adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2014 12:32
9785
MƏMLƏKƏT
A- A+

Fikrət Qoca - 79

Bu gün Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, müasir poeziyamızın ən görkəmli nümayəndələrindən biri olan Fikrət Qocanın doğum günüdür.  1956-cı ildən dövrü mətbuatda silsilə şeirləri, publisistik məqalələri dərc edilən Fikrət Qocanın əsərlərində vətən sevgisi, vətənpərvərlik hissləri, dialektik fəlsəfi düşüncələri mükəmməl əksini tapmışdır. 

F.Qoca dünyanın bir sıra ölkələrində səfərlərdə olmuş, həmin ölkələrdə gedən prosseslərə biganə qalmamış, onlar haqda poemalar yazmışdır Onun 1990-cı ildə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" poemalarında ölkəmizdə gedən azadlıq hərəkatından bəhs olunur. 

Yaradıcılığında tək poeziya ilə kifayətlənməyən F. Qocanın bir sıra nəsr əsərləri də vardır. Onun "Ölüm ayrılıq deyil"," Hələlik- qiyamətədək" povestləri də xalqın azadlıq mübarizəsinə həsr olunmuşdur. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, azadlıq hərəkatının geniş yer tutduğu 90-cı illərdəki yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. 

Fikrət Qoca 1995- ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

"Ədalət" qəzetinin kollektivi olaraq, dəyərli şairimizi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!




Sahib Əsədbəyli