaxınlarda - avqustun 24-də, axşam saatlarında Hövsan qəsəbəsində uçan obyekt görülmüşdü. Şahid ifadələrinə görə səmadakı obyekt sahilə sürətlə yaxınlaşıb, təxminən 1 dəqiqə səmada "vurnuxub", sonra da yoxa çıxıb.  

Bundan başqa Sumqayıtda, İmişlidə, İsmayıllıda naməlum obyektlərin görünməsi ilə bağlı faklar ortaya çıxıb.

Ufoloq Fuad Qasımov deyirdi ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların "xoşuna” gəlir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Azərbaycan UNO-ların məskəninə çevrilməsi baxımından Meksika və Kaliforniyadan sonra üçüncü sırada dayanır. Azərbaycanın yadplanetlilər üçün maraqlı olması həm də Yer kürəsinin hərəkətliliyini tənzim edən enerji mərkəzlərindən birinin Xəzərin təkində və Abşeron yarımadasının altında olması ilə izah edilir. 
Hətta F.Qasımov 1999-cu ilin iyun ayında belə bir sensasion məlumat yaymışdı: "UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir”.


UNO-larla ən çox maraqlanan ruslardır

Şimal qonşumuz qədər UNO-larla maraqlanan ikinci ölkə çətin ki, tapıla. Hələ 1996-ci ildə yadplanetlilərə məxsus uçan obyektin Rusiyada meşəlik sahədə qəzaya uğrayandan sonrakı görüntüləri yayılmışdı. Bu hadisədən 18 il sonra Rusiya yenidən dünyaya şok görüntülər təqdim edib.

Belə ki, yadplanetlilər barədə hər kəsin yalnız təsəvvürü olduğu halda, ruslar gerçək görüntüləri təqdim edib. Görüntülərin nə vaxt və haradan əldə olunduğu gizli saxlanılır.

Görüntülərdə əks olunan yadplanetlinin boyu 132 sm-dir. Xarici görünüşcə insana bənzərliyi olsa da, boynu çox qısa, gözləri yumrudur. Baş nahiyyəsində saç yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir. Yadplanetlinin ağzı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rəngdə, büzüşmüş haldadır. Bütün bədəni incə mavi kapilyarlarla örtülüb.

Görüntülərdə yadplanetlinin üzərində olan və elmə məlum olmayan maddədən ibarət geyim yanmış formadadır.

Alimlər yadplanetlinin ölüm səbəbini araşdırarkən belə qənaətə gəliblər ki, onun ölümünə səbəb UNO-nun partlaması və yaxud yer kürəsinin havasına alışmamasıdır. Alimlər yadplanetlinin daha isti planetdən gəldiyi qənaətindədirlər.

Rusiyanın əksər teleproqramları (xüsusilə son zamanlar) bu sahəyə yönəlib. Sensasion fikirlərlə beyinləri aydınlatmaq əvəzinə daha da dumanlandıran bu proqramlarda şokedici açıqlamalar verilir, hətta bilim adamlarının dili ilə. Belə ki, rus ufoloqları bir çoxumuzun sevimli ev heyvanı olan pişiklərin başqa planetlərin xəfiyyəsi olduğunu iddia edirlər. Doğrusu, pişiklərin fövqəltəbii bacarığa, duyuma malik olduğu faktı yeni olmasa da, hər halda bu qədərini "həzm etmək” elə də asan deyil. Rus ufoloqları iddia edirlər ki, pişiyin gözləri bu dünyaya qoyulmuş "kamera”dır. Yad planetlərdə onun gözləri vasitəsilə bu dünyada baş verənləri izləyirlər. Hətta 2002-ci ildə rus mütəxəssisləri radiodalğa vasitəsilə başqa planetdən pişik miyoltusu eşitdiklərini açıqlamışdılar.

Maraqlıdır ki, müxtəlif sivilizasiyalarda pişik kultu həmişə mövcud olub, antik mədəniyyətlərdə pişiyə sitayiş olunub. Misir ehramlarında, hind eposlarında pişiklə bağlı müəmmalı şəkillər, inanclar mövcud olub. Bioloqlar bu günə qədər də bu sualın cavabını tapa bilmirlər: pişiklər istiqamətləri necə belə dəqiq müəyyən edirlər? Məsələ burasındadır ki, pişikləri hansı tərəfdə azdırırsan azdır (hətta kilometrlərlə uzaqda olsa belə!) yenə də yaşadığı ünvanı asanlıqla tapa bilirlər.

Yadplanetlilərin Yer üzündəki daha bir şpionu da göbələklərdir. Rus və yapon alimləri uzun araşdırrnalardan sonra belə nəticəyə gəliblər ki, göbələklər şüurludurlar! Alimlər daha cəsarətli bəyanatlar verərək bildiriblər ki, qidadan tutmuş, bədəndə, torpaqda – hər yerdə mövcud olan göbələklər dünyada şəbəkə şəklində mövcud olaraq məlumat toplayıb özlərində saxlaya bilir və yadplanetlilər də Yer üzünə "təşrif buyurarkən” lazımi informasiyaları onlardan əldə edə bilirlər.    


Dahi alimlər yadplanetlilərdimi?

Çağdaş dünya əhalisinin 20 faizi yadplanetlilərin mövcud olduğuna inanır. Reyter agentliyi bu barədə 22 ölkədə 23 min insan arasında sorğu aparıb. Nəticələrə görə, Hindistan və Çində əhalinin 40 faizi yadplanetlilərin insan qiyafəsində aralarında olduğuna inandığını deyib. Bu iddiaya ən az inanan isə Belçika, İsveç və Hollandiyada yaşayanlardır. Adı çəkilən ölkələrdə cəmi 8 faiz gəlmələrə inanan var. Qeyd edək ki, gəlmələrin olduğuna və onların insanların arasında yaşadığına inananların əksəriyyəti 35 yaşdan aşağı olanlardır. Xəyalpərəst, mistik mövqeli, eyni zamanda belə sirli məsələləri özünün gündəlik həyat tərzinə çevirənlər onların varlığına daha çox inanırlar. Hətta son zamanlar bu günə qədər dahi alimlər kimi tanıdığımız bir sıra şəxsiyyətlərin (xüsusilə yaşadığı zamana görə xeyli irəlini görmüş alimlər) yadplanetlilər olduğu iddia edilir. Bunların arasında ilk yeri Leonardo da Vinçi (1452-1519) tutur. Buna səbəb özündə bir çox istedadları birləşdirmiş dühanın hələ 6 əsr bundan qabaq bir sıra müasir icadları etməsini əsas gətirirlər. Əlbəttə o dövrün insanı üçün velosiped, paraşüt, uçan aparatlar, müxtəlif hərbi silahlar, linza, avtomobil çertyoju, projektor, robot və.s. kimi kəşflər ağlasığmaz görünür.

Bundan başqa, İsak Nyutonun (1643-1727), Mendeleyevin (1834-1907), Eynşteynin (1879-1955), başqa kainatlar haqqında ən aydın təəssürat yaradan yazıçı Herbert Uellsin (1866-1946) yadplanetli və ya başqa zamandan gəlmiş zaman yolçuları olduğu iddia edilir.   


UNO tarixdə

Yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.

Hind eposlarında allahların "alov saçan gümüşü qablardan enib insanların arasına gəlməsi” fikri dəfələrlə təkrar olunub və o zamanın rəssamları tərəfindən qələmə də alınıb.

Mayya qəbiləsinin də yazılı abidələrində UNO ilə bağlı dəqiq məlumatlar var.  

Antik yunan tarixçisi Plutarx (e.ə 45-127) Dardanel ətrafında planlaşdırılmış döyüşün qəfil naməlum obyektlərin peyda olması səbəbindən baş tutmadığını yazıb.

XI əsrdə Çin filosofu naməlum obyekti dostu ilə bərabər görmüş və onun təsvirlərini qələmə almışdı.

1561-ci ildə Avropada – Nyunberq şəhərində iki silindrə bənzər obyekt görünərək o dövrün rəsmi qeydlərində yer almışdı.

Rusiyada isə UNO barədə ilk yazılı qeydlər 1663-cü ilə təsadüf edir. 
UNO-ların müasir tarixi isə onların ilk dəfə 1896-cı ildə ABŞ-da müşahidə edilməsi ilə başlayır.


UNO İslamda

İstər Qurani-Kərimin bəzi ayələri, istərsə də İslam müqəddəslərinin bir çox kəlamları bu gün araşdırıldıqda, onlarda yerdənkənar sivilizasiyalar barədə işarələrin olması ehtimalı ortaya çıxır. Belə ki, müasir təfsirçilərin bir qismi hətta hamının əzbər bildiyi "Əl-həmdu lillahi rəbbil-aləmin" (Fatihə) ayəsini də bu cür şərh edirlər. Bildirirlər ki, Allah bu aləmdən başqa digər aləmlərin də rəbbidir və həmin aləmlərdə də canlılar yaşayırlar. Bundan başqa, təfsirçilər Quranın aşağidakı ayələrini də yerdənkənar sivilizasiyaların mövcudluğuna sübut kimi təqdim edirlər:

"Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən həlimdir, bağışlayandır" (İsra, 44)

"Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir" (Şura, 29)

Bundan başqa İslam müqəddəsləri də öz hədislərində başqa kainatlarla bağlı fikirlərini bölüşüblər:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Allahın 12 min aləmi var. Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısına höccətəm" ("Nurus-səqaleyn" təfsiri, cild 1, səh. 16-17).

İmam Əlidən (ə) rəvayət edilən bir hədisdə isə belə buyurulur: "Səmada gördüyümüz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərdir. Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsilə əlaqə saxlayırlar" ("Təfsiri-nümunə", cild 20, səh. 439; Şeyx Abbas Qummi - "Səfinətul-bihar", cild 2, səh. 574).

Məşhur Quran təfsirçilərindən sayılan Mucahiddən rəvayət etmişlər ki, bizim Kəbə mövcud 14 Kəbədən dördüncüsüdür və hər asimanda Kəbə vardır.

İmam Baqir (ə) hədislərin birində buyurmuşdur ki, Allah-Təala min-min aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik. Allah bizim günəşdən əlavə daha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılar yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur (Seyyid Haşim Bəhrani - "Təfsirul-burhan", cild 1, səh. 47).


Lakin istər dində göstərilən eyhamlar, istərsə də XXI əsrin elm və texnologiyasının yüksək səviyyədə inkişaf etməsinə baxmayaraq, UNO-larla bağlı sirlər hələ də açılmamış qalır.