adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

LƏNƏT SƏNƏ, KOR ŞEYTAN...

OQTAY SALAMOV
23442 | 2007-08-25 06:36
Kimin işi düz gətirmir, kimin problemi yaranır, kim öz başına oyun açır, kimin başına oyun açırlar - hamısı təzə mübarizə yolu tapıb: ya vətəndaşlıqdan imtina edəcəyi, ya da Köçəryana müraciət edəcəyi ilə hədələyir. Bu nə əxlaqdır, bu nə mənəviyyatdır, vətəndaşlıq oyuncaqdırmı?
   
   Köçəryan deyilmi, səni, məni yurdumuzdan didərgin salan, torpağımızı yağmalayan? Kimdən imdad diləyirsən, ay evi... Başa düşürəm, müəyyən haqsızlıqlar var, allahsızlıqlar var, rüşvətxorluq var, haqsızlıq... var. Bəli, süründürənlər, etinasızlıqlar, adamsaymamazlıqlar var, özü də çoxdur. Amma bu heç kimə, heç kimə ixtiyar vermir ki, vətəndaşlıqdan imtina, erməniyə müraciətlə şantaj eləsin. Sən atandan, anandan imtina edə bilərsən, pasportunda atanın adını Əli yerinə Aşot yazdıra bilərsən, amma hamı bilir ki, sən Əlinin oğlusan və pasportuna onun adının yerinə Aşot yazdırmaqda günahının bir tərəfi də elə onun boynundadır.
   
   Vətəni şantaj eləməzlər. Biədəb bir məsəl var, nəyə gücün çatmayanda nəyi döyəcləmə. Səbri tükənər vətənin, o səndən imtina edər ki, belə zatıqırıq mənə gərək deyil.
   
   Köçəryana müraciət eləmək isə sadəcə olaraq blef, amma çox axmaq blefdir. Bir dəfə işıq idarəsində biri rəisi məhkəməyə verəcəyi ilə hədələyirdi. Rəis çox sakit şəkildə dedi: "Sən məhkəməyə vermək üçün rüsum ödəyən deyilsən, pulun varsa get real işıqpulu borcunu ödə". İndi sən də Köçəryana-zada müraciət edən deyilsən. Lap eləsən belə, bu sənin ağlını, imkansızlığını yox, məhz ağılsızlığını sübut eləyəcək. Köçəryanın isə əlavə gicə ehtiyacı yoxdur, öz giclərinin əlindən bezardır.
   
   
   
   
   
   

TƏQVİM / ARXİV