adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

AVROPA RUSiYANI DƏSTƏKLƏYƏ BiLƏRMi?

54343 | 2007-08-24 05:12
Birləşmiş Ştatların Avropada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması planına qarşı çıxan Rusiya Avropanın aparıcı dövlətlərinin ona dəstək olacaqlarına ümid bəsləyir. Hələ ki, Qərbi Avropa Rusiyaya yox, ABŞ-a meylli olduğunu nümayiş etdirir. Buna baxmayaraq, Avropanın o qədər də üzdə olmayan dövlətlərində Avstriya Rusiyanın tərəfindən çıxış etməklə digər aparıcı dövlətlərə də bir növ mesaj göndərir.
   
   Avstriyanın müdafiə naziri Norbet Darabos ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılmasına qarşı çıxış etməklə Rusiyanı müdafiə etdiyini bəyan edib. O, ABŞ rəhbərliyinin bu addımlarını təxribat adlandıraraq bildirib: "Mən hesab edirəm ki, Avropada Amerikanın raket əleyhinə müdafiə sistemlərinin quraşdırılmasının heç bir əhəmiyyəti yoxdur. Bu, yalnız soyuq müharibənin qızışdırılmasına xidmət edə bilər".
   
   Norbet Darabos həmçinin, ABŞ-ın iddia etdiyi kimi guya bu sistemlərin Rusiyanın müdafiə sistemlərinə qarşı heç bir təhlükə törətmədiyini və yalnız Avropanı İrandan gələn təhlükədən qorumaq üçün yaradıldığı fikirləri ilə də razılaşmayaraq bildirir ki, "Şərqi Avropanı heç bir təhlükə gözləmir. Bu sadəcə Rusiya ilə yeni qarşıdurmanın qızışdırılmasına şərait yaradır. Ümumiyyətlə, əgər belə bir problem mövcuddursa, onun digər həlli variantlarını da tapmaq mümkündür.Elə düşünürəm ki, bu məsələ ilə əlaqədar Rusiya və ABŞ kompromis variantlar tapa bilərlər".
   
   Məlum olduğu kimi, bu günlərdə ABŞ və Çexiya arasında bu ölkənin ərazisində Birləşmiş Ştatların raket əleyhinə müdafiə sisteminə daxil olan radiolokasion stansiyanın quraşdırılması ilə əlaqədar danışıqlar aparılmalıdır. Bu barədə məlumat verən Çex hökumətinin RLS-in quraşdırılması planlarının həyata keçirilməsi üzrə məsul nümayəndəsi Tomaş Klvaniya məlumat verərək bildirib ki, bununla əlaqədar bir neçə aydır ki, texniki məsləhətləşmələr aparılır. Mart ayında başlanan rəsmi danışıqlar bu ilin axırınadək başa çatdırılmalıdır ki, razılaqdırılmış layihə 2008-ci ilin əvvəlində Çexiya parlamentinin müzakirəsinə çıxarılsın.
   
   Artıq Polşa və Çexiya ərazilərində RƏM sistemlərinin quraşdırılması planları ilə əlaqədar danışıqlarda müsbət nəticə əldə edən Buş administrasiyası bununla kifayətlənməyərək Avropada raket əleyhinə müdafiə sistemlərinin üçüncü səddinin quraşdırılması üzərində çalışır. Məlum olduğu kimi, Ağ Ev Konqresdən 2008-ci il büdcəsindən bu məqsədlərlə 310 milyon dollar vəsait ayrılmasını tələb edir. Ağ Ev həmçinin, Rusiyanın fikrini yayındırmaq üçün Avropadakı hərbi planlarının bu sahəsinə Rusiyanı da cəlb etməklə onu aldatmaq istəyir. Lakin ABŞ-ın Avropa niyyətlərini dərk edən Rusiya hakimiyyəti hələ ki onların bu təklifinə müsbət cavab vermirlər.
   
   Rusiyada boş dayanmaq fikrində deyil. ABŞ-ın yaratmaq istədiyi hava hücumundan müdafiə sistemlərini üstələyən "İsgəndər" raketlərini nümayiş etdirməklə Vaşinqtona göstərdilər ki, onların sistemləri Rusiyanın hərbi qüvvələri üçün o qədər də əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Yuri Baluyevski Çexiyanın müdafi nazirinin birinci müavini Martin Bartakla görüşlərində onları öz ərazilərində ABŞ-ın RƏM sistemlərinin quraşdırılması planlarını heç olmasa 2008-ci ilin oktyabr-noyabr aylarına qədər, yəni ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər dayandırmağa çağırıb. Buna baxmayaraq, əgər bu müddət ərzində bu sistemlər Çexiya ərazisində yerləşdirilərsə, bu ölkəyə qarşı hətta "hərbi xarakterli" cavab tədbirlərinin də görüləcəyini bildirməklə Baluyevski onları hədələyib.
   
   Rusiya Avropada, özü də Rusiyanın sərhədlərinə yaxın ərazilərdə ümumiyyətlə, hər hansı hərbi sistemlərin quraşdırılmasına dözməyəcəyini açıq-aşkar nümayiş etdirir. Nəzərə alsaq ki, bu gün Avropanın enerji təchizatının böyük hissəsi Rusiyadan asılıdır və Rusiya iqtisadi maraqlarını siyasi maraqları ilə əvəz etməyi hər zaman utanmadan bacarır, onda yaxın gələcəkdə Avropanın da istəmədikləri böhranla üzləşmək təhlükəsi ortaya çıxır. Bunu dərk edən Avropa dövlətləri yəqin ki, ona görə nisbətən zəif - Avstriya kimi dövlətlərin fikirlərini səsləndirir və gələcəkdə digər dövlətlərin də Avstriyaya qoşularaq Rusiyanı dəstəkləyəcəklərini gözləmək olar.
   
   
   
   

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV