adalet.az header logo
  • Bakı 20°C
24 Avqust 2014 22:35
13250
İDMAN
A- A+

İdmançılarımızın ən yadda qalan sevinc və kədər anları - Sorğu

İdmançı karyerası təzadlı məqamlarla zəngindir. Beynəlxalq turnirlərdə, Dünya və Avropa çempionatlarında, Olimpiadalarda göstərdiyi nəticələrə nəzər salarkən, onların xatirələrində qalibiyyətin doğurduğu sevinc və məğlubiyyətin yaratdığı üzüntü ayrılmaz vəhdət təşkil edir. Kədər olmadan sevinci yaşamaq olmaz. İdmançıların özləri üçün də peşələri bütün acılı-şirinli xatirələri ilə gözəldir. Adalet.az saytı oxucular üçün maraqlı olacağını nəzərə alaraq, tanınmış idmançılar arasında sorğu keçirib, onların ən yadda qalan sevinc və kədər anlarını, bu haqda təəssüratlarını öyrənib.

Ağır atletika üzrə ikiqat dünya çempionu Nizami Paşayev: "Karyeramın ən yadda qalan sevinci 2002 və 2005-ci illərdə Dünya çempionatının qalibi adına yiyələndikdən sonra olub. Ən kədərli, indiyədək unutmadığım an isə Afina Olimpiadasında yaşadığım uğursuzluqdur"

Taekvando üzrə Dünya və Avropa çempionatlarının mükafatçısı Rəşad Əhmədov:  "Ən unudulmaz sevincim 2004-cü il Afina yay Olimpiya Oyunlarına vəsiqə qazandığımda olub. O vaxt bu mənim üçün çox böyük nailiyyət hesab olunurdu. Ən kədərli anım isə Afina olimpiadasının yarımfinalında hakimlərin haqsızlığı ucbatından türkiyəli idmançıya məğlub olmağımdır. Həmin görüşdən sonra hansı hissləri keçirdiyimi istər arenada, istərsə də televiziya qarşısında əyləşən bütün tamaşaçılar görmüşdü"

Güləş üzrə Olimpiya mükafatçısı Emin Əhmədov: "Ən yadda qalan xoş anım London yay Olimpiya Oyunlarında Belarus güləşçisini məğlub etdikdən sonra qazandığım bürünc mükafatın sevincidir. Bütün kədərli anlarım isə qələbə qazandığımda unudur. Məncə bu hər idmançıda belədir"

Güləş üzrə dünya və avropa çempionu Həsən Əliyev: "Ən unudulmaz sevinc anını 2010-cu ildə Moskvada keçirilən Dünya çempionatının qalibi olanda yaşamışam. Çətin mübarizədən qalib ayrılıb, arenada bayrağımızla fəxri dövrə vurmağımı heç zaman unutmaram. Ən kədərli anı isə son Avropa çempionatında hakimlərin aşkar ədalətsizliyi ucbatından rus rəqibimə- Adam Kuraka məğlub olduqdan sonra yaşamışam"

Sahib Əsədbəyli