adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

CAMAATIN BAŞINDA QOZ SINDIRANLAR...

10687 | 2007-08-28 03:46
Adam bu dünyanın işlərinə lap məəttəl qalır. Məəttəl qalır ki, müəyyən vəzifə sahibləri əhalinin belinə borc "yükləməklə" pul qazanır, camaatsa bundan olmazın əziyyətini çəkir. Yəni əhali işlətmədiyi işığın, suyun pulunu vermək məcburiyyəti qarşısında qalır.
   
   Əksər halda isə bir çox vəzifəli məmurlar əhalinin şikayətinə belə məhəl qoymaq istəmirlər. Çünki camaat artıq hər şeydən bəzi hallarda bezib yorulur. Belə ki, ayrı-ayrı xidmət sahələri fantastik rəqəmləri borc adı ilə yazıb abunəçilərin ünvanlarına göndərirlər. Axı hər hansı borcu ödəyən adam başa düşmək olmur ki, bir aydan sonra necə borclu ola bilər? Amma buna əksər halda nə işıq, nə də su idarələri heç bir məhəl qoymurlar.İki ayağını bir başmağa dirəyib deyirlər ki, borcunuzu ödəyin, ödəməsəniz işığınızı, suyunuzu kəsəcəyik. Bir çox halda abunəçilərin şikayətlərinə və iradlarına məhəl qoymayıb həmin idarələr elə dediklərini də eləyirlər. Yəni camaatı tez-tez işıqsız, susuz qoyurlar.
   
   Əvvəllər "Barmek" də belə eləyirdi. Borcun oldu-olmadı, əhaliyə elə bir fantastik rəqəm yazıb göndərirdi ki, camaat uzun müddət bu borcun altından çıxa bilmirdi.Bir qədər qanundan başı çıxan və mübariz adamlar Münaqişə Komissiyalarına gedib, öz haqlarını tələb edəndən sonra bu fantastik borcun 70 faizi silinirdi. Bəzi abunəçilər inadkarlıq göstərəndə həmin borc bir az da azalırdı. Amma elə ki abunəçi öz hüququnu bilmirdi, yaxud da zəiflik və iradəsizlik göstərirdi ona yazılmış fantastik borcun hamısı şirkət tərəfindən ödətdirilirdi. "Barmek"in bu cür qanunsuz əməllərindən vaxtı ilə bu sətirlərin müəllifi neçə-neçə tənqidi məqalələr yazmışdı.Təəssüf ki, o vaxtlar bizim yazılara hüquq-mühafizə orqanları və digər səlahiyyətli təşkilatlar bir o qədər reaksiya vermədilər. Ancaq elə ki ölkə başçısı İlham Əliyev "Barmek"in özbaşınalıqlarından və törətdiyi cinayətlərdən danışdı, bütün səlahiyyətli təşkilatlar həmin şirkətin üstünə düşdü və çoxlu da qanun pozuntuları üzə çıxdı. Məlum oldu ki, "Barmek" dələduzluq və fırıldaq yolu ilə dövlətin və xalqın milyonlarla manat pulunu mənimsəyib. İndi də davam edən məhkəmə prosesləri bu iqtisadi cinayətləri təkzibolunmaz faktlarla sübuta yetirir.
   
   "Barmek"in bu "üsulundan" su idarələri çox yaxşı "bəhrələnirlər". Onlar da ağlına gələn hər hansı bir rəqəmi yazıb abunəçilərin ünvanına göndərirlər. Təbii ki, bu cür özbaşınalıqlar onunla bağlıdır ki, ayrı-ayrı adamlara qanunsuz su nəql edilir və onun pulunu almırlar, yaxud da alıb ciblərinə qoyurlar. Əlavə borclar isə əhalinin belinə yüklənir. Yəni həmin adamlardan pul ala bilməyən xidmət idarələri camaatın üstünə düşür.
   
   Su idarələrinin əhalinin mənzillərində quraşdırdıqları sayğaclar bəzi hallarda dəqiq işləmir.
   
   Su Satışı İdarələri lap ağını çıxarıblar. Çünki onlar 24 saat yaşayış sahələrinə su verib pul aldığı kimi, iki saat bəzi qəsəbələrə pul verib həmin 24 saatın məbləğini almaq istəyirlər. Heç uzağa getməyək, Yeni Günəşli yaşayış sahəsində gündə əhaliyə iki saat su verilir.

TƏQVİM / ARXİV