adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Avqust 2014 14:13
10591
MƏMLƏKƏT
A- A+

Dincəlmədən yorulmaq

Yay fəsli bitmək üzrədir.  Bu fəsil turizm həvəskarlarının ən çox sevdiyi fəsildir. Təbii ki, ilin başqa fəsillərində də səyahət etməyi sevənlər var, məsələn qış  turizmi heç də az sevilmir. Mən bu yazımda turizmə ümumi bir nəzər salmağa çalışacam. Yox,  yaradanın bizə verdiyi təbii imkanlardan yazmaq fikrim yoxdur. Hər kəs bilir ki, Azərbaycanın turizm üçün bütün təbii şəraiti var, biz süni əngəllər yaratmsaq ölkəmiz turizimdən neftdən əldə etdiyindən çox gəlir əldə edər. 

   Turizm nədir? Onun hansı növləri var? Zatən bunları  öyrənmək o qədər də çətin deyil, internetdə açar sözü, yəni "turizm nədir” yazıb axtarmaq kifayətdir. Mən sadəcə onu qeyd edim ki, turizm başqa yerləri görmək, istirahət, alış-veriş etmək və.s. məqsədlə olur. Siyahını uzatmaq, bura  müalicəni və.s. də daxil etmək mümkündür. Həm də turist tək ölkədən xaricə gedənlərə deyilmir, var daxili, var xarici turizm. Ölkəndən xaricə getdiyin zaman yaşadığın ölkənin burdan bir qazancı olmaz, sənin səyahətini təşkil edən turizm şirkətinin səndən qazandığı puldan ödədiyi vergi xaric. Əgər hər şeyi internet üzərindən etmisənsə o halda pullar getdi xaricə, necə deyərlər. Odur ki, bunda işimiz yoxdur.

Bu  yazımda daxili turizmdən və xaricdən Azərbaycana turist kimi gəlmək imkanlarından yazacam.   Bu başdan qeyd edim ki, əgər daxili turizmin inkişafına 100 ballıq qiymətləndirmədən yanaşsaq 10 – dan artıq qiymət vermək olmaz,  bu qiyməti isə əhalinin imkanlı təbəqəsi üçün yaradılmış şəraitə görə vermək mümkündür. Bəli, Azərbaycanda yaşamıram, ancaq təkcə sosial şəbəkələrdə yazılanlara nəzər salmaq, internetin xidmətlərindən istifadə edib Azərbaycandakı otellərin qiymətlərinə baxmaq bir nəticəyə gəlməyə kifayət edir. Demək olar ki, əksər otellər yüksək ulduzlu və təbii ki, baha qiymətədir. Bu, xüsusən regionlarda daha çox hiss olunur. Zatən daxili turizmin əsas yükü şəhərdə yaşayanların məzuniyyət vaxtlarında (işləri varsa) regionlara istirahətə gedənlərin üzərinə düşür. Bəlkə infrastrkuturda, məsələn yolların təmirində və.s. bir inkişaf var, buna sözüm yox. Ancaq  istirahət etmək istəyənlərin və buna az-çox imkanı olanların Azərbaycanın rayonlarını deyil, ən azından yaxın Türkiyəni və Gürcüstanı seçdiyini heç kimə sirr deyil. Hörmətli məmurlarımız bunun səbəblərindən də bilirlər, buna heç bir şübhəm yoxdur. Sadəcə onlara bir şey təəccüblü gələ bilər ki, bir gecəsi 80-100 manat olan oetellərə nə üçün baha deyilməlidir? Onlar da özlüyündə haqlıdırlar, çalışın bu qiymətlərə bir də onların gözündən baxın. İndi necə, sizə baha gəldimi? İnanmıram.  Yeri gəlmişkən aidiyyatı şəxslərə bir müraciət də ünvanlamaq istərdim: cənablar, ölkədə 2-3 ulduzlu, hətta 1 ulduzlu, hətta mən deyərdim ki, ulduzu belə olmayan otellərə də ehtiyac var. İnanın ki, ölkədə hər kəs zəngin deyil. Mümkünsə, obrazlı desək,  arada güzgü önündən çəkilib pəncərədən bayıra da baxın. 

   Bəs ölkəmizə turist kimi gələmək imkanları necədir? Yenə də statistik rəqəmlərlə  sizi yormaq fikrində deyiləm. Sabah qalxıb Azərbaycana gəlsəm mənu də turist kimi qeydiyyata alacaq və statistik rəqəmləri dəyişəcəklər. Baxmayaraq ki, mənim orda öz evim var, mən yenə də turist hesab olunacam. Mənim kimi də dünyanın müxtəlif ölkələrinə səpələnmiş on minlərlə soydaşımız, səhv etmirəmsə, hələlik Rusiya və Gürcüstan vətəndaşları xaric (əslində paradoksur, həm "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişiklikliyi, həm viza verilmə qaydalarını sərtləşdirməklərini əsasən Rusiya ilə, ordan gələ biləcək təhlükə ilə əlaqələndirirlər, ordan gəliş gedişə isə viza tələb olunmur). İnsaf naminə deyim ki, kimin ki, Azərbaycanın ümumvətəndaş pasportu varsa onun viza almasına ehtiyac yoxdur.  Şərtlər nə qədər zor olsa belə bizlər Azərbaycanda yaşayan doğmalarımızı, vətənimizi  görmək üçün viza alıb ora gələcəyik. Bəs bir əcnəbi ölkəmizə turist kimi gəlməsi üçün nə etməlidir? Yuxarida da qeyd etdiyim kimi ölkəmizdə otellər hədsiz dərəcədə bahadır və bu sıravi bir avropalının ora turist kimi gəlməməsi üçün əsas ola bilər. Hər kəsə məlumdur ki, avropalıların turist kimi getmələri üçün ölkə seçim imkanları genişdir. Deyək ki, bir niderlandlı 100 avro ödəməklə Parisə gedib qayıda bilər ki, bu qiymətə avtobusla Niderlandın müxtəlif şəhərlərindən Parisə gediş-gəliş, 2 gecə 3 gün oteldə qalma (təbii ki, ulduzunu aşağı otel),  səhər yeməyi və bir gün Parisdə avtobus turu daxildir.  Yaxud da 400-500 avro ödəməklə Türkiyədə 4-5* oteldə qalmaqla, hər şey daxil (o cümlədən yol pulu), istirahət edə bilərlər.  Təbii ki, heç bir viza problemi də yaşamadan. Baxaq  Azərbaycana turist kimi getməyin şərtlərinə. Ən ucuz otellərdə bir gecənin qiyməti bir adam üçün 80-100 manat arası dəyişir ki, qiymətə oteldə qalma və ən yaxşı halda səhər yeməyi daxil olur. Bir həftəlik oteldə qalmaq 800-1000 manat  gərəkdiyini hesablamaq o qədər də çətin deyil. Öncələr vizanı aeroportda almaq mümkün idisə, son illərdə bunun üçün Azərbaycan Respublikasının yaşadığın ölkədəki səfirliyinin konsulluq idarəsinə müraciət etmən gərəkdir. İlk vaxtlar bir həftəyə verilən viza üçün indi iki həftə vaxt tələb olunur.   Anlaşılan, bir gedib sənədləri vermək, bir də gedib almaq lazımdır (Niderland o qədər də böyük ölkə deyil, təsəvvür edin ki, böyük ölkələrdə bu nə qədər çətinlik yarada bilir). Təbii ki, viza üşün də dövlət rüsumu ödəmən gərəkdir ki, bu da 60 avrodur.  Bakıya gediş-gəliş təyyarə bileti isə aşağı-yuxarı 450-650 avro arasında dəyişir (bahalıları da var). Demək ki,  Azərbaycana turist kimi getmək istəyən biri (3* oteldə qalmaq şərti ilə) hardasa 1300-1500 (bura aeroprt-otel-aeroport transfer xərcləri, ekskursiya və.s. daxil deyil) avrosundan keçməlidir. Bura viza almaq üçün konsulluğumuza gedib gəlmək xərcini (bunun üçün bu istiqamətdə fəaliyyət göstərən müxtəlif şirkətlərin xidmətlərindən də istifadə etmək olar ki, buna görə də pul ödəmən lazım olduğunu  bilməmək sadəlöhvlük olardı) də daxil etsək, məbləg bir az da artır. Hələ viza almaq üçün sərf etdiyi vaxt itkisi, bir başa təyyarə reysinin olmaması və bunun üçün də hər istiqamətə bir gününü itirmən  ayrı mövzunun söhbətidir.  Bir də ki, tək bu olsa idi nə vardı? Yeni qanuna görə Azərbaycana gedən hər kəs uç gün müddətində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir, əks halda cərimə olunacaq. Doğrudur, bunu internet üzərindən  (www.migration.gov.az saytına daxil olaraq məlumat əldə edə bilərsiz)  də etmək olar. Ancaq dəyərmi? Turist kimdir? Yuxarıda da qeyd etdim ki, tərifini yazmayacam. Ancaq hamı bilir ki, turistlər əsasən dincəlmək istəyənlərdir. Bu başdan bu qədər yorularaq dincəlməyə getməyinə dəyərmi, hələ başqa  ölkələrdə  qat-qat ucuz və zəhlə tökən prosedurlar olmadan dincəlmək imkanı olduğu halda. Hər  bir ölkə turizmini inkişaf etdirmək üçün şərtləri sadələşdirdiyi halda  biz mürəkkəbləşdiririk. Bəhanəmiz isə həmişə var, təxribatlardan sığortalanmaq üçün, düşmənlərimiz çoxdur və.s. İndi siz deyin, siz azərbaycanlı olmasa idiniz, ora turist kimi gedərdinizmi?

 

Vüqar Abbasov. Niderland.

[email protected] 

 

P.S. Mən bu yazını uzada, müxtəlif faktlar da gətirə bilərdim. Uzun-uzadı vaxtınızı almaq istəmədim. Mənim turzim mövzusuna yanaşmam tək bir jurnalistin, bir vətəndaşın yanaşması deyil.  Təvazokarlıqdan kənar səslənsə belə mən bu yazını turizmi bilən, uzun müddət bu sahədə çalışmış və hətta turizm şirkətlərindən birinə rəhbərlik etmiş biri kimi yazdım.