adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MƏRDLİK, SAFLIQ HEYKƏLİ

11783 | 2014-08-28 02:21
Dəqiq yadıma düşür: 1976-cı ilin 19 iyun tarixi. Onda Sovet ordusunda Murmansk vilayətinin Kandalakşa şəhəri yaxınlığında (Rusiya Federasiyası) hərbi xidmətdə idim. Nəsə ürəyimə dammışdı, gecə narahat yatmış, pis yuxu görmüşdüm. Komandirimdən icazə alıb Lerikə zəng etdim, o zaman kəndlə rabitə mümkün olmadığından rayon mərkəzində yaşayan qohum-əqrəbayla hal-əhval tutdum. Qəfil bir xəbər isə məni lap sarsıtdı: "Xeyrulla Mirmənsim oğlu İsgəndərov dünyasını dəyişib". Daha nitqim qurudu, danışa bilmədim, fikir-zikir məni yaxın-uzaq çağlara çəkib apardı.
1975-ci ilin noyabrıydı. Rayon qəzetində - "Bolluq uğrunda"da (indiki "Lerik") müxbir vəzifəsində çalışırdım. Kəndlə rayon mərkəzi arasındakı məsafə uzaq olduğundan Lerikdə qalır, arabir fürsət düşən kimi Rvaruda baş çəkirdim. Bir gün yenə Lerikin "Kəklik" restoranı adlanan aşağı hissədində dayanıb maşın gözləyirdim. Çünki Lerik şəhərinin kəndimiz yerləşən cənub istiqamətinə nəqliyyatın dayanacağı həmin yerdəydi. Qaş qaralır, axşam düşürdü. Birdən "UAZ" markalı maşın düz qabağımda saxladı. Sürücü "əyləşin" desə də, arxada oturan orta yaşlı kişi qapını açdı, xidməti maşınından düşdü, mənimlə mehribancasına görüşdü. O, qayğıkeşliklə sualı suala caladı:
- Hara gedirsən? Gecəyə düşərsən. Gəlib indiyəcən mənə niyə dəymirsən? Burda beş dəqiqə gözlə, indicə bu maşın gəlib səni kəndə qoyacaq...
Xeyrulla Mirmənsim oğlu idi. Bu işıqlı, xeyirxah insanı lap Tanrı göndərmişdi, çünki maşın tapmaq müşkül məsələydi, ümidim öləzəyir, get-gedə tükənirdi. Az sonra həmin dövlət nişanlı xidməti maşın deyil, başqa bir taksi "UAZ" gəlib çıxdı. Köhnə tanışım, sürücü Məmmədhüseyn, "Xeyrulla müəllim Lənkərana getməli oldu, tapşırdı ki, səni mən aparıb kəndə qoyum, otur gedək" - dedi.
O, sözün hər mənasında nur parçasıydı. Ulu Yaradan ona o qədər böyük, geniş ürək vermişdi, tanıyanlar, xarakterinə bələd olanlar Xeyrulla İsgəndərovu heç kəslə müqayisə etməzdilər. Mələk timsallı şəxsiyyət idi. Bu hərtərəfli insan, işıqlı, erudisiyalı ziyalı əxlaqı ilə hər kəsə nümunəydi. Küçədə-bayırda, bazarda vay oydu gözünə bir tanış-bilişdən və ya qohum-qonşudan zənən xeylağı dəyəydi, o saat acığı tutardı: "Evdəkilər hardadı, sən filan işin dalınca küçəyə və ya bazara çıxmısan? Qadının çöldə-bayırda nə işi, get otur evində" - söyləyər, problemini həll edər, yoluna qoyardı. Ona görə qadınlar bu namuslu, əxlaqlı, təəssübkeş insandan inciməz, yan qaçar, gözünə dəyməkdən qorxub çəkinərdilər.
Xeyrulla böyük el ağsaqqalı Mirmənsim ağanın övladıydı. Babası İsgəndər kəndxuda, ulu babaları Murad və Nadir təkcə Zuvand mahalının deyil, yaxın Ərdəbil və Talış bölgələrində ad çıxarmış, at oynatmış kişilər sayılırdılar, çörək verən, adamlara kömək əlini uzadan nəslin nümayəndələriydilər. Həmin o yaşlı insanlar dünyalarını dəyişəndən sonra xeyirxahlıq missiyası Mirmənsim İsgəndər oğluna keçmişdi. O isə Sovet quruluşunun ilk dəyişiklikləri, birinci islahatları ilə barışmasa da, əmlakının xeyli hissəsini qurban versə də, "ərbab" damğasından 30-cu illərin (1930) repressiyalarından ağıllı şəkildə qurtula bildi. Oğlanlarını oxutdurdu, onların təhsil almaları naminə canından-qanından keçdi. Böyük oğlu Şamil İsgəndərov (Hacı Şamil) Lerikin birinci katibliyinədək, yəni başçısınadək yüksəldi. İkinci övladı, cəngavər xasiyyətli dəli-dolu Əyyub ötən yüzilliyin 60-cı illərində Azərbaycanın deputatı oldu, millət vəkili kimi ölkəyə səs saldı. Elmlər doktoru, professorluğadək yüksəldi.
Mirmənsim kişinin ortancəıl oğluydu Xeyrulla. Böyük Vətən Müharibəsindən sonra Lerikin ilk ali təhsilli inşaat mühəndisiydi, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) müvafiq fakültəsini əla qiymətlərlə bitirmişdi. O dövrdə hələ paytaxt Bakıda kifayət qədər təhsilli inşaatçı yox idi, tikinti müydançaları bu ixtisas sahiblərinə ehtiyac hiss edirdi. Ona görə gənc Xeyrullanı təyinatla Bakı Baş Tikinti İdarəsinə göndərirlər, ordan da mütəxəssis kimi evtikmə kombinatlarının birinə yollanır. Paytaxtın indiki Nərimanov rayonunda çalışan cavan inşaatçı hər işdə özünü doğruldur, bacarığını, savadını ortaya qoyur. Tezliklə elə köhnə Montin qəsəbəsində beşmərtəbəli evlərin birində mənzillə təmin olunur. Lakin qaynar paytaxt həyatına heç cür alışmır, doğma Lerikə qayıtmaq barədə düşünüb-daşınır və "niyyətin hara, mənzilin də ora" - deyərlər, arzusu gerçəkləşir.

***
Doğulub boya-başa çatdığı rayonda işləmək həvəsi onu qanadlandırır, tükənməz arzularını artırırdı. Cavan ikən müxtəlif idarələrə rəhbər vəzifələrə irəli çəkilir. Yol-tikinti trestinin rəisi olur. Bakıda çalışdığı kollektivdə ad çıxaran, iz qoyan Xeyrulla İsgəndərovu yenə köhnə müdiriyyət təkidlə tələb edir, müxtəlif vədlərlə şirnikləndirir, daha yüksək posta təyin edəcəyini israrla söyləyir, məktubu məktuba calayıb yollayırdı. Ancaq gözəl Lerik təbiəti, pıçıltısına heyran olduğu meşələr, pöhrəliklər, zümzüməsinə qulaq asdığı şəlalələr, dağ gurşadları, məftununa, divanəsinə çevrildiyi göllər, vadilər, gədiklər, yamaclar "yox" cavabını dilinə gətirirdi. Və bu vətənpərvər ziyalı qısa ömrünün sonunacan torpağına, daşına, kəsəyinə vurulduğu Lerikə bağlandı, heç bir vəd onu yolundan çıxarıb azdırmadı.
Rəhmətlik Məşədi Mirdaməd Talıbov deyərdi: "Cavan vaxtlarımdan Bakıda fəhlə işləmişəm. Qara Metalların Təkrar Emalı adlanan "Vtorçermet" zavodunda qaynaqçı olmuş, çörəyimi həmişə halal zəhmətlə daşdan çıxarmış, ailəmi saxlamışam. Xeyrulla əmioğlu da təxminən mənimlə yaşıd idi, bir-iki yaş fərqlə mən böyük idim. Ancaq onun tələbəlik həyatı bütünlüklə yadımdadı. O, qeyri-adi adam idi, heç kəsə laqeyd ola bilmirdi: istər dostu olsun, istər iki gözünün düşməni. Hamıya kömək edirdi, ürəyində zərrə qədər kin-küdurəti yox idi. Xasiyyətinin ciddiliyi ilə seçilir, artıq hərəkətə yol vermirdi. Biz həmişə pərdə saxlayır, onunla ehtiyatlı davranırdıq".
Ataxan Ağayev (Rvarud sakini, 90 yaşlı təqaüdçü): Çox abırlı-ismətli, nəcib insan idi Xeyrulla. Cavan getməyinə hamı üzülür, ürəkdən yanırdı. Dost da, düşmən də. Prinsipiallığı, mərdi-mərdanəliyi, bütövlüyü onu hər kəsin sevimlisi etmiş, gözündə ucaltmışdı. İxtisasca layihəçi, inşaat mühəndisiydi, ancaq biliyi aşıb-daşırdı, daha yüksək inkişaf yolu keçər, tezliklə öz sahəsində alim olardı. Xeyrullanı dar mühit, cılız adamlar, qabağı görməyənlər hər an əsəbiləşdirir, özündən çıxarırdı. Hiss olunurdu ki, əsassız hücumlara, təzyiq və böhtanlara dözmür, zəmanənin buyruq partokratlarının yalanlarını həzm eləyə bilmir. Ölümü bütün Lerik camaatı üçün gözlənilməz itki oldu.
Qəhrəman Əliyev (yazıçı, jurnalist): Mərhum Xeyrulla İsgəndərovu fədakar inşaatçı, işıqlı ziyalı, yurdsevər insan kimi tanıyıram. O zaman rayonlarda "Kolxoztikinti" idarələri fəaliyyət göstərirdi. Xeyrulla müəllim idarə müdiriydi, bacarığına söz yox idi. Ötən əsrin 60-70-ci illərində genişlənən məktəb tikintisi hərəkatı onun adıyla bağlıydı. İti hafisəzi, güclü mühakiməsi hamını heyran edirdi. Onun vəfatı hamımızı bərk kədərləndirirdi. Xeyrula İsgəndərovun işıqlı əməllərini daha bir Lerik yetirməsi inşaatçı Naib Seyfullayev davam etdirməyə başladı. O, orta məktəb yoldaşım idi, indi Rusiyanın paytaxtı Moskvada yaşayır. Nüfuzunu orda da qoruyub. Dünya gəldi-gedərdi, yalnız insan əməlinin nəticəsi, bir də yaxşılıqları qalır. Xeyrula İsgəndərov da özündən sonraya yaxşı əməl, yaxşı ad saxladı.

***
Xeyrula İsgəndərovun hər iki oğlu - həm Elman İsgəndərov, həm də Eldar İsgəndərzadə həyatda, cəmiyyət daxilində yerlərini tutmuş kamil insanlardır. Elman alimliyə yüksəlib - texnika üzrə fəlsəfə doktorudur. Araşdırmalarını davam etdirən Elman gələcəkdə elmlər doktoru olmağa, atasının nakam ömrünə daha da şan-şöhrət gətirməyə çalışır. Eldar isə söz sənəti yolunu tutub. Bulaq kimi çağlayan qəlbinin duyğularını kağıza köçürür. Bir sıra maraqlı sənədli filmlərin müəllifi kimi tanınan Eldar İsgəndərzadə telejurnalist kimi respublikada ad çıxarıb. Neçə il öncə atasının ölümünə yazdığı "Həyat ya ömür" adlı şeirindən bir bənd isə belədir:

Ulduzlar gəldilər, dönüb getdilər,
Yandılar, yandılar, sönüb getdilər...
Var ikən yoxluğa dönüb getdilər -
Həyat, ya da ömür budurmu, atam?!

İsgəndərovlar nəslinin ulu babalarının da sığındıqları müqəddəs Əbülqasım qəbiristanlığında bir məqbərə diqqəti cəlb edir. Burda Xeyrulla və Hacı Şamil əbədi yuxuya dalıblar. Erkən gəncliyində dünyasını dəyişən Telman Xeyrulla oğlunun da məzarı onlarla yanaşıdır. Bu günlərdə Əbülqasıma baş çəkərkən Arif Şamil oğlu mənə babasının - İsgəndərin baş daşını göstərdi. Fakt qarşısında məni heyrət bürüdü. İsgəndər kişi də nəvəsi Xeyrulla kimi eyni yaşda haqq dünyasına qovuşub.




TƏQVİM / ARXİV