adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Avqust 2014 13:14
9407
HADİSƏ
A- A+

İsmayıllıda meşə yanır - Helikopterlər havaya qaldırıldı

İsmayıllı rayonunda meşə yanğını başlayıb.

Apa- nın yerrli bürosunun xəbərinə görə, ötən gecə saatlarından yüksək dağlıq ərazidə başlayan yanğın hələ də davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, əraziyə nazirliyin iki yanğınsöndürən helikopteri və bir təyyarəsi cəlb olunub.

Hava isti və küləkli olduğu üçün yanğın böyük ərazini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 26-da İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyiliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib.

Ilkin ehtimala görə meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verən yanğının söndürülməsinə Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib.

Qeyd olunub ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot və kol örtüyünü əhatə edir. Yanğının qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən operativ tədbirlər davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata görə, İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.