adalet.az header logo
  • Bakı 11°C
27 Avqust 2014 13:58
8485
MƏDƏNİYYƏT
A- A+

Ermənistanla sərhəd rayonlarda yaşayan uşaqlar üçün yay düşərgəsi təşkil edilir

Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında yaşayan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilib.

Məlumatda deyilir ki, dövlətimizin başçısının tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlardan olan uşaqların istirahətinin təşkilini nəzərdə tutub.

Bu məqsədlə avqustun 27-dən sentyabrın 10-dək 120 uşaq üçün Bakının Şüvəlan qəsəbəsindəki Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, döngə 4) yay düşərgəsi təşkil ediləcək.

Düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaş arası uşaqlar istirahət edəcəklər.

İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif fəaliyyətlər təşkil olunacaq.

Yay düşərgəsinin açılışı avqustun 28-də keçiriləcək.