adalet.az header logo
  • Bakı 20°C
26 Avqust 2014 14:45
39137
MÜSAHİBƏ
A- A+

Bizim hər saniyəmiz intihardı... - Müsahibə

Bugünkü qonağımız aktyor Rza Rzayevdir

- Rza, gəlin kinodan başlayaq. Bildiyimə görə kinodan uzaq olmaq istəyirsiniz. Bu nə ilə bağlıdı?

- Bilirsiniz, bu əslində kinodan uzaqlaşmaq deyil. Bu həyatdan, həyatda baş verənlərdən qaçışdır. Adam həyatdakı haqsızlıqlardan o qədər yorulur ki, fikirləşirsən ki, bəlkə sənət, sənətdəki insanlar daha pakdı, daha müqəddəsdir. Həyatdakı haqsızlıqlar orda yoxdu. Amma məsələ burdadır ki, sənətin içərisinə girəndə görürsən ki, daha çox haqsızlıq, paxıllıq elə sənətdədi. Əslində isə istedadlı adam paxıl olmamalıdı. Əgər istedadlı adam paxıldırsa, belə çıxır ki, elə onun istedadı da paxıldı. Yəni bu baxımdan mən kinodan uzaq olmağa çalışırdım.

Ekranda gördüyüm qəhrəmanlar həyatda o qədər balaca, o qədər cılız idilər ki, bu məni istər-istəməz məyus edirdi.

1997-ci ildə ilk filmə çəkiləndən sonra belə fikirləşdim ki, kino mənim yerim deyil. 2000-ci ildə "Ünvansız qız” serialına çəkiləndən sonra da məndə belə bir fikir formalaşdı ki, kino insanının şəxsi həyatı olmur. Mənim üçün isə şəxsi həyat daha önəmli və vacib idi. Bunun üçün də yenə sənətdən uzaqlaşdım. Sonralar Rövşən Almuradlı ilə olan şəxsi münasibətlərim məni yenidən kinoya gətirdi. Növbəti dəfə kinodan getməyimin səbəbi isə elə "Cavad Xan” filmi oldu.

- "Cavad xan” filminin görünməyən tərəflərində nə baş vermişdi?

- Bu haqda mən xeyli vaxt susmuşam. Əsas səbəbləri heç vaxt danışmamışam. Çünki kinonu, sənəti insanların gözündən salmaq istəməmişəm. Həm də Rövşən Almuradlı və Sabir Rüstəmxanlı ilə olan şəxsi dostluq münasibətlərimə görə həmin filmdə baş verənlərin dərinliyinə getməmişəm. Amma indi tam səmimiyyətlə deyə bilərəm ki, Rövşən Almuradlı ilə olan on illik dostluq münasibətimi həyatımın aldanılmış illəri hesab edirəm. Bu haqda çox danışmaq istəməzdim. Çünki mən o filmdən getmişəm.

Həmin filmin kadr arxasında baş verənlərə etirazımı bildirmişəm. Başqalarına qarşı olan təhqirə də onların yerinə mən cavab vermişəm. Belə deyim də həmin filmdən getməyimdə həm rejissorun, həm operatorun rolu çox olub. Belə hesab edirəm ki, "Cavad Xan” filmindən getməyim həm bir şəxs kim, həm də aktyor kimi mənim qürur yerimdi və peşman deyiləm.

- Niyə bizim ölkədə çəkilən filmlər uğur qazanmır?

- Ümumiyyətlə mən belə hesab edirəm ki, bizim kino sahəsində aparılan islahatla doğru aparılmır. Mənə belə gəlir ki, kinoların çəkilməsinə ayrılan pula kinoteatrlar açılmalıdır. Çünki kinoteatrlar olmadığına görə filmlərimizə heç yerdə baxılmır. Bizim ölkədə elə bir film yoxdur ki, ona qoyulan pul geri qayıtsın, həmin filmdən xeyir götürülsün. İyirmi birinci əsrdə isə bu mümkün olan iş deyil ki, kinoya pul qoyasan və kino heç olmasa, həmin pulu çıxartmaya. Əgər bizim rejissorlarımız ən azı bizim tamaşaçılarımızın baxa biləcəyi film çəkmirlərsə, onda bu qədər filmi niyə çəkirlər?! Yəni bu baxımdan dövlət daha çox kinonun satış sahəsinə, kadr yetişdirmə sahəsinə pul yatırtmalıdı ki, kino çəkilsin və pul gətirsin.

Bizdə isə vəziyyət belədir. Dövlət filmin çəkilməsinə pul ayırır. Film çəkilir, tamaşaçı ona baxmır. Film də arxivlərə atılıb qalır. Bu necə ola bilər axı.

Bizdə indi daha çox festivallar üçün filmlər çəkmək istəyirlər. Hətta kino sahəsində olan məmurlar da çalışırlar ki, Azərbaycan kinosu getsin hansısa festivalda yer tutsun. Bunu da bizə böyük bir iş kimi təlqin etmək istəyirlər. Azərbaycan tamaşaçısının başa düşmədiyi filmin hansısa festivalda yer tutmağı bizim üçün nə qədər əhəmiyyətlidi? Həmin festivalları yaradan dövlətlərin də müəyyən məqsədləri və ölçü vahidləri var. Yaxşı, əgər dövlət xərc çəkəcəksə, həmin filmdə hansısa rejissorun adına çıxılacaq, festivalda yer tutacaqsa, dövlətçilik və millətçilik anlayışı olmayacaqsa, bəs onda dövlətin məqsədləri necə olacaq?

Axı sənət adamının da işi cəmiyyətdəki xəstəlikləri üzə çıxartmaqdan ibarətdir. Problemsiz cəmiyyət yoxdur. Hamı elə fikirləşir ki, elə ən problemli cəmiyyət bizim cəmiyyətimizdi. Əslində isə bütün cəmiyyətlərdə vəziyyət ortalama belədi. Rejissorun və yaxud da yazıçının işi isə həmin problemləri göstərməkdən ibarətdir. Məmurun görə bilmədiyini sənət adamı görür. Amma sənət adamının işi problemi həll etmək deyil. Sənət adamının işi həmin problemi göstərməkdir. Bir çox sənət adamları da çox vaxtı cəmiyyət üçün süni problemlər yaradırlar. Onlar cəmiyyətin bədəninə virus salırlar. Sonra başlayırlar həmin virusun dərmanlarını axtarmağa. Əsl sənət işi isə insanları düşündürməkdən, alternativlər göstərməkdən ibarətdir. Sənət adamı olmaq həm də müəyyən şeylərdən imtina etməkdir. Əgər sənət adamı imtina etməyi bacarmırsa, o, insanlara necə təsir edə bilər?

- Sizi çox vaxt hədsiz mühafizəkarlıqda qınayırlar. Bu həqiqətən belədir?

- Mən həmişə demişəm ki, mühafizəkar adamam. İndiyə qədər ailə qurmamağımın səbəblərindən birincisi də elə budur. Həmişə demişəm ki məndən əvvəl bir başqasıyla telefonla danışan qızla ailə qurmayacam. Mənim fikrimcə təmiz paltar, hələ təzə paltar demək deyil. Geyilmiş köynəyi yuyursan təmiz olur, amma təzə olmur. Mən də heç kimin həyatında ikinci olmaq istəmirəm.

Yaxından tanıyanlar da bilirlər ki, mən ailə adamıyam. Günü bu gün kim axşam saat 10-da bizə zəng vursa, mən evdə olacam. İyirmi ildi ki, atamı itirmişəm. Bu iyirmi ildə mən hər gecə evimizdə, anamın yanında olmuşam. Yəni ailə üçün yararlı adamam.

Ailə qurmaq istədiyim qızlar olanda mənim maddi çətinliklərim oldu. Sonralar da həyata baxışım, düşüncələrim imkan vermədi ki, ailə qurum. Ola bilsin ki, mənim də ailə quracağım qızlar var. Sadəcə olaraq mən həmin ünvanları tanımıram. İndi də məlum yaş fərqi imkan vermir. Ailə qura biləcəyim qızlarla aramda böyük yaş fərqi var.

Bütün bunlara baxmayaraq mən belə hesab edirəm ki, ailə həyatı bizim yaşamağımız üçün bir immunitet mənbəyidi. Çünki biz elə bir əsrdə yaşayırıq ki, həyat o qədər bezdiricidir ki, bizim hər saniyəmiz intihardı. Bizi intihardan saxlayan səbəblərdən biri də ailədi, ataya, anaya övlada olan sevgidir. Bu baxımda ailə çox vacib məsələdir.

- Qadınlara olan münasibətin necədir?

- Mən həmişə belə fikirləşmişəm ki, qadınlara o qədər azadlıq verilməlidir ki, onlar azadlıqdan imtina etsin. Qadına azadlıq vermədikdə, onlar azadlıq haqqında çox düşünürlər. Elə isə gəlin qadınlara azadlıq verək, onlar kişilərin gördükləri işin çətinliklərini yaşadıqdan sonra azadlıqdan imtina edib geriyə qayıtmaq istəyəcəklər. Bizdə qadınlarımızı süni şəkildə ictimailəşdirirlər. Bu da düşünülmüş şəkildə baş verir. Birmənalı olaraq deyirəm ki, Azərbaycan kişisinin qadınlara olan münasibətini dəyişsələr bu millət məhv olacaq. Əgər biz bunun qarşısını ala bilməsək, illərlə əsarət altında yaşamağa məhkum olacağıq.

- "Dolu” filmində Qarabağda döyüşüb şəhid olan qəhrəmanların bütövləşmiş obrazını yaratmağa nail oldunuz. İndiki şəraitdə bu obraz sizin üçün nə ifadə edir?

- Drakon obrazından sonra daha çox özümü vətənimə, dövlətimə məsuliyyətli və borclu hiss edirəm. Hesab edirəm ki, bizim nəsil bu vətənin qarşısında öz borcunu yerinə yetirə bilməyib. Yəni mən yaşda olan uşaqların çoxu artıq həyatda yoxdular. Şəhid olublar. Sağ qalanların çoxu da özlərini ifadə edə bilmədilər. Əslində isə bizim nəsil çox istedadlı nəsil idi. Ancaq təəssüf ki, müharibə onları bizim əlimizdən aldı. Sözsüz ki, həmin çətinlik çəkən nəslin içərisində fərd olaraq mən də vardım. Drakon rolunun mənim şəxsi həyatımda böyük əhəmiyyəti var. "Dolu” filmi cəmiyyət tərəfindən sevilən film oldu. Çünki istər romanın özü, istərsə də film insanların zədəli yerinə toxuna bildi. İnsanlarda ruh yüksəkliyi yaratdı. Eləcə də mənim həyata baxışlarımda dəyişiklik yaratdı. Amma birmənalı olaraq deyim ki, Drakon obrazı Rza deyil. Mən ən ağır cəbhə bölgələrində müharibə vaxtı olmuşam, amma Drakon kimi döyüşməmişəm. Düşmənə güllə atmışam, orda şəhid olan oğlanları görmüşəm, hələ də onların gözlərindəki kədəri unuda bilmirəm. Amma mən Drakon kimi döyüşməmişəm. "Dolu” filminin gücü isə ondadır ki, sabahkı döyüşdə o Rzanı da Drakon edə bilər. Həmin filmə qədər Drakonlar vardı. Fimdən sonra pələnglər, drakonlar daha da çoxaldı. Sənətin də gücü məncə bundadır.

- Elxan Cəfərovla iş prosesi necə idi?

Elxan Cəfərov aktyorları özünə qorxuyla yox, sevgiylə tabe etdirirdi. Həddindən artıq sərt adamdı. Aktyorun fikirlərini, düşüncələrini hesaba almır. Belə deyək də pambıqla baş kəsən rejissorlardandı. Özünün aktyorlara sevdirdikdən sonra aktyor Elxan Cəfərovun qarşısında qula çevrilir. O, aktyordan aşağı dayanıb, ondan böyük görünən sənətkardı. O, aktyorunu sevən rejissordu. Öz üzərindəki adyalı aktyora verib, özü səhərə qədər donan bir insandı Elxan Cəfərov.

- "Dolu”nun ən təsirli hissələrindən biri də Pələngin ölümüdür. Maraqlıdı, rejissor həmin kadrı bitirib stop dedikdən sonra çəkiliş meydançasında ab-hava necə idi?

- Çəkiliş vaxtı təxminən beş yüz nəfər adam var idi. Əsgər və zabitlərimizin çoxu da döyüş keçmiş adamlar idilər. Filmin o kadrı həmin günü çəkilməməli idi. Çünki çəkilişlərdə çox yorulurduq. Filmdə yadınıza gəlirsə qaçış səhnələri var. Elxan Cəfərov məni günün altında o qədər qaçırtmışdı ki, hətta məni gün də vurmuşdu. Həm də yorğun idim. Nə isə, Elxan müəllim deyəndə ki, Pələngin ölüm səhnəsini çəkirik. Mən etiraz etdim. Çünki əvvəldən də demişdim ki, həmin kadra gümrah formada çəkilmək istəyirəm. Həm də həmin epizoda özümü bir-iki gün əvvəlcədən hazırlamaq istəyirdim. Sizə bir söz də deyim ki, epizodları qəfildən çəkmək Elxan müəllimin taktikası idi. Çünki o, deyirdi ki, aktyorun həmin anda oynadığı mənim üçün daha maraqlıdı.

Nə isə, Elxan müəllim deyən oldu. O, bizə həmin günü müəyyən vaxt verdi ki, hazırlaşaq.

Mən açığı insanlara elə də çox qaynayıb-qarışan adam deyiləm. Amma filmdə tərəf-müqabilim olan Pələng obrazının ifaçısı Elvin Əhmədov çox istəyirdim. Onu bir kiçik qardaşım, doğmam kimi görürdüm. Kadr çəkiləndə mən onu artıq kiçik qardaşım kimi təsəvvür etdim. Özümdən asılı olmayaraq qollarımın arasında can verənin Elvin yox, doğma qardaşım olduğunu hesab elədim. Elvin də öz rolunun öhdəsindən çox yaxşı gəlmişdi. Çəkiliş bitdikdən sonra orda olan beş yüz nəfərin hamısı ağladı. Hətta mənə ağlamamağı tapşıran rejissor belə ağladı. Çünki o, mənə tapşırmışdı ki, Drakonun göz yaşları görünməməlidi. Çox ağrılı, əzablı səhnəydi. Rejissor stop deyəndən sonra mən arxaya aşıb yıxıldım və hönkür-hönkür ağlamağa başladım. Sonralar da mənim səhhətimdə, ürəyimdə müəyyən problemlər yarandı. Bir müddət müalicə alıb yenidən çəkiliş meydançasına qayıtdım.

- İndi filmlə bağlı təkliflər alırsınızmı?

- Sözsüz ki, təkliflər var. Və taleyimi artıq kinoya bağlamışm. İstəyirəm ki, tamaşaçılar məni artıq rejissor kimi görsünlər. Bu il allah qoysa, Türkiyəyə rejissorluq sahəsi üzrə təhsil almağa gedəcəm. Hesab edirəm ki, məndən məmur olmaz. Həyatım kinoya bağlanıb.

Samirə Əşrəf