adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Avqust 2014 13:30
5665
MƏMLƏKƏT
A- A+

Ebola ilə bağlı nazirliyə 4-5 müraciət olub

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı "qaynar xətt” yaradılıb. Təxminən 5 gün ərzində Bakıdan  4-5 müraciət olub.

 

Bu barədə Publika.az-a TƏS-nın direktor müavini  Şair Qurbanov məlumat verib.

 

Onun sözlərinə görə, müraciət edənlərdə xəstəlik əlamətləri müşahidə edilməyib:

"Müraciət edənlər yüksək temperatur olduğunu, özlərini halsız hiss etdiklərini deyirlər. Onlardan yaxın zamanda hansı xarici ölkədə və ya xarici ölkə vətəndaşı ilə ünsiyyətdə olub-olmamaları soruşulur. Heç bir ünsiyyət, səfər olmayıbsa, narahatlığa əsas olmadığı izah edilir. İnsanların bu qədər narahat olmasına səbəb məlumatlarının birtərəfli olmasıdır. Onlar məlumatı yalnız televiziyadan alır, xəstəliyin təhlükəli olduğunu eşidirlər, lakin yoluxma yolları barədə məlumatsız olurlar”.

 

Direktor müavini xəstəliyin ilkin əlamətlərinin yüksək temperatur, halsızlıq və ağır mərhələdə daxili qanaxma olduğunu dedi. 

 

Ş.Qurbanovun sözlərinə görə, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Zəng edən insanlara bunu başa salırlar: "Virusun Azərbaycanda yayılması üçün şərait yoxdur. Lakin yenə də maksimum diqqətli olmalı, səfərdən qayıdanlar, ölkəyə gələn vətəndaşlar nəzarətə götürülməlidir. Dövlət Sanitar Karantin Müfəttişliyi il ərzində bütün xəstəliklərlə bağlı nəzarəti həyata keçirilir. Ebola xüsusi təhlükəli xəstəlik olduğuna görə, daha diqqətli olmalıyıq. Afrika ölkələrindən gələnlər, eləcə də temperatur aşkarlanan əcnəbi şəxslərin yaşayacaqları ünvanlar qeydiyyata alınmalıdır, həmin ərazilərdəki poliklinikalarla əlaqə saxlanmalıdır. Eləcə də, həmin ölkələrdən gələn tələbələr 21 gün nəzarətdə olmalıdırlar. Hər gün səhər və axşam yerli poliklinika həkimləri tərəfindən temperaturu ölçülməlidir”.

 

Xatırladaq ki, Ebola virusu qərbi Afrika ölkələrində yayılıb. Xəstəliyin peyvəndi yoxdur.