adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Avqust 2014 14:48
5330
SİYASƏT
A- A+

Millət vəkili məmur özbaşınalığından danışdı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov vətəndaşları incidən bəzi dövlət məmurlarını və onların övladlarının hərəkətlərini ciddi tənqid edib.

Adalet.az xəbər verir ki, deputat R.Cəbrayılov publika.az-a açıqlamasında deyib ki, dövlət orqanlarında vəzifə tutan hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür:

"Söhbət təkcə onun tutduğu xidməti vəzifənin məsuliyyətindən deyil, bir insan kimi də onun üzərinə düşən məsuliyyətdən gedir. Həmin məmur birbaşa xalqla təmasda olur və onun öz mərifət və qanacağını göstərməsi üçün imkanlar yaranır. Hətta, biz bu məsələ ilə əlaqədar 2007-ci ildə "Dövlət qulluqçuları haqqında” qanun da qəbul etmişik. Ona görə də dövlətdə vəzifə tutan hər bir şəxs anlamalıdır ki, o təkcə özündə və ailəsində olan tərbiyə etiketlərini nümayiş etdirmir, eyni zamanda o dövləti də təmsil edir. Hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyət qoyulur. Çox təəssüf ki, bu gün hər bir dövlət məmuru haqqında yaxşı sözlər demək mümkün deyil. Vəzifə tutan bəzi məmurlar özünü elə aparır ki, guya dövlətin ona tapşırdığı bu vəzifə onun üçün əbədidir. Ancaq o məmurlar anlamır ki, dövlət onların üzərinə çox böyük bir vəzifə qoyur, tapşırır ki, onu yaxşı təmsil etsin və həmin məmurlara dövlət buna görə əmək haqqı da verir. Bu əmək haqqı dövlətin büdcəsindən toplanan vəsaitlər olur”.

R.Cəbrayılov bəzi dövlət qulluqçularının işindən də narazılığını dilə gətirib:

"Bu gün mənə sual verilsə ki, dövlət qulluqçuları ilə vətəndaşlar arasında yaranmış münasibət sizi tam qane edirmi? Mən deyərəm ki, qane etmir. Çünki bəzən elə dövlət qulluqçuları olur ki, çox yüksək vəzifələr tuturlar, hətta prezidentin sərəncamları ilə vəzifəyə təyin olunurlar. Bu cür məmurların adicə jurnalistə olan münasibətinə baxanda, adam dəhşətə gəlir. Bu cür məmurların jurnalistlərə olan kobud münasibəti telekanallarda da dəfələrlə nümayiş etdirilib. Onlar jurnalistlə elə danışır ki, elə bil həyətindəki hər hansı qulluqçu ilə danışır”.

R.Cəbrayılov jurnalistin "Siz Tağı Əhmədovu nəzərdə tutursunuz?” sualını isə belə cavablandırıb:

"Təkcə Tağı Əhmədov deyil, onların sayı çoxdur. Onlardan bu gün də vəzifədə olanları var. Yəni, demək istəyirəm ki, həmin məmurlar anlamır ki, Azərbaycan Konstitusiyasına görə də həmin məmurların jurnalistlərə informasiya verməsi onun borcudur, onun birbaşa vəzifə səlahiyyətlərinə daxil olan məsələdir. İnformasiyanı əldə etmək və ictimaiyyətə çatdırmaq isə jurnalistin vəzifəsidir. Bütün bunları əsas gətirib demək istəyirəm ki, bu gün dövlətin ayrı-ayrı məmurları ilə sadə əhali arasında olan münasibətlərin səviyyəsi şəxsən məni qane etmir. Siz fikir verin, görün ölkə prezidenti, Cənab İlham Əliyev xalqla necə sadə davranır. Eyni zamanda bəzi məmurların da hərəkətlərinə fikir verin, görün onlar da xalqla necə davranır”.

Deputat bəzi məmur övladlarının da hərəkətlərindən danışıb:

"Bəzi məmur övladlarının hərəkətləri məni qane etmir. Çünki baxın görün, ən bahalı avtomobil sürən adamlar onlardır. Onlar bu maşınları hansı vəsaitlərlə alırlar? Guya bunu bilmək üçün böyük baş sındırmağa ehtiyac var? Yollarda avto-xuliqanlıq edənlərə baxın. Əksəriyyəti imkanlı adamların uşaqlarıdır. Ölkə prezidenti, Cənab İlham Əliyev də dəfələrlə bu barədə çıxışlar edib. Digər tərəfdən jurnalistlər bir araşdırma aparsınlar, görsünlər ki, döyüş bölgəsində hansı məmurların övladları hərbi xidmət keçib. Heç birini tapa bilməyəcəksiniz. Hətta, adını tapsanız belə, özünü hərbi hissədə tapa bilməyəcəksiz. Məgər Vətəni qorumaq ancaq kasıbların vəzifəsidir? Bu məsələ də məni qane etmir. Bütün bu məsələlər indi Azərbaycanın artan nüfuzu və sürətlə inkişafı ilə zidd olan hallardır”.