adalet.az header logo
  • Bakı 16°C
25 Avqust 2014 11:12
15619
İDMAN
A- A+

Cüdoçularımızın dünya çempionatı perspektivləri - Təhlil

Bu gün Rusiyanın Çelyabinsk şəhərində cüdo üzrə növbəti dünya çempionatı start götürür. 140-dan çox ölkənin iştirak edəcəyi mundialda Azərbaycan yığma komandası da mübarizə aparacaq. 

Millimizin baş məşqçi Hacıağa Hacıəhmədov bu yarışda 6 cüdoçuya - Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımovaya (57 kq) yer verib. Braziliyada keçirilmiş ötənilki dünya çempionatında Azərbaycan yığması tarixinin ən böyük uğuruna imza ataraq, 1 qızıl, 1 bürünc medalla yekunda komanda hesabında yeddinci olmağı bacarmışdı. Xüsusən, Elxan Məmmədovun qızıl medalı Azərbaycan cüdosu tarixinə dünya çempionatlarında qazanılan ilk və hələlik yeganə baş mükafat olaraq düşüb. 

İndi isə idmançılarımızın nəticə perspektivlərini ayrılıqda xarakterizə edək;

İki dünya üçüncüsü bir arada

60 kiloqram çəki dərəcəsindəki təmsilçilərimiz Orxan Səfərov və İlqar Müşkiyev müxtəlif vaxtlarda çempionatın bürünc medalını qazanmış idmançılardır. Müşkiyev bu uğura 2011-ci ildə Fransada, Səfərov isə Braziliyadakı son dünya çempionatında nail olub. 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda yeniyetmələrin Avropa çempionatında qazandığı gümüş medalla ulduzu parlayan 23 yaşlı Müşkiyev bu il Fransanın Monpelye şəhərindəki Avropa çempionatında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Dünya və Avropa çempionatları mükafatçısının turnir öncəsi yüksək əhval- ruhiyyədə olduğunu söyləyə bilərik. Səfərovun da Tiflis qran-prisində qazandığı qalibiyyət bu yarış öncəsi ona əlavə stimul verir. İdmançılarımızın əsas rəqibləri isə yaponiyalı dünya çempionu Naoxisa Takato, gürcüstanlı Amiran Papinaşvili və yerli idmançı Beslan Mudranovdur. Hər iki idmançımızın eyni çəki dərəcəsində mübarizə apardığını, bu səbəbdən aralarında şəxsi rəqabətin də mövcud olduğunu nəzərə alsaq, Azərbaycan idman azarkeşləri üçün 60 kq-da olduqca maraqlı mübarizənin yaşanacağını söyləmək olar.

Nəticəyə ac Orucov

73 kq-dakı təmsilçimiz Rüstəm Orucov isə son vaxtlar elə də uğurlu çıxış etmir. 23 yaşlı cüdoçunun 2012-ci il London Yay Olimpiya Oyunlarından sonrakı turnirlərdə qazandığı ən yüksək nəticə bu il Türkiyənin Samsun şəhərində təşkil olunmuş Qran Pridə əldə etdiyi qalibiyyətdir. Hollandiyalı Deks Elmont, yaponiyalı Riki Nakaya və slovakiyalı Roks Draksiç kimi güclü tatami ustalarının mübarizə apardığı çəkidə Orucovun mükafatçılar sırasına düşəcəyi inandırıcı görünmür.

Əsas medal ümidlərimiz

Məşqçilər korpusunun ən çox ümid bəslədiyi 100 kiloqram çəkidə isə ölkəmizi kifayət qədər titullu idmançılar təmsil edir. Dünya və ikiqat Avropa çempionatı mükafatçısı, "World Master" turnirinin ikiqat qalibi, müxtəlif Qran-pri yarışlarının qalib və mükafatçısı, Azərbaycanın ilk və hələlik yeganə dünya çempionu Elxan Məmmədov yarışın reytinq favoritləri arasındadır. 32 yaşlı təcrübəli idmançımız üçün Çelyabinsk sınağı titulunu qorumaq baxımından böyük önəm kəsb edir. Azərbaycan cüdosunun hazırkı liderinin vəzifəsinin öhdəsindən lazımınca gələcəyi, ən azı mükafata layiq yer tutacağına ümidlər böyükdür. Onun komanda yoldaşı Elmar Qasımov da nəinki Azərbaycan, ümumilikdə dünya cüdo ictimaiyyəti üçün tanış simadır. 2009-cu ildə İrəvanda himnimizi səsləndirməklə 7-dən 77-yə hər kəsin sevimlisinə çevrilən 23 yaşlı cüdoçu böyüklər arasında keçirilən turnirlərdə də kifayət qədər nəticələr qazanıb. 2012-ci ildə Çelyabinskdəki Avropa çempionatında qazandığı bürünc medala bu il Monpelyedə gümüş əlavə edən Qasımovun medal kolleksiyasında dünya çempionatının mükafatı çatışmır. Avqust ayına olan reytinq cədvəlində 100 kq çəkili cüdoçular arasında dördüncü olan təmsilçimiz mükafata iddialıdır.

Yeganə zərifimiz

Ramilə Usubovanın karyerasını bitirməsindən sonra qadın yığmamızın beynəlxalq yarışlarda yeganə təmsilçisi olan Kifayət Qasımova üçün bu yarış sonuncü ola bilər. 31 yaşlı üçqat Avropa və Dünya mükafatçısı bu il çıxış etdiyi yarışlardan təkcə Tiflis Qran- prisində fərqlənib. Qonşu ölkədə üçüncü olmağı bacaran Qasımova karyerasını major notlarla bitirmək haqda düşünür. Baxmayaraq ki, rəqibləri yaponiyalı Anzu Yamamoto, almaniyalı Miryam Roper və rumın Karina Kaprioriu kimi kifayət qədər güclü tatami ustalarıdır, Qasımovanın təcrübəsi hesabına hər hansı nəticəyə nail olması istisna deyil.




Sahib Əsədbəyli