adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Avqust 2014 22:25
9428
İDMAN
A- A+

İdman tariximizin yeni zəfər səhifəsi - Nanjinq 2014

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunları başa çatdı. Çıxışını yekunlaşdıran yığma komandamızın qazandığı nəticələr Azərbaycan idman tarixinə qızıl hərflərlə yazıldı. 5 qızıl, 6 gümüş və 1 bürünc medal olmaqla, toplam 12 medal qazanan yığmamız istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Sinqapurdakı nəticəsini daha da yaxşılaşdırdı. 
Xatırladaq ki, 4 il əvvəlki turrnirdə idmançılarımız komandamızın aktivinə 5-i qızıl, 3-ü gümüş olmaqla, 8 medal yazmışdı. 

201 ölkənin iştirak etdiyi mötəbər turnirdə ölkəmiz 7 növdə 21 idmançı ilə təmsil olunurdu. Nanjinqə yollanan heyyətdə 5 güləşçi, 4 taekvondoçu, 3 boksçu, 3 atlet, 2 cüdoçu, 1 akademik avarçəkən və 1 üzgüçü yer almışdı. Bu idmançıların demək olar 2/3-si mükafata layiq yer tutmağı bacardı ki, bu da xüsusi təqdir olunmalıdır.

İlk yarış günündən iddiasını ortaya qoyan təmsilçilərimiz üç gümüş əyyarlı medala sevindi. 
Taekvondoçuların mübarizəsində Ceren Özbek 1/4 finalda meksikalı Brenda Nalleli Lua Orteqanı, yarımfinalda Abiqel Stounsu məğlub edərək, həlledici döyüşə vəsiqə qazandı. Lakin finalda
, tailandlı Panipak Vonqpattanakitə uduzan Ceren gümüşlə kifayətlənməli oldu. 

İkinci gümüş isə cüdoçuların yarışında mübarizə aparan 44 kq çəkili Leyla Əliyevadan gəldi. 1/4 finaldan mübarizəyə qoşulan vunderkind əvvəlcə qazaxıstanlı Adiya Sayini, yarımfinalda Anastasiya Turçevanı yenərək finalda qardaş ölkə təmsilçisi Melisa Çakmaklıya məğlub oldu. 

Leylanın komanda yoldaşı olan Natiq Qurbanlı mübarizəyə yarımfinal mərhələsindən başladı. O Belçikalı Yorre Verstraeteni yenməyi bacarsa da, qızıl medal uğrunda qarşılaşmada qazaxıstanlı Bavırjan Zavıntayevə uduzaraq qızıl ümidini digər yarışlara bağlamalı oldu.

4-cü gümüş isə olimpiadanın dördüncü günündə avarçəkənimiz Boris Yotovdan gəldi. 18 yaşlı idmançı 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq komandamızın aktivinə növbəti medalı medalı yazdı. Məsafənin yarısını hamıdan öndə keçən Boris çempionluq qazanmağa da yaxın idi. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı ikiqat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxaraq qızıl medalı əldən verdi.

İlk qızıl medal isə taekvandoçumuz Səid Quliyevdən gəldi. 73 kq çəki dərəcəsində döyüşən idmançımız mübarizəyə 1/4 final mərhələsindən başladı. O, əvvəlcə kolumbiyalı Xeysson Andres Serrano Hoyosu 7:4, yarımfinalda misirli Seif Eissanı 8:1 hesabı ilə məğlub edərək həlledici qarşılaşmaya vəsiqə qazandı. Çempionluq uğrunda görüşün sonunda almaniyalı Həmzə Adnan Kərimi dayanqdan məyus yola salan Səid Nanjinqdə ilk dəfə himnimizi səsləndirən idmançı kimi tarixə düşdü.

Avqustun 25-də isə mübarizəyə əsas medal ümidlərimiz olan güləşçilər qoşuldu. Pəhləvamnlarımızın əldə etdiyi nəticələr ümidlərin boş olmadığını sübut etdi. 69 kq çəkidə mübarizə aparan Yunan-Roma üsulunda güləşən pəhləvanımız İslambek Dadov qızıl, 50 kq-da mübarizə aparan Cabbar Nəcəfov isə gümüş medalla bu idman növünün gələcəyinin etibarlı əllərdə olduğunu sübut etdi. Həmin gün digər medal isə atletika yarışlarından gəldi. Üçtəkənla tullanma yarışlarında mübarizə aparan Nazim Babayev komandamızın aktivinə ilk və yeganə bürünc medal əlavə etdi. 

Növbəti gün qadın güləşi yarışlarında mübarizəyə qoşulan Leyla Qurbanova rəqiblərini böyük üstünlüklə məğlub edərək, finala vəsiqə qazandı. Bu mərhələdə dünya qadın güləşinin lideri sayılan Yaponiya təmsilçisinə məğlub olan zərifimiz komandamızın aktivinə sonuncu- altıncı gümüş medalı əlavə etdi.

Sonuncü günün nəticələri isə yığmamız üçün sözün əsl mənasında möhtəşəm oldu. Sərbəst güləş yarışlarında mübarizə aparan hər iki güləşçimiz- Teymur Məmmədov və İqbal Hacızadə olimpiadanın qalibi adına yiyələndı. Bütün görüşlərdə rəqiblərindən açıq-aşkar üstün olan pəhləvanlarımız Azərbaycan idmanın şərəfini layiqincə qorumağı bacardılar. 
Güləşçilərimizdən əlavə boksçumuz Rüfət Hüseynov da sonuncu gün aktivimizə qızıl əlavə etməyi bacardı. İlk 2 döyüşündə hindistanlı Kumar Kakaraya və qazaxıstanlı Şalkar Aykinbaya qalib gələn Rüfət Hüseynov finalda özbək rəqibinə heç bir şans verməyərək tam üstünlüklə qələbə qazandı. 

Bütün bu nailiyyətlər Azərbaycan idmanının parlaq gələcəyinə bir zəmanətdir. Nəzərə alsaq ki, bu yarışda nəticə qazanan idmançılar bir neçə il sonra böyüklər arasında Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək, Azərbaycan idmanının etibarlı əllərdə olduğunu söyləmək olar. 



Sahib Əsədbəyli