adalet.az header logo
  • Bakı 18°C
27 Avqust 2014 15:01
11627
ƏDƏBİYYAT
A- A+

Azərbaycan folklorunun hüquqi problemləri

Azərbaycan ədəbiyyatının zənginliyində, dərinliyində onun folklorunun da böyük əhəmiyyəti var. Azərbaycan folkloru xalqın yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini, adət-ənənələrini, etiqadlarını, vətənpərvərlik və bir çox insani duyğuları özündə birləşdirib tərənnüm edir. Folklor da elə xalqın özü kimi canlıdır – doğulub, var olub və indi də yaşamaqdadır. Çünki insan mövcud olduqca, mütləq müxtəlif duyğularından, dəyişən adətlərindən, hətta cəmiyyətdəki inkişafdan yeni fikirlər formalaşaraq ağız ədədbiyyatını yaşatmaqda davam edəcək. Başqa sözlə millət yaşayırsa folklor da onunla yeni nəfəs alacaq. Folklorumuz - onun müxtəliflikləri, zənginlikləri yazılı ədəbiyyatımızı da formalaşdırmaqda yardımçı olub. Amma bəzən folklorumuzu elə ilk növbədə özümüz istismar edir, xalqa aid olan ümumi dəyərləri özəlləşdiririk.  Qeyri-maddi mədəni irsin hüquqi qorunma problemini araşdıran hüquşünas Səməd Vəkilov bildirir ki, Azərbaycan folklor  nümunələrindən bir çox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Onun sözlərinə görə ayrı-ayrı fiziki və hüquqi şəxslər milli folklor nümunələrinə əmtəə nişanları alaraq onların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən hallar daha çox uşaq folkloru nümunələrinə münasibətdə rast gəlinir: " Məsələn biri "Cırtdan” adında jurnal buraxır və gedib əmtəə nişanı alır ki, bundan başqa heç kim bu addan istifadə etməsin. Bu yanlış bir yanaşmadır, çünki "Cırtdan” uşaq folkloru nümunəsidir. Bunu heç kim əmtəə nişanı alıb özününküləşdirə bilməz”.

 S.Vəkilov qeyd edib ki, bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hazırlanmış "Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası" adlı sənəd bu sahədə aparılan işə ən gözəl tövhədir. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olub. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək  onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoyub. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.

S. Vəkilov əlavə edib ki, Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi bir sıra hüquqi və elmi-nəzəri məsələləri ehtiva edir. Hüquqi aspektdən yanaşıldıqda Azərbaycan folkloru nümunələrinin qorunmasının təmin edilməsinə ilk növbədə milli qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.

Milli qanunvericiliyin təkmilləşdirilməsi dedikdə "Folklor nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklərin edilərək, həmin qanunun mükəmməlləşdirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan folklorşünaslığının elmi-nəzəri konsepsiyasının hazırlanması da məhz bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cu illər arasını əhatə edir. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəalliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur.

Azərbaycan folklorunun ilk örnəkləri isə yazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur.