NiYƏ ÖLDü?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
33176 | 2007-08-28 14:40
Nə vaxtdan bəri içimdə dolaşan fikirləri kompüterə diktə etdiyim an sevilən müğənnimiz Xumar Qədimova qədim bir mahnını yeni orenjemanda ifa edirdi. Səsin kövrəkliyi və ifadə etdiyi "gəl inad etmə" fikri sanki həmin o daxilimdəki duyğuları bir daha inadkarlıqla oyatdı. Və məcbur oldum ki, ötüb keçənləri yada salım. Öz günahlarımı da, sənin günahlarını da, zamanın və cəmiyyətin günahlarını da boy sırasıyla düzüm. görüm ki, kimin boynunda kimin haqqı daha çoxdur. Kimin boynu kimin qarşısında daha çox nazikdi...
   
   Bizim nəsil dünyanın elə bir keçidli, qarmaqarışıq, təlatümlü dövrünə tuş gəldi ki, baş açmaq zor bir işə çevrildi. Təsəvvür edin, 80-ci illərin əvvəllərində universitet auditoriyalarını tərk edəsən, ürəyində nə boyda arzular, xəyalında qurduğun cah-cəlal, yerə-göyə sığışmadığın bir halda təkcə qol-qanadın sındırılmır, həm də tüklərin də yolunur və qalırsan yerlə-göyün arasında, uçmaq şansın kimi qaçmaq şansın da əlindən çıxır. Yerimək sürünməyə çevrilir. Əslində iməkləmək bu məqamda sürünməkdən daha yaxşı olardı. Yəni fikri daha kamil ifadə edərdi, amma...
   
   Həyat elə gətirdi ki, həmin o arzuların içimizdə tüğyan etdiyi, bizi özümüzə deyil, həm də dünyamıza sığmağa qoymadığı illərdə elə bil ki, fikri bölüşməyə, dərd-səri yarıbayarı azaltmağa, sevincə şərik olmağa adamlar da daha çox idi. Hara üz tuturduq, kimin qapısını döyürdüksə, bir insani yanaşma görürdük. Heç olmasa, bizi dinləyirdilər. gücləri çatan qayğını, diqqəti göstərirdilər. Və yaxud da məsləhət, tövsiyə verirdilər. Çünki adamlarda təmənna anlayışı çox az idi. Təmənna o yerdəydi ki, orda insanların hamısı, ilk öncə isə üz tutan da, qarşılayan da söhbətin nədən getdiyini, onun mayasında hansı maraqların durduğunu çox gözəl bilirdilər. Və bu "anlaşma" da problemin çözümündə müəyyən körpü, vasitə rolunu oynayırdı. Yenə də deyirəm, bu sırf iki tərəfin məqsədinin ortamından doğurdu. Amma...
   
   İndi öz-özümə fikirləşirəm, Bakı boyda şəhərdə heç kimi, heç bir kimsənəsi olmayan bir kənd uşağı kimlərinsə himayəsində, qayğısında özünə bir yaşıl işıq, bir ümid işartısı tapa bilirdi. Şəxsən mən, adi məktublaşma vasitəsilə görməzə-bilməzə, qiyabi, yəni oxucu tanışlığıyla rəhmətlik yazıçı-publisist Əlisəfa Məmmədovun, Əlfi Qasımovun və Cəmil Əlibəylinin qayğısını gördüm, həyatım müəyyənləşdi və Bakıda tənhalığın caynağından xilas oldum. Adi kənd uşağı bu qədər nüfuzlu söz və vəzifə sahiblərinin o insani keyfiyyətlərinin, yüksək dəyərlərinin sayəsində nələrəsə nail ola bildim. Dostlar qazandım, yazılarım çap olundu, özümə iş tapdım. Amma...
   
   Bu gün isə elə bil ki, hər an, hər məqam bir madiyyatın, əl çirki hesab olunan pulun kölgəsinə sığınıb. Nə istedad, nə qabiliyyət, nə şəxsiyyət öncə xatırlanmır, öncə dəyərləndirilmir. Mütləq çevrən, özəl mahiyyətin, durumun öyrənilməli, siyasi baxışların saf-çürük olunmalı, ondan sonra ya qismət. Bütün bunlar isə həmin o qismət dediyimizin ölümünü sürətləndirir, ömrünü gödəldir. Və qalırıq baxa-baxa, görəsən niyə öldü? Və hətta düşünürük ki, ölən nədir? görəsən, kim öldürdü, nədən öldürdü?
   
   Qəzetimizin saylarının birində bu mövzuya toxunulmuşdu, ölən arzular dilə gətirilmişdi. Təkrar bu mövzuya qayıtmağımın bir səbəbi var, o da mənim ölən arzularımın günahkarını tapmaq, ona, heç olmasa, bir qəzəbli baxışlarla diqqət yetirməkdir. Amma bu hər kəsə bəlli olan və elə hər kəsin də arzularını öldürən həmin o nəmənəcik bəlli ola-ola heç ortaya çıxmır. Heç nə mənimlə, nə səninlə, nə də başqa birisiylə üz-üzə gəlmir. Eləcə altdan-altdan, xımır-xımır, ustuf-ustuf ruhumuzu da incitmədən arzularımızı öldürür. Arzularla bir yerdə ruhumuzu da, duyğularımızı da zarıncı edir, şikəst qoyur və biz o şikəst ümidlərlə, o zarıncı duyğularla yaşamaqdan başqa ayrı heç nə bacarmırıq, heç nəyə gücümüz çatmır. Çünki indi hamı və hər kəs öz hayındadır, nə dinləyən var, nə də dinləndirən. Eləcə ortalıqda başlı-başına, sərgərdan dolaşan bir sual qalıb, bəlkə də o, sualdan çox kabusa oxşayır:
   
   - Arzularımız nədən öldü?
   
   

TƏQVİM / ARXİV